Za derjavu obidno
Bizi izləyin

Xüsusi

Za derjavu obidno

Cümə günləri hərdən köhnə dostlarla çay süfrəsinə yığışırıq. Əksəri keçmiş BDU məzunlarıdır deyə, adətən, görüşlərimiz Elmlər Akademiyası metrostansiyası həndəvərində olur. O civarlarda çoxsaylı dövlət qurumları yerləşdiyindən, işdən çıxıb ictimai nəqliyyata tələsənlər arasında həmişə xüsusi məmur mundiri geyinmiş xanımlar uzaqdan seçilirlər. Mundir daşıdıqları üçün iftixar keçirdiyi hiss olunan gənc qadınları görmək köksümüzü qabardacaq mənzərədir. Axı bura Azərbaycandır. Bəli, Şərqin flaqmanı olan ölkədir, amma Şərqdir. Burda qızların orta təhsil alması üçün ziyalıların apardığı mübarizənin ilk bəhrə verməsinin tarixi cəmi bir əsrdir. Və bir əsrə bu nəticə! Hər il 8 mart ərəfəsi Ailə Komitəsi müəllim, həkim və məmurların ümumi sayında qadınların nisbətini əks etdirən statistikanı açıqlayanda bu nəticələri digər Şərq ölkələri ilə müqayisə edib Bakıda, İrəvanda, Gəncədə nisvan məktəbləri açmış münəvvərlərimizə, ilk milli burjuaziya nümayəndələrimizə dönə-dönə rəhmət diləyirəm.

Uzunmüddətli fasilədən sonra 2 ay əvvəl də yenə çay süfrəsinə yığışmışdıq. İş gününün sonu olduğundan küçələrdə, ictimai nəqliyyatda Bakıya xas ənənəvi izdiham vardı. Amma izdihamda o mundirli xanımlar, sanki gözəgörünməz olmuşdular. Müşahidəmi bölüşdüm, səbəbini izah etdilər. Demə, bəlli videoqalmaqallardan sonra gənc məmur xanımlar yersiz atmacalara ünvan olmamaq üçün onları kütlədən fərqləndirməyəcək geyimlərə üstünlük verirmişlər. Buna bizim-kişilərin üzülməli, ya utanmalı olduğumuzu bilmirəm.

Bu günlər qalmaqal qəhrəmanının məhkəməsi səbəbindən o videolar yenidən yada salınır, üstəlik, hansısa xınayaxdı mərasimindən belə kompromat kimi istifadə edənlər tapılır. Nədir axı, məqsəd? Hansısa qurum, hansısa qrup, ya hansısa iri fiqur? Allah xatirinə, ədavətinizi hədəfə aldıqlarınızla aparın. Yan hədəflərlə, hədəfdən məqsədli çovmalarla minlərlə, on minlərlə məmuru, xüsusən qadın məmurları ləkələməyin. Hazır işlək mexanizmlərə pəl vurub iflic etməyin. Belə ifliclərdən üzünüz şəppə vurmuş haldadır, özünüzdən xəbəriniz yoxdur.

Uzaq sovet illərində “Səhranın bəyaz günəşi” filminin qəhrəmanı Pavel Veraşagin obrazının- keçmiş çar Rusiyasının Türküstanda ilişib qalmış məmurunun “inqilab”la hakimiyyətə gəlmiş “qırmızılara” təmənnasız köməyini əks etdirən səhnələr mənə ssenariyə çox yersiz əlavə, sonralar isə həm də rus şovinizminin təzahürü kimi görünmüşdü. İndi o obrazı anlayıram və onun qanadlı frazaya çevrilmiş “Za derjavu obidno” ifadəsi daha mənə boğazdan yuxarı, gəlişigözəl sözlər kimi gəlmir. Bu, öz dövlətini sevən, amma böyük potensialı olan xalqın qurduğu dövlətin naşıların cari macəraları, düşük kampaniyaları səbəbindən girinc vəziyyətə düşməsini, keçmiş təbəələrin kurbaşıya (quldurbaşı) çevrilməsini görən vətənpərvərin ağrılarının ifadəsidir. Bəlkə ifrat, bir az şovinist üslubda olsa da.

..Gənc xanımlara gəlincə, utanmalı olan siz deyilsiniz. Qoy kabinetdə üçrəngli müqəddəs bayrağın altında oturub xüsusi cadu, ağ -qara magiya ayinləri icra edənlər utansınlar! Çarebojniklər utansınlar! Milyonları məngirləyənlər utansınlar! Başqalarının məhrəminə burun soxub iyləyə bildiklərindən kompromat düzəldənlər utansınlar! Siz başınızı dik tutun! Elm-maarif ziyasını yaymaq üçün iki əsrlik mübarizənin ən gözəl bəhərləri, ən böyük milli sərvət sizsiniz! Başlarının üzərindən dövlət başçısının portretini, dillərindən onun insan kapitalı haqda fikirlərini əskik etməyənlər bir gün o sözlərin havaya atılmaq üçün deyilmədiyini, etdikləri ilə dedikləri arasında böyük uçurumun acısını da anlayacaqlar. Hələ ki, çirkli suyla bərabər ləyəndəki paltarları da, körpələri də eyvandan aşağı vızıldatmaqda davam edirlər. Hərçənd, su çox zaman heç çirkli də olmur...

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm