Xüsusi
“Əqrəb mövsümü” və “Körpü”nün məşhur aktrisası tam fərqli obrazda - Doğma anam da məni tanımadı
“Körpü” serialının ilk bölümündən Reji obrazı ilə böyük maraq oyadan aktrisa Mila Bəyovanı biz daha sonra Emil Quliyevin “Əqrəb mövsümü”ndə də gördük. Sənət aləminə gec gəlsə də, aktrisa peşəsinə çox dərin məhəbbətlə bağlı olduğunu bildirib.
Publika.az aktrisa ilə müsahibəni təqdim edir.
- Başlayaq ənənəvi suallardan. Mila xanım, sənətə maraq necə yarandı?
- Şablon səslənəcək, amma bu sənətə maraq məndə uşaqlıqdan var idi. Aktrisalığa marağımı ilk dəfə anam hiss etdi və məni məktəbdə dərnəyə yazdırdı. Dərnəkdə qurulan kiçik tamaşalarda oynadığım balaca obrazlar çox sevilirdi. Dərnəkdə səhnəyə çıxan ən balaca uşaq mən idim. Bilmirəm buna görə çox sevilirdim, yoxsa obrazımı həqiqətən də doğru çatdırırdım.
- Ailəniz aktrisa olmaq qərarınızı necə qarşıladı?
- Çox normal və rahat. Dərnəklərdən artıq bəlli idi, bu sənətə olan hədsiz sevgimi anam görürdü. Odur ki, seçimimə hörmətlə yanaşdı və dəstəklədi. 1999-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino fakültəsinə qəbul oldum, 2003-cü ildə isə magistraturaya daxil oldum.
- Doğrudur ki, sənət qadınlardan daha çox qurban tələb edir?
- Razıyam, amma məndə tam tərsi oldu. Ailə qurdum və iki diplomumu qurban verdim. Sonra anladım ki, çox böyük səhv etmişəm. Bir insan yaşadığı və ya işlədiyi yerdə gözü saatda deyilsə, demək ki, olduğu yerdən və gördüyü işdən zövq alır. Fərqi yoxdur, qadın və ya kişi, həyatda hər bir insan bəzən özü də bilmədən kimisə və ya nəyisə qurban verir. Bu, hər birimizin həyatında baş verir. Özümüzlə üzləşməyi bacarsaq, qəlbimizin dərinliklərində görərik ki, hamımız kimi və nələrisə qurban vermişik.
- Mila xanım, “Əqrəb mövsümü”ndə oynayan bütün aktyorların məşhurluğu daha da artdı. Siz həyatınızda nəyin dəyişdiyini hiss etdiniz?
- Radikal bir dəyişlik olmayıb, hər şey əvvəlki kimidir. Serialda canlandırdığım Bahar obrazı mənfi olsa da, tamaşaçıların onu bu dərəcədə sevəcəyini və qəbul olunacağını gözləmirdim, sevənlərim artdı. Düşünürdüm ki, məni yıxıb-sürüyəcəklər. Mənfi rol olduğu üçün tamaşaçını qıcıqlandıracaq. Və tam əksi oldu, tanımadığım insanlardan ünvanıma xoş mesajlar alıram. Estetik qəbul olundum, bu məni çox sevindirdi, ruh verdi, özgüvən qazandırdı. Deməli, tamaşaçılar dərk edir ki, bu sadə bir obrazdır, müəllifin yazdığı bir ssenaridir. Odur ki, tamaşaçılarıma minnətdaram.
- Mila xanım, “Əqrəb mövsümü”ndə öpüş səhnələri də müzakirələrə səbəb oldu. Bu mövzuda siz nə düşünürsünüz?
- Məyus oldum, halbuki orda çox ağır kadrlar var idi. Bunu müzakərə edənlər hər işdə neqativ axtarıb tapmağa çalışan insanlardır. Layihədə morq səhnələri və Qurbanın gənclik səhvi insanın ruh halına daha ağır təsir göstərir. Niyə müzakirələr bu səhnələr üzərində olmur?.. Niyə hər kəs öz səhvlərini düşünərək bir dərs çıxarmır? Öpüş səhnələrini müzakirə edən insanlara məsləhət görərdim ki, seriala bir də baxsınlar, çünki rejissorun və ssenaristin ötürmək istədiyi mesaj başqadır.
Öpüş və xəyanət isə kinoda həmişə olub və olacaq. Hollivud filmlərində normal qarşılanırsa, biz də qəbul etməyi və təbii qarşılamağı öyrənməliyik.
- Ölkənin ən istedadlı rejissorları arasında Emil Quliyevin adı birinci çəkilir. İş prosesində necə insandır?
- Emil Quliyevin çəkdiyi filmlər göz qabağındadır, imzası və dəsti-xətti ilə dərhal seçilir. Çəkdiyi filmlərin hər biri artdır, özü də sənətsəl adamdır. Onun xəttini, özünü və xarakterini ona görə sevirəm ki, aktyor və aktrisaya sərbəstlik verir, bizi qətiyyən sıxmır. Təbiilik onun üçün hər şeydən öndə gəlir. Rejissor var ki, bir sözə görə, çəkilişə "stop" deyir, nəzərə almır ki, aktyor mətni unutsa da, öz sözləri ilə vəziyyətdən çıxmağa çalışır. Təbii ki, Emilin də öz "stopları" olur, amma baxır harda və nədə. Aktyorun içindəki duyğunu çıxara, onu lazım olan vəziyyətə gətirə bilir. Ona görə də Emilin işləri sevilir.
Həm “Əqrəb mövsümü”, həm də “Körpü” seriallarında Emillə işləmişəm. Onun aktyorlarla kobud danışığını görmədim, rahat adamdır. Etiraf edirəm ki, bəzən səsini qaldırırdı, amma sırf texniki məsələlərlə bağlı olurdu. Hər kəslə sərhəd saxlayır və gözəl dil tapa bilirdi.
Yeri gəlmişkən, efirə birinci “Körpü” çıxsa da, əvvəlcə “Əqrəb mövsümü” lentə alınıb, sonra “Körpü” serialının çəkilişləri başladı. Emillə ilk dəfə “Əqrəb mövsümü”nün çəkilişlərində tanış olduq. Çəkiliş meydançasında idik, motor deyilməsinə 5 dəqiqə qalmış dedi ki, mətni unudun. Ssenarini əlinə alıb bir neçə düzəliş etdi. Həyəcan keçirsəm də, mətn axıcı və təbii alındı. Onda gördüm ki, Emil öz işini bilir. Nəticəsi göz önündədir.
- Sizcə, bu layihədə çatışmayan nə var idi?
- 9-cu seriyaya qədər hər şey yerindədir, 9-dan sonra mən çatmırdım, Baharı öldürdülər (Gülürük). Tamaşaçılar da yazır ki, niyə sona qədər olmadınız.
- Ümumiyyətlə, oynadığınız mənfi rollar həyatınıza necə təsir edir?
- Bu, mənim ilk mənfi rolum idi. “Körpü”də müsbət bir obrazdayam.
“Pərdə 2”də qadın, ərinin dostu ilə ona xəyanət edir, “Əqrəb mövsümündə” isə Baharın öz qudası ilə həyat yoldaşını aldatdığını görürük. Təəssüflər olsun ki, ssenarist və rejissor xəyanət səhnələrini həyatdan götürüblər. Necə ki, həkimin əməliyyatdan sonra iş saatı bitir, aktyorlar da çəkilişlərdən sonra öz həyatlarına qayıdırlar. Həkim evə gələndən sonra kimisə əməliyyat edib iş prosesinə davam etmir ki. Eləcə də oynadığımız rollar bizim kimliyimizlə və həyatımızla əlaqəli deyil.
- Sosial media hesabınızda paylaşdığınız postlardan ümidsizliyə qapılmış qadın obrazı oxunur. Nədi sizi depresssiyaya salan?
- Depressiyada deyiləm, həssaslığımdan irəli gələ bilər. Həm də Əkizlər bürcüyəm, əhvalım tez-tez dəyişir, odur ki, məndə bu, normal haldır.
Münasibət qurduğumuz insanların dostluğundan zaman-zaman nəticə çıxarırıq. Davam, yoxsa tamam?! Dostluqdan kimisə kəsib atmaq mənim üçün ən üzücü hal olur. Kiminləsə dostluğumu bitirməyə qərar verirəmsə, pərişan oluram. O insanı həyatımdan kəsib atdıqdan sonra da bir başqa hala düşürəm. Özümü toparlamaq zaman alır. Postlarımda bunun da təsiri ola bilər, qalan hər şey qaydasındadır. Elə problemlər eşidirsən ki, öz həyatımız bir kənarda qalır, öz-özünə deyirsən ki, betərin-betəri də var imiş... Hər günüm üçün şükür edərək yaşayıram.
- Bu gün estetik əməliyyat və kosmetoloji müdaxilələr xanımlar arasında çox məşhurlaşıb. Xüsusilə mədəniyyət sahəsində çalışanlar buna daha çox qaçır. Sizdə üz cizgilərinin təbiiliyini qoruyan bir xanım görürük.
- Mənə görə hər yaşın öz gözəlliyi var, xüsusilə bizim sahədə təbii qalmaq önəmlidir. Xanımların xətrinə dəymək istəmirəm, amma estetik əməliyyat etdirənlərin çoxu bir-birinə bənzəyir, qəbul edə bilmirəm. Kamera təbiiliyi sevir, gözəl olmaq məcburiyyətində deyilik. Biz model yox, aktrisayıq. Çəkiliş meydançası gözəllik müsabiqəsi deyil. Üzdəki botoks və dolğular bir çoxuna imkan vermir ki, lazım olan mimika və jestləri simasında ifadə edə bilsinlər.
Kosmetoloqum xasiyyətimi və işimə olan sevgimi bilir, vaxtlı-vaxtında dərimə qulluq edir, təmizləyir, nəmləndirir və vitaminlər tətbiq edir. Hər halımla doğal olmağa çalışıram. Təbiiliyə o qədər bağlıyam ki, dırnaq qaynağı da etdirmirəm.
Üzünü dartdırmayan, dodaqlarını böyütməyən, təbii gözəlliyini qoruyan aktrisalarımız da kifayət qədərdir, onlara baxanda adamın ürəyi açılır. Onun fikri-zikri yalnız ssenaridə, canlandırdığı obrazdadır.
- Canlandırmaq istədiyiniz rol var?
- Beynimdə belə bir qəhrəman yoxdur. Amma tarixi filmləri, o ab-havanı və o dövrün kostyumlarını çox sevirəm. Ümumiyyətlə, kostyumların xarakterə uyğun olmasına çox ciddi fikir verirəm. Bu, bəzən mənə çox kömək edir, məni obrazın vəziyyətinə gətirir.
Özümü tapa bilmədiyim ssenarilərə "yox" demişəm, nə qədər əlləşsəm də, görmüşəm ki, mənlik deyil. Çəkilmək xətrinə oynamaq istəmirəm. Həm də universiteti bitirdikdən sonra uzun müddət işləmədim, fasilə verməli oldum.
- Yeri gəlmişkən, Mila xanım, geri dönüşünüz necə oldu?
- Cavid Təvəkkülün “Kür Nəğmə” serialı ilk rolum oldu. 9-cu seriyadan Ləman obrazı ilə layihəyə daxil oldum. Daha sonra Azər Aydəmirin “O kafe” adlı qısametrajlı filmində Ceyran rolunu oynadım.
Sonra Emil Quliyevdən iki təklif gəldi, onların hər birinə ürəyimi qoydum. Hətta “Körpü”də Reji obrazının təsirli alınması üçün kilo aldım. “Əqrəb mövsümü”ndən “Körpü”yə heç nə gətirə bilməzdim. Hesab edirəm ki, heç bir aktyorun ixtiyarı yoxdur ki, bir obrazı hər yerdə istifadə etsin. Bəzən görürəm ki, aktyorlar eyni planda davam edirlər, tamaşaçı bir gün yorulur və artıq maraqsız olur. “Körpü”nün tizeri çıxanda dərhal anama göndərdim, baxıb dedi ki, Mila haradasan, səni görmədim. Doğma anam belə məni tizerdə tanımamışdı. Odur ki, belə gözəl işlərdən sonra daha seçici olmağa qərar verdim. Mənlikdirsə, can-başla üzərində işləməyə başlayıram, əvvəlki rollarımdan fərqlənməli və tam başqa bir formatda olmalıdır.
Aytən Məftun
Foto: Elnur Muxtar
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...