Filosof Müşfiq Ötgün: "Bütün bunlar Hacı Şahinin ruhunu çox cazibəli edirdi"
Bizi izləyin

Xüsusi

Filosof Müşfiq Ötgün: "Bütün bunlar Hacı Şahinin ruhunu çox cazibəli edirdi"

Filosof Müşfiq Ötgün bir neçə gün əvvəl dünyasını dəyişən ilahiyyatçı Hacı Şahinin cəmiyyətdəki rolu və qoyduğu iz barədə danışıb. Filosof eyni zamanda onun dinə yanaşması və insanlara təsirinə dair Publika.az-ın suallarına aydınlıq gətirib.

- Müşfiq bəy, tanınmış ilahiyyatçı Hacı Şahinin ölümü yüz minlərlə insanı üzdü. Dəfninə də böyük bir insan seli axdı. Hələ də gecə-gündüz insanlar onun məzarını ziyarət edirlər. Onu tanıyanlar, haqqında çox xoş sözlər deyirlər. Bir filosof kimi, həm də onu tanımayan birinin gözündən bütün bunlar necə görünür?

- Şəxsən tanımasam da, Hacı Şahini qiyabi tanımamaq mümkün deyildi. Bəzən nəqliyyatda, küçədə insanların onun moizələrini dinlədiyinin şahidi olurdum. Sosial şəbəkələrdə də tez-tez qarşımıza çıxır onun videoları. Onun nitqlərinin gözəlliyi bəsirətinə əsaslanırdı. O bildiyi şeylərdən deyil, gördüyü şeylərdən danışırdı. Bu, bir filosof yanaşmasıdır. Görmək və danışmaq. Dərindəkini, mahiyyətdəkini görmək. Ona görə də onun yorumlarının, Quran şərhlərinin özünəməxsus dadı və məzmunu vardı. Bir də heç bir mollada bu zamana qədər rast gəlmədiyimiz geniş müasir savad vardı Hacıda. Təhlillərinə müasir ədəbiyyat, mədəniyyət və fəlsəfə dəlilləri də sirayət edirdi. Bütün bunlar onun ruhunu çox cazibəli edirdi. İnsanlara həqiqətən təsirli sözlər söyləyə bilirdi. Təkrarsız fenomen idi. Odur ki, insanların qəlbləri hələ də bu böyük itki ilə barışa bilmir. Ayrıla bilmirlər Hacıdan. Məzarına da eyni səbəbdən gedirlər. Zaman lazımdır.

- Azərbaycan dövləti və xalqı üçün Hacı Şahin necə bir insan idi?

- Şahin birləşdirici bir insan idi. Ağzından heç zaman təriqət ayrılığı yaradacaq sözlər çıxmazdı. Çox ehtiyatlı və həlim yanaşması vardı. Hətta ona mübahisəli mövzularla bağlı suallar verəndə olduqca ehtiyatla, həqiqətə zərər vermədən, eyni zamanda insanları da yaralamayacaq bir mövqe sərgiləyə bilirdi ki, bu da onun cəmiyyət və dövlət üçün yetkin bir şəxsiyyət kimi formalaşdığının göstəricisi idi.

- Dini nöqteyi nəzərdən Hacı Şahini özünü din yolunda fəda edən şəhid hesab etmək olarmı?

- Alimlərlə şəhidlərin müqayisəsi islamda da var. Bütün şərq fəlsəfi sistemlərində də. Konfutsi də onları bərabər görürdü. Əsgər vətəni təmsil edirsə, alim həqiqəti təmsil edir. Hər ikisini təmsil etmək, qorumaq olduqca çətin vəzifədir. İnsandan fədakarlıq tələb edir. Hacı Şahin əsl alim həyatı yaşadı. Maddiyyat yaradan elm var, bir də var mənəviyyat yaradan elm. Birincisi maşın və texnologiyalar istehsal edirsə, ikincisi - şəxsiyyətlər yaradır. Hacı mənəviyyat elminin alimi idi. Sədaqətin, dürüstlüyün, insanlığın, inamın, ədalətin yollarını, sirlərini bilirdi. İnsanlar da bu üzdən doymurdular onun elm saçan işıqlı moizələrindən.

- Aydındır ki, o, dini təbliğ edirdi. Sizcə, müasir dövrdə dinin bu qədər təbliğ olunmasına ehtiyacı var idimi?

- Bilirsiniz, bəzi insanlar elmi, ədəbiyyatı, sənəti dinə qarşı qoymağa çalışırlar. Bu yanlış yanaşma maarifçilikdən gəlir. İnsanların ruhani ehtiyacları ödənməlidir. 70 illik ateist sovet cəmiyyətində belə insanlar dini unutmadılar. İnsan rasionlallığa sığmayacaq qədər böyük varlıqdır. Onun irrasional, mistik dünya ilə də əlaqəsinə olan tələbatı da ödənməlidir. Bir də ki, elm "dünya necədir" sualına cavab verir. "Dünya nə üçündür? Həyat nə üçündür? Mənası nədir bu mövcudluğun?" kimi suallara elm cavab vermir. Bununla fəlsəfə məşgul olur. Şərq fəlsəfəsi də həmişə dini fəlsəfə olub. Hardasa şərq təfəkkürünün mayası bundan yoğrulub. Şərqdə aristotelizmi sevmədilər. Rasional təfəkkür sevilmədi buralarda. Buradakılar muğam sevərlər və ruhani fəlsəfə sevərlər.

Bu tələbatlar boş qala bilməz. Boşluğu həqiqətlə doldurmasan, yerini yalan və çirk dolduracaq. O üzdən həqiqi dini dəyərlərin təbliğinə ehtiyac böyükdür. Din xadimlərinin hərtərəfli hazırlıq alması vacibdir. Onların elmi, fəlsəfi, mədəni hazırlığı yüksəldilməlidir. Hacı Şahin məhz belə bir örnək idi bizim dindarlara.

- Müşfiq bəy, sonda sizin dəyərli tövsiyənizi eşitmək istərdim. Özümüzə, dövlətimizə və cəmiyyətimizə faydalı və lazımlı bir insan olmaq üçün nə etməliyik?
- Yaxşı dediniz, faydalı olmaq. İndiki fərdiyyatçılıq gənclərə hedonizm və eqoizm aşılayır. Özü üçün yaşamaq. Öz karyerasına odaklanmış insanlar yetişdirir bu fəlsəfə. İnsan isə ancaq ailəsinə, ətrafına, xalqına, dövlətinə xidmət edirsə, faydalı olursa, əsl insan kimi böyümüş olur. Konfutsi bu barədə tez-tez danışırdı. Ailəyə, cəmiyyətə və dövlətə yararlı olmaq insanın sağlam şəxsiyyət kimi formalaşmasını təmin edir. Ümumi məsləhət vermək çox çətindir. Amma şəxsiyyət kimi böyümək istəyən insanlar hökmən elmi savadla yanaşı, mənəvi savadlarının alınmasının qayğısına qalmalıdırlar. Mənəviyyatlı olmaq üçün çox elmli olmaq lazımdır.

Konfutsi öyrədirdi: “Əgər birisi müdrikliyi həzzdən üstün sayırsa, tam olaraq valideynlərinin qayğısında durursa, hökmdar xidmətində özünü fəda etməyə hazırdırsa, dostları ilə ünsiyyətdə səmimidirsə, beləsi barədə desələr də ki, o, elmsizdir, mən onu alim adlandıraram”. "Təsadüfən elmli olmaq mümkün olmadığı kimi, təsadüfən mənəviyyatlı olmaq olmaz" deməkdir bu. Öyrənmək lazımdır. Ədəbiyyat və sənət bu halda üllustrativ mövqe tutur, fəlsəfə - mənəviyyata girişdir. Mənəviyyatın məktəbləri isə dinlərdədir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm