Məşhur vizajist makiyaj trendlərindən danışdı: "Daha günə 5-10 gəlin bəzəmirik"
Bizi izləyin

Xüsusi

Məşhur vizajist makiyaj trendlərindən danışdı: "Daha günə 5-10 gəlin bəzəmirik"

Tanınmış makiyaj artisti Nigar İbrahimova yaz aylarında yumşaq və təbii makiyajların dəbdə olacağını deyib. Mütəxəssis həm də xanımların makiyajda yol verdiyi əsas səhvlərdən söz açıb.

Publika.az vizajistlə müsahibəni təqdim edir.

- Nigar xanım, makiyaj trendlərinin moda tendensiyaları kimi, sürətlə dəyişməsinə münasibətiniz bilmək istərdim. Bu, sizi yorur?

- Əsla yormur, çünki moda tendensiyaları dəyişsə də, hər üsluba uyğun makiyaj növləri var. Makiyaj trendlərində isə inqilabi bir dəyişiklik baş verməyib, zərifliyə və minimalizmə üstünlük verilir. Bu da bizi yora bilməz. Ümumiyyətlə, peşəkarlar üçün makiyajda yorulmaq yoxdur.

- Doğrudur ki, makiyaj və saç ustaları Azərbaycanda ən gəlirli sahələr arasında ilk yerlərdə dayanır?

- Mən deyərdim ki, dayanırdı. Pandemiyadan bu yana gözəllik salonlarına tələbat əvvəlki kimi deyil. Əvvəllər daha çox tələbat var idi. Zamanla daşlar yerinə oturur.

Gözəllik salonlarında işin fərqi odur ki, 30 gün maaş gözləmirsən. Əgər gündəlik işin varsa, gəlirli sahə sayılır. Amma böyük rəqəmlər və öncəki gəlirlər yoxdur. Daha günə 5-10 gəlin bəzəmirik. Bu tələbatları pandemiyadan bu yana itirmişik.

- Xanımları yaşlı göstərən makiyaj xətaları haqqında nə deyə bilərsiniz?

- Bu, peşəkar makiyaj sənəti ilə məşğul olan ustaların ən yaralı yeridir. Yaşlı göstərən əsas xəta haylayterin (aydınlatıcı) ümumi üzə icra olunmasıdır. Parıltılı effekt yaratmaq istəyirlər, amma əksinə çirkli bir görüntü yaranır. Haylayteri 3D makiyajı ilə qarışdırırlar. Haylayter həm də burun çəpərindəki əyriliyi önə çıxardır.

Gündəlik makiyajda BB kremlərdən istifadə etmirlər, tonal krem düzgüm seçilmir. Bu zaman xanımın olan-olmayan mimik qırışları da üzə çıxır. Bu mimik qırışlar alın nahiyəsində göz ətrafında, burun kənarında daha qabarıq şəkildə önə çıxır. Bu da ən böyük qüsurdu. Makiyaj xanımın yaşını gəncləşdirmirsə, bu, ciddi xətadır.

Eyni zamanda həddən artıq uzun kirpiklərdən istifadə estetik görünmür. Gözün qarasını bağlayır, qadının da gözəlliyi gözünün ağının iri görünməyindədir.

- Ulduzların etimadını necə qazanırsınız?

- Hər sənətçinin özünün individual yanaşması və zövqü var. Sənət nümayəndələri ilə çalışarkən həm onların zövqünü, həm də istifadə edilən məhsulların keyfiyyətinə diqqət edirik. Çalışırıq ki, uyğun və yaraşan makiyaj edək.

Bütünlüklə obrazını nəzərə alırıq, elə sənətçilər var ki, tünd qələm və çəhrayı ənlikdən istifadə etməyi sevmir. Bu zaman onların yanaşmasına üstünlük verməliyik ki, mümkün qədər onları razı salaq.

Əlbəttə gülünc vəziyyətə salmaq olmaz. İstər getdiyi məkan, istər konsert zalında, istər klip çəkilişlərində, istərsə də hər hansı çıxışı və ya arxivinə çevriləcək isyətənilən çəkiliş müğənniyə səs və gözəllik gətirməlidir. Baxanlar deməməlidir ki, "Ay nə günə qoyublar". Beləliklə, o tanınmış sənətçinin sayəsində müştəri qazanırsan. Məqsəd odur ki, ulduzu ulduzluq səviyyəsindən daha çox yuxarı qaldıraq. Doğru tərəfdən yanaşanda etimadınızı istədiyimiz kimi qazanırıq.

- Hansı məşhurla işləməyi sevirsiniz?

- Ümumiyyətlə, mənə müraciət edən müğənnillərin hər bir ilə çalışmağı sevirəm. Eyni zamanda makiyaj anlayışı olan sənətçiləri bəzəmək mənə daha rahatdır. Zövqlü insanlarla işləmək həm də sevindiricidir. Aygün Kazımova, Sevda Ələkbərzadə, Nazpəri Dostəliyeva, Lalə Məmmədova, Səidə Sultan və İradə İbrahimova ilə işləmək xüsusilə keyflidir.

- Bəs hansı məşhurla işbirliyiniz uğursuz alınıb?

- Hələ elə bir sənətçi olmayıb ki, onunla işbirliyiniz uğursuz alınsın. Təkəbbür kimi çıxmasın, planlı və proqramlı şəkildə çalışıram. Müğənninin hansı stilist və dizaynerlə işlədiyini bilirəm. Makiyaj məhsullarını belə öncədən tanış olduğum geyimə, aksessuarlara və saça uyğun seçirəm. Odur ki, problem olmur. Hələ olmayıb ki, makiyajımı silim və yenidən edim.

- Bəs işinizə mane olmağa və kölgə salmağa çalışan olub?

- Bəlkə də işimə mane etmək istəyənlər olub, amma xəbərim olmayıb. Özgüvənim çox olduğu üçün heç vaxt özümə rəqib saydığım makiyaj sənətçisi görməmişəm və rəqib haqqında düşünməmişəm. Hər zaman öz üzərimdə çalışmışam və 1500-dən çox peşəkar yetişdirmişəm. Yetişdirəndə bilirdim ki, onlardan bir çoxu öz dəsti-xətti olan makiyaj ustaları olacaq. O tələbələr mənə necə mane ola bilər? Peşəkarlar isə mənim dostlarımdır.

- Yaz artıq qapımızdadır. İstərdim ki, yaz makiyajının trendlərindən danışaq. Bu yaz nələr dəbdə olacaq?

- Yaz makiyajı dəriyə canlılıq gətirməlidir. Əsasən çəhrayı ənlik, dəriyə islaq və sağlam görüntü verən makiyajlar aktualdır. Yanaqda qızartı elə olmalıdır ki, sanki hamamdan yeni çıxmısımız. Bir sözlə, təbiilik yenə ön plandadır.

70 və 90-cı illərin makiyajları keçən ilki kimi, bu il də öz aktuallığını qoruyub saxlayacaq. Gecə makiyajlarında isə duman effekti dəbdədir. Lakin qeyd etməliyəm ki, duman effekti ətli göz qapaqlarına yaraşır. Həmçinin bu il 3D effekti verən tuşdan bol-bol istifadə etməyə icazə verilir.

İslaq makiyaj effekti əldə etmək üçün dərinin nəm balansı da normal olmalıdır.

Yaz aylarında BB kremlərindən istifadə etməyi tövsiyə edirəm. Ağır tonal kremləri bir tond tünd bronz kremlə qarışdırmağı və onu suyla nəmləndirilmiş lateks süngərlə çəkməyi məsləhət görürəm.

Axşam makiyajında daş-qaşlı zərlər də istifadə etmək olar.

Nəmləndirici və qidalandırıcı dodaq balzamları, pomadaları bir qədər kölgədə qoyacaq. Balam dodaqları həm nəmli, həm həcmli, də sağlam göstərəcək.

- İstədiyimiz nəticəni əldə etmək üçün makiyaj məhsulları alarkən nələrə diqqət etməliyik?

- Kosmetik çantamızda çox gözəl tonal krem və keyfiyyətli tuş olmalıdır. Aldığımız məhsulların istifadə tarixinə baxmağı da unutmamalıyıq. Tonal kremləri günəş şüalarından da qorumaq lazımdır ki, reaksiya getməsin. Məsələn, gözü və saçı qara olan xanımlar qızılı, qəhvəyi və şabalıdı tonlardan istifadə edir. Bu, onlara yaraşmayacaq və yaşlı görünəcək. Odur ki, kosmetik məhsul alış-verişi individual yanaşma tələb edir.

Dəri və saç rəngi də rol oynayır. Aldığımız məhsullar həm dəri, həm də gözün iç rənginə uyğun seçilməlidir.

Qarayanız xanımların bir kompleksi var. Buruq saçlı xanımla düz modeli sevdiyi kimi, qarayanız xanımlar da çox açıq tonal kremlərdən istifadə edirlər ki, nəticədə unun içinə batmış kimi bir görüntü verir.

- Dərinin gözəl görünməsi üçün əlavə nə tövsiyə edə bilərsiniz?

- Yaş artdıqca insanın üzü dəyişir. Hər bir yaşın da xarakterik xüsusiyyətləri yaranır. Daha çatmalı qaş görüntüsü əldə etmək üçün tük effektli qələmlərdən yararlanmaq olar. Lakin nöqtələri üzdəki dəyişikliyə uyğun və doğru şəkildə vurğulamaq lazımdır. Ən əsası qış mövsümündə dəri quruyur, bədənin nəm balansı azalır. Yaz və yay aylarında bol nəmləndirici çəkdikdən sonra makiyaj etmək məqsədəuyğundur. Bu da çox önəmlidir. Həm üzü təravətləndirməliyik, hm də tonal kremlər dəriyə yaxşı hopmalıdır ki, təbii effekt versin, dəri onu "qusmasın".

Skrablar isə qan dövranını yaxşılaşdırmağa və ölmüş dəri hüceyrələrini təmizləməyə kömək edəcək. Məsamələr varsa, sıxlaşdırıcı toniklərdən istifadə etmək, qara nöqtələr varsa, onları da vaxtlı-vaxtında təmizləmək lazımdır. Dəridə sızanaq problemi olan xanımlara tərkibində efir yağı olan tonal kremlərdən yox, dermatoloji və sink tərkibli məhsullardan istifadə etməyi tövsiyə edirəm. Bu, sızanaqların çoxalmasını qarşısını alacaq. Əlbəttə ki, paralel olaraq xüsusi müalicələr və xüsusi qulluq edilməlidir. Ev şəraitində maskalar hazırlamağa tənbəllik etməyin. Bəzən sızanaqlı xanımlar elə ağır tonal kremlərdən istifadə edirlər və düşünürlər ki, üzündəki problemi örtdü. Halbuki problemlərinin çoxalma səbəbi üzünə vurduğu səhv tonal kremlərdir. Onları aradan qaldırmaq isə həm zaman tələb edir, həm də məsrəfdir, həm də üzü zədələnmiş oluruq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm