Molla rejiminin Azərbaycanda törətdiyi qanlı terrorlar: Alim, yazıçı, ekstrasens...
Bizi izləyin

Xüsusi

Molla rejiminin Azərbaycanda törətdiyi qanlı terrorlar: Alim, yazıçı, ekstrasens...

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya qarşı silahlı hücumun terror olduğunu rəsmi şəkildə elan edib. Hələlik terrorun təşkilatçısının kimlər olduğu və hansı ölkə tərəfindən törədildiyi sual olaraq qalsa da, izlər İranı göstərir. Fazil Mustafaya məhz avtomat silahla hücum edilməsinin təsadüf olmadığı bildirilir. Qeyd olunur ki, avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. İddialar arasında İsraildə səfirliyimizin binasının açılması məsələsi də var. Sosial şəbəkələrdə hücumun arxasında İranın durduğu iddiası səslənməkdədir.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı son olaraq bildirib: “Hələ konkret nəsə yoxdur. Hadisəni törədənlərin kimliyinin müəyyən edilməsi və axtarışı davam edir. Hansısa tutarlı məlumat olarsa, bununla bağlı açıqlama veriləcək”.

Dövlət Təhlükəsizliyi Xidməti də Fazil Mustafanın güllələnməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

İctimaiyyət arasında F.Mustafanın güllələnməsində Ziya Bünyadovda olduğu kimi İran amilinin rol oynadığı iddiası dolaşır. Lakin hələ ki, sui-qəsdin səbəbi bilinmir. Şübhə etmirik ki, hüquq-mühafizə orqanları gerçəkləri tezliklə üzə çıxaracaqlar. İranın “din düşməni” elan etdiyi Fazil Mustafaya edilən hücumun arxasında bu ölkənin olması ilə bağlı səsləndirilən iddialar tarixən molla rejiminin Azərbaycanın dövlət xadimlərinə, diplomatlarına qarşı həyata keçirdiyi sui-qəsd və teraktlarla bağlıdır. İran bu cür terror əməllərini təkcə uzaq keçmişdə deyil, həm də Tehrandakı səfirliyimizə edilən xain hücumun timsalında ən yaxın tarixdə həyata keçirib. Həmçinin İranın Azərbaycana ixrac etdiyi xürafata qarşı çıxanlardan olan Fazil Mustafa zaman-zaman sosial şəbəkələrdə iranmeylli şəxslər tərəfindən təhqirlərə, hətta təhdidlərə məruz qalıb. Bu hücumların “Hüseyniyyun” terror qruplaşması vasitəsilə edildiyi də məlumdur. Həmin qruplar dəfələrlə öz paylaşımlarında deputata xəbərdarlıq ediblər.

İranın, müxtəlif xarici dövlətlərin rəhbərlərinə, diplomatik nümayəndələrə qarşı terror hadisələri törətdiyi hər kəsə bəllidir. Bu gün də bu rəzil siyasət davam etdirilir. Qonşu dövlətin terror xislətinin acısını Azərbaycan da çəkib. Azərbaycan dövləti və xalqı islam pərdəsi altında gizlənən riyakar İrandan hər zaman gözləmədiyi zərbəni alıb.

Publika.az İranın terror qruplaşmaları tərəfindən sui-qəsdə məruz qalan bir neçə məşhur azərbaycanlı ilə bağlı məlumatı təqdim edir:

Akademik Ziya Bünyadovun qətli

Azərbaycanın şərqşünas alimi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadov 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da evinə gələrkən bıçaq və odlu silahla qətlə yetirilib. Ziya Bünyadov qətl ediləndə 75 yaşı olub.

Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmışdı. Aparılan istintaq işinin nəticəsinə görə “Hizbullah” və “Ceyşullah” təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdi. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdü.

Ziya Bünyadovu qətlə yetirən dəstə barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 21 fevral 2001-ci il tarixli hökm çıxarıb. Hökmə görə, dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər. Yığıncaqda Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, “Nəsrullah” adlı şəxs iştirak edib və akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarlaşdırılıb. Qətlin həyata keçirilməsi planı qurulub, dəstə üzvlərinin hər birinin rolu öz aralarında bölüşdürülüb. Yığıncaqda akademikin İran müşteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vurğulanıb. Bildirilib ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib. Hökmdə bildirilib ki, Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşları kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində İslam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar. 1993-cü ildən 2000-ci ilin oktyabrınadək orada iştirak ediblər. 21 fevral 1997-ci il saat 16 radələrində dəstə 2 qrupa ayrılıb. Tapança-pulemyotla silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsilə 2-ci qrupa məlumat verib. Nizami Nağıyev bıçaqla, Qalib Babayev isə tapança ilə silahlanıb Mahir Zeynalovla birlikdə avtomaşınla akademik Ziya Bünyadovun yaşadığı binanın yaxınlığında növbəti zəngi gözləyiblər.

Axşamüstü saat 6 radələrində Tariyel Ramazanov akademik Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat verib. O, kənar şəxslər barədə işarə vermək məqsədilə avtomaşında qalıb, Qalib Babayev binanın tinində, Nizami Nağıyev isə 3-cü girişin qarşısında mövqe tutub. Akademik Ziya Bünyadovun mənzilinə tək getməsi barədə Qalib Babayevin işarəsindən sonra Nizami Nağıyev binanın 3-cü girişinə daxil olaraq gözləyib. 1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Ziya Bünyadovun arxa tərəfinə keçib və onun sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə 5 dəfə ardıcıl zərbə vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Akademikin həyatına son qoyan hər iki şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıblar.

Akademikin qətlinin təşkilatçısı olan Tariyel Ramazan oğlu Ramazanov hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birlik və ya silahlı qruplaşma yaratma, həmin qruplaşmalara rəhbərlik etmə, həmçinin, ağır cinayətlər törədən mütəşəkkil dəstə rəhbərlərinin birliyini yaratma) maddəsi ilə axtarılır. Məlumata görə, onun himayə edilməsi və Azərbaycana təhvil verilməsinin qarşısının alınması İranın ali dini liderinin birbaşa göstərişi ilə həyata keçirilib. Məhz buna görə də Azərbaycan hüquq-mühafizə orqanları 26 ildir T.Ramazanovun məsuliyyətə cəlb edilməsini təmin edə bilmir.

Yazıçı Rafiq Tağının qətli

Azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib.

Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun oğurluq motivli olduğuna inanmadığını, “İran və Qloballaşma qaçınılmazlığı” məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdi. Bu məqalədə Rafiq Tağı İranı və bu ölkədə hökm sürən dəyərləri çox sərt şəkildə tənqid etmişdi.

Yazıçının 2006-cı ildə Sənət qəzetində çıxan “Avropa və biz” məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fitvası vermişdi, Azərbaycanda isə onu islamçılar hədələmişdir. Rafiq Tağı bu məqaləyə görə üç il müddətinə azadlıqdan məhrum edildi, lakin məhbəsdə cəmi səkkiz ay keçirdi. O, daha dörd jurnalist ilə birlikdə prezident tərəfindən əfv olundu. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətullah Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində “İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını” yazmışdı.

Ekstrasens Etibar Erkinin iki oğlu ilə birlikdə qətli

Azərbaycanda Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı, ekstrasens Etibar Erkin (Məmmədəliyev) 1999-cu il yanvarın 14- iki oğlu ilə birgə Bayıl qəsəbəsində yerləşən evində qətlə yetirilib. Qətlin “Ceyşullah” radikal dini qruplaşma tərəfindən törədildiyi elan olunub. E.Erkinin qətlinin əsas səbəbi də məhz onun görücülük qabiliyyəti və güclü parapsixoloq olması ilə bağlı idi.

O zaman belə məlumatlar var idi ki, Etibar Erkini öldürən “Ceyşullah” dini təşkilatının üzvü ekstrasensi guya şeytani əməllərlə məşğul olduğu üçün öldürdüyünü elan edib. Həbs edilən dini qruplaşmanın 14 nəfər üzvləri sensasion açıqlamalar verib. Onlar ekstrasensi və oğlanlarını dizi üstə, əli bağlı saxlayaraq onlara “əmri” oxuduqdan sonra öldürüblər. Hazırda Azərbaycan həbsxanalarında “Ceyşullah”ın üzvü olan xeyli məhbusun cəza çəkdiyi bildirilir.

“Ceyşullah” terror təşkilatının adı Azərbaycanda səs-küylü cinayət işlərində keçib. Bu təşkilat bəzi mənbələrə görə 1987-ci ildə, bəzilərində isə 1992-1995-ci illər arasında yaradılıb. Dəqiq olan tək fakt isə onun Türkiyə ərazisində yaranmasıyla əlaqədardır. “Ceyşullah” sözü dilimizə tərcümədə “Allahın ordusu” deməkdir və bu terror təşkilatı sələfilərə aid edilir. “Ceyşullah”ın əsas məqsədi müxtəlif idarələrə, xüsusən iqtidar nümayəndələrinə qarşı sui-qəsdlər təşkil edərək onlar vasitəsi ilə ölkədə xaos yaratmaqdır.

2018-ci ildə törədilən Gəncə terroru

2018-ci ilin iyulun 3-də saat 20:30-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib. Cinayəti törətmiş 1983-cü il təvəllüdlü Yunis Səfərov dərhal saxlanılıb və hadisə yerində olan polis əməkdaşları tərəfindən tərk-silah edilib. 10 iyulda isə Gəncədə 150-200 nəfərdən ibarət olan qrup tərəfindən təşkil edilmiş qarışıqlıq zamanı iki polis zabiti - Gəncə Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Gəncənin Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov öldürülüblər. Sonrakı günlərdə aparılan operativ-istintaq tədbirləri ilə bu cinayətləri törədənlər həbs olunub.

Daha sonra işdə İran izinin olması haqda məlumatlar yayıldı. Bildirildi ki, terakt İrandan Azərbaycana qarşı əsas hücumları həyata keçirən “Hüseyniyyun” terror qruplaşması vasitəsilə törədilib. Gəncədə İranın radikal dini dairələrinə bağlı olan “Hüseyniyyun” qruplaşmasının həyata keçirdiyi terror aktı Azərbaycan dövlətinə qarşı sui-qəsd planı idi və hədəfdə “Gəncə keçidi”nin qarşısını almaqdan tutmuş, ölkənin stabilliyinin pozulmasına, hətta parçalanmasına qədər gedib çıxacaq oyunların gerçəkləşdirilməsi var idi.

Elmar Vəliyevə atəş açan Yunis Səfərovun başındakı papaq, 2008-ci ildə Suriya ərazisində sui-qəsd nəticəsində öldürülmüş, “Hizbullah”ın silahlı qanadının komandanı İmad Muğniyənin mediaya sızan nadir fotolarından birində başına qoyduğu papaqla eynidir. Bu papaq hizbullahçıların səhra geyimidir və Yunisin bu papaqla fotosu məhz onun bu qrupda olduğunu göstərməyə xidmət edib. “Hizbullah”ı İranın maddi və hərbi baxımdan dəstəklədiyi də hər kəsə bəllidir.

Daha bir diqqətçəkən məqam o idi ki, Azərbaycanın 2-ci ən böyük şəhərində 1 həftə fərqlə törədilən qanlı terror aktlarını digər ölkələrin səfirlikləri pisləyən açıqlamalar versələr də, ölkəmizdəki İran səfirliyi susqunluq nümayiş etdirib.

Teraktdan bir müddət sonra “Hüseyniyyun” terror qruplaşmasına məxsus sosial şəbəkə hesablarında və səhifələrində Gəncə terrorunun əsas personajı olan Yunis Səfərovun “qəhrəmanlaşdırılması” istiqamətində təbliğat aparıldı, onun Suriya döyüşlərində iştirakını əks etdirən kadrlar nümayiş etdirildi və “xalq qəhrəmanı” elan edildi.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum

“Kalaşnikov” avtomatı ilə silahlanmış terrorçu Yasin Hüseynzadə 27 yanvar 2023-cü il tarixində, səhər saatlarında Tehranda ölkəmizin səfirliyinin binasına hücum edərək diplomatik xidmət əməkdaşlarını atəşə tutdu. Bu xain əməl nəticəsində səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu. Səfirliyin bir neçə əməkdaşı isə yaralandı. Bu hadisə dünya ölkələrinin böyük hiddət və qəzəbinə səbəb oldu.

İran dövləti ilk rəsmi açıqlamalardan bunun ailə-məişət zəminində baş verdiyini iddia etsə də, hadisənin terror əməli olduğu və qabaqcadan planlaşdırılaraq həyata keçirildiyi göz önündə idi.

İran dövləti diplomatlar üçün həmişə təhdid mənbəyi olub. İranda tarixən heç bir səfirliyin, diplomatik nümayəndəliyin, eləcə də əcnəbi vətəndaşların toxunulmazlığına zəmanət olmayıb və bu gün də yoxdur.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm