İtaliyada yaşayan azərbaycanlı dizayner: “Bizim xanımlar lazım olandan da baxımlıdırlar” - FOTO
Bizi izləyin

Xüsusi

İtaliyada yaşayan azərbaycanlı dizayner: “Bizim xanımlar lazım olandan da baxımlıdırlar” - FOTO

İnstaqramda paylaşdığı videolarıyla son günlər böyük diqqət toplayan azərbaycanlı dizayner və bloger Günay Həsənova makiyaj sirlərindən danışıb. 9 ildir İtaliyada yaşayan həmyerlimiz həyatını artıq Romada qurduğunu bildirib. Türkiyənin və xarici film ulduzlarının yüzlərlə, hətta kişi aktyorların da müxtəlif obrazlarını yaradan bloger italyan xanımlardan almalı olduğumuz nümunəvi xüsusiyyətlərindən də söz açıb.

Publika.az Günay Həsənova ilə müsahibəni təqdim edir.

- Günay xanım, əvvəlcə sizi yaxından tanıyaq.

- Günay Həsənova, 28 yaşındayam, 9 ilə yaxındır ki, İtaliyada yaşayıram. Bura Azərbaycanın xaricdə təhsil üzrə təqaüd proqramını qazanaraq gəlmişəm. Geyim dizayneri ixtisası üzrə təhsil almışam. Təhsilimi başa vurduqdan sonra Romada qalmağa qərar verdim. Hazırda İtaliyada freelancer geyim dizayneri çalışıram. Müəyyən dövrlərdə müxtəlif layihələr hazırlayıram. Son zamanlarda işləri azaltmışam, çünki makiyaj və qrim bloqu işlədirəm və vaxtımı daha çox sosial media hesabımın inkişaf etdirilməsinə sərf edirəm.

- Bəs Azərbaycana qayıtmağı düşünürsünüz?

- Azərbaycana həmişəlik köçməyi düşünmürəm, çünki həyatımı və işimi artıq burda qurmuşam. Amma iş baxımından Azərbaycanla bağlı bir çox planlarım var.

- Sosial mediada bloq açmağa nə zaman qərar verdiniz?

- 2013-cü ildən bəri bloqumu aktiv şəkildə istifadə etməyi planlayırdım, bir çox yutuberi izləyirdim, əslində yutubda videolar paylaşmağı düşünürdüm. Lakin heç cürə alınmırdı, hər bir işi mükəmməl görmək istəyirdim. Xaraktercə maksimalist insanam, amma bu, böyük bir səhv idi. O illərdə başlasaydım, indi instaqram hesabım daha populyar olardı.

Nəhayət ki, 2018-ci ildə yutubda kanal açdım, amma istədiyim nəticəni ala bilmədiyim üçün yarımçıq qoymalı oldum. 2021-ci ilin sonlarında qərar verdim ki, İnstaqramda və TikTokda makiyaj videoları paylaşım. O vaxtdan bəri aktivliyimi qorumağa və izləyicilər üçün maraqlı videolar çəkməyə çalışıram.

- Qrim sayəsində tanınmış sənətçilərin obrazını yaradırsınız. Hansısa ulduzun reaksiyasını almısınız?

- Türkiyənin bəzi məşhur aktrisaları öz reaksiyalarını bildiriblər. Zerrin Tekindor, Aslı Tandoğan, Özge Ulusoy, həmçinin məşhur influenser Danla Bilic mesaj yazıb fikir bildiriblər. Hətta onlardan bəziləri məni izləyir.

- Hər hansı bir obrazı yaratmaq üçün əvvəlcə məşq edirsiniz?

- Düzünü desəm, əvvəlcədən məşq etmirəm, yaratdığım iki, ya üç obraz var ki, ilk dəfədən istədiyim alınmayıb. Odur ki, ikinci dəfə yenidən cəh etməli oldum. Əgər alınan nəticəni bəyənmirəmsə, başqa bir gün ikinci dəfə edirəm.

- Peşəkar makiyaj və ya qrim ustası olmaq üçün bu işin təhsilini almaq vacibdir?

- Makiyaj təhsili almaq, əslində vacib şərt deyil, bu sahədə peşəkarlaşmış influenserlərdən və ya make up artistlərin timsalında bunu görə bilərik. Praktika və təcrübə ən önəmlisidir. Bu işin yaxşılarından ola bilmək istəyirsənsə, çox məşq etməlisən. Ümumiyyətlə vizajist olmaq iddiam yoxdur, heç vaxt deməmişəm ki, mən makiyaj ustasıyam.

- Maraqlıdır ki, başqalaşmaq ehtiyacı nədən yarandı?

- Belə bir ehtiyac hiss etdiyim yadıma gəlmir. Bəzən İnstaqramda da “Niyə başqası olmaq istəyirsən” deyə rəy yazırlar. Bu məsələni tamamilə səhv başa düşürlər. Obraz yaratmaq bir sənətdir, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində oxumuşam, rəsm dərsləri almışam. Mənim üçün bu, portret çəkməklə eynidir. Tək fərq odur ki, kağız üzərində işləmirəm, kətan kimi üzümü istifadə edirəm. Bu, bir ehtiyac yox, sənətdir və bunu etmək mənə həqiqətən zövq verir.

- Azərbaycanlı xanımlar nadir hallarda evdən makiyajsız çıxır. İtaliyada vəziyyət necədir?

- Azərbaycanlı xanımlar daha baxımlıdır, italyan qadınlar elə deyil. Hətta deyərdim, bizim xanımlar lazım olandan da artıq baxımlıdılar. Toy üçün vizajist yanına gedəndə bizdə üstünlük əsasən ərəb stilində ağır makiyajlara verilir. İtalyan qadınlarında belə makiyajlar görməzsən. Azərbaycanda yüngül və təbii makiyaj anlayışları o qədər də populyar deyil.

- Sizcə, İtalyan xanımlardan nəyi örnək almalıyıq?

- Ən birinci onu nümunə götürməliyik ki, öz ayaqları üzərində dururlar, öz karyeralarını qurmağa can atır və özlərini inkişaf etdirməyə çalışırlar, öz sözlərini deməyə çəkinmirlər, öz güclərinə inanırlar, həm də azad və müstəqildilər. Bu, sadəcə italyanlardan deyil, bütün Avropa xanımlarından almalı olduğumuz örnəkdir.

- Makiyaj məhsullarından bu qədər istifadə etmək dərinizi korlamır? Zərəri minimuma endirmək üçün nə edirsiniz?

- Korlamır. Belə izah edim, işgüzar bir xanım səhər işə gedəndə makiyaj edir və axşama qədər bu makiyajda qalır. Oxşar vəziyyət mənim üçün də keçərlidir. Fərq ondadır ki, videoda makiyaj məhsullarından çox istifadə etdiyim üçün gözə də çox batır. Halbuki, videonu çəkib bitirdikdən sonra o makiyajı dərhal silirəm və dərimi dərindən təmizləyirəm.

Zərəri azaltmaq istəyirsinizsə, dərini hər gün dərindən yaxşıca təmizləyin, makiyaj etsəniz də, etməsəniz də. Təmizlədikdən sonra mütləq nəmləndirici krem və günəşdən qoruyucu vasitələr çəkin. Bu üç addım dəri baxımı üçün çox vacibdir. Bunu bütün dermatoloqlar da deyirlər. Dərimə çox yaxşı qulluq edirəm.

- Makiyajın mükəmməl olması üçün xanımlara nə tövsiyə edərdiniz?

- Təbii ki, ilk növbədə üzü yaxşı hazırlamaq lazımdır. Üzümüzü necə hazırlamışıqsa, makiyaj da elə alınacaq. Əgər səhər yuxudan duranda üzünüzü üz geli ilə yuyub sonra yaxşıca nəmləndirib və serum istifadə etmisinizsə, makiyaj dəridə yaxşı oturacaq. Makiyajdan əvvəlki prosedurlara laqeyd yanaşmayın, serumlar da bu işdə çox kömək edir.

- Makiyaja marağı olan xanımlar onlara çox pul xərcləyir. Sizdə vəziyyət necədir?

- Kosmetik məhsullara mən də çox pul xərcləyirəm, çünki bu, mənim işimdir, məcburam. Təbii ki, dekorativ məhsullar almağa özüm də maraqlıyam. Təzə çıxan məhsulları sınaqdan keçirmək və onların keyfiyyəti barədə insanlara məlumat vermək artıq işimə çevrilib.

Yüngül və klassik makiyajı sevən xanımlar isə bu məhsullara mənim kimi çox pul xərcləmək məcburiyyətində deyillər. Bazarda kifayət qədər məhsul var ki, qiymət münasib olsa da, keyfiyyət yaxşıdır. Həmişə deyirəm ki, brendin adına yox, məhsulun özünə diqqət etmək lazımdır.

- İdeal yaz makiyajı necə olmalıdır?

- Mənim zövqümə qalsa, yüngül, təbii və təravətli olmalıdır. Təbii görünməsinə diqqət edin. Çəhrayı ənliklər indi çox dəbdədir, həm də üzü daha canlı göstərirlər. Mənə görə, ideal yaz makiyajında göz kölgəsi ilə xəfif çəkilmiş oxlar, dodaq parladıcısı, həmçinin parlaq dəri və cüzi haylayter olmalıdır.

View this post on Instagram

A post shared by Gunay Hasanova

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm