Mütəxəssislərdən həyəcan təbili - Bu yolla arıqlamaq sonsuzluq yaradır!
Bizi izləyin

Xüsusi

Mütəxəssislərdən həyəcan təbili - Bu yolla arıqlamaq sonsuzluq yaradır!

Bədən tərbiyəsi ilə məşğul olmayan və düzgün qidalanmayan insanlar arzuolunan çəkiyə sahib olmaq üçün möcüzəvi üsullar axtarmağa meyllidirlər. Son illərin ən məşhur arıqlama yollarından biri kimi akupunktur göstərilir. Akupunktur metal iynələr vasitəsilə insan orqanizminin bioloji aktiv nöqtələrinə təsir edilməklə aparılan müalicə metodudur. İddia olunur ki, çəki itirmək üçün ən vacib akupunktura nöqtəsi qulaq nahiyəsindədir. Qulaqda insan vücudundakı bütün orqanları xəbərdar edən nöqtələr var. Bundan əlavə qulaqla beyin arasındakı məsafə də qısa olduğundan qulaqdakı akupunktur nöqtələr daha çox effektivdir.

Akupunktur nədir?

Akupunktur müxtəlif klinik xəstəliklərin müalicəsi üçün ənənəvi tibdə geniş istifadə olunan unikal Çin üsuludur. Bu, insan orqanizmindəki xüsusi zonalara - bioloji aktiv mərkəzlərə xüsusi iynələrin daxil edilməsinə əsaslanır. Belə nöqtələrin stimullaşdırılması sistemlərə və orqanlara təsir etməyə imkan verir. Prosedur üçün həkimlər 0,3-0,45 mm diametrli tibbi poladdan hazırlanmış ən incə iynələrdən istifadə edirlər. Yerləşdirmə yeri və dərinliyi insanın anatomik xüsusiyyətlərindən və problemin növündən asılıdır. Bir seans 15-40 dəqiqə davam edir və bir mütəxəssisin nəzarəti altında keçirilir.

Ümumilikdə xarici qulaqda 5 akupunktur nöqtəsi olduğu deyilir. Bunlar stress azaltma, aclıq (iştaha nəzarət), endokrin (qaraciyər və metabolizm), dalaq (həzm) və mədə nöqtələridir. Arıqlamaq məqsədilə edilən akupunktur qulaqdakı aclıq nöqtəsinə tətbiq olunur. İynə xarici qulaqda 2 mm dərinliyə batırılır. Bir həftə sonra iynə dəyişdirilərək proses təkrarlanır. Seanslar 8 həftəyə qədər davam edə bilər. Tətbiq edilən bu iynələr vasitəsi ilə metobolizma sürətlənir, yemək istəyi azalır, beyindəki aclıq mərkəzi təsir altına alınır və stress aradan qaldırılır. Akupunktur müalicəsi ilə 8 həftədə təxminən 8-10 kilo arıqlamaq mümkündür. İstənilən çəkini alana qədər müəyyən fasilələrlə seanslar davam etdirilə bilər. Çəkini qorumaq üçün isə ildə 2-3 dəfə müayinədən keçmək məsləhət görülür.

Nikbinlik ən yaxşı dərmandır

20 ildir akupunkturla məşğul olan çinli həkim Van Qani xarici mediaya verdiyi müsahibəsində qeyd edib ki, bu üsulla birdən-birə arıqlamaq mümkün deyil:

"Çinlilər ənənəvi olaraq fərqli bir rejimə riayət edirlər: səhər çox, günortadan sonra orta, axşam isə az yeyirlər. Otuz il əvvəl köklükdən əziyyət çəkən insanların sayı az idi, lakin həyatın müasir ritmində qarışıq ənənələr var. Bu problem çinlilər üçün də getdikcə pisləşir.

Xəstə bir orqanın bərpası ilə əlaqəli bütün prosedurlardan keçməlidir. Onların sayı orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Bu prosedurları hər gün edirsinizsə, 2-3 ay səbirli olmağınız lazım ola bilər. Bu növ akupunkturun optimal nəticələr əldə etməsi üçün onu yüngül bir pəhriz ilə birləşdirmək tövsiyə olunur, spirt, nişastalı və yüksək kalorili qidaların istifadəsi də məhdudlaşdırılmalıdır.

Biz akupunkturdan yalnız arıqlamaq üçün istifadə etmirik. Birincisi, bir insanın niyə kökəldiyini tapmaq lazımdır. Ənənəvi Çin təbabəti artıq çəkini dalaq və mədənin zəifliyi ilə əlaqələndirir. Bu orqanlar normal vəziyyətə gətirildikdə problem aradan qalxır.

İynə batırmadan sonra iştaha, hətta arta bilər, çox nadir hallarda iştaha birdən-birə yox olur. Mütəxəssis yaxşı nəticə əldə etmək üçün xəstə ilə tandemdə çalışmalıdır: həkim müəyyən məqamlar üzərində hərəkət edərək orqanizmdə lazımi proseslərə başlayır, normala qayıtmaq istəyənlər isə həddindən artıq yemədən daha az yağlı qidalar yeyərək özlərinə nəzarət edirlər. İdmanla məşğul olmaq da tövsiyə olunur. Əgər belə bir münasibət yoxdursa, müalicəyə boşuna pul xərcləməməlisiniz”.

Mütəxəssis bildirib ki, yaxşı effekt əldə etmək üçün elektroakupunkturdan istifadə olunur, iynələr xüsusi qurğuya qoşulur.

“Nəticədə impulslu cərəyanın zəif gücü bioloji aktiv nöqtəyə gücləndirilmiş təsir göstərir, digər üsullardan istifadə etməklə belə tez aktivləşdirilə bilməyən immunobioloji prosesləri işə salır və müalicəvi nəticə daha tez əldə edilir. Yeri gəlmişkən, Çin təbabətində bu akupunktur növü son illərdə ortaya çıxıb.

Ənənəvi Çin təbabətinin əsaslandığı qədim biliklərdə deyir ki, nikbinlik və sevinc hissi ən yaxşı dərmandır. Bir insan kökdürsə, lakin bu, onun yaşamasına mane olmursa, onun mənfi təsirlərini hiss etmirsə, ümumiyyətlə arıqlamağa ehtiyac yoxdur”, - çinli ekspert yekunda qeyd edib.

Bəs iynə batırma ilə arıqlamaq nə dərəcədə realdır? Həqiqətən effektiv nəticə əldə etməyə kömək edirmi? Zərərli tərəfləri varmı?

Publika.az mövzu ilə əlaqədar mütəxəssislərin də fikirlərini öyrənib.

Fərid RƏFİYEV | MedFind | Bütün Azərbaycan Həkimləri / Xəstəxanaları

Elmi təsdiqi yoxdur

Bariatrik-Metabolik cərrah PhD, Op. Dr. Fərid Rəfiyevin sözlərinə görə, akupunktura ilə arıqlamaq bir metod olaraq dünyada, Avropada, xüsusən də Amerika Birləşmiş Ştatlarında FDA (Food and Drug Administration) tərəfindən tanınmır və tövsiyə belə olunmur.

“Bu növ arıqlama üsulları eksperimental xarakter daşıyır və elmi təsdiqi yoxdur. Odur ki, onun istifadəsi yararsız olmaqla bərabər, həm də təhlükəli ola bilir”, - F.Rəfiyev qeyd edib.

Həm qadınlarda, həm də kişilərdə sonsuzluqla nəticələnir

Həkim-terapevt Ləman Süleymanova isə vurğulayıb ki, ilk baxışdan məsum görünsə də, əslində akupunktur yolu ilə arıqlama üsulları kifayət qədər təhlükəlidir. Bu, həm qadınlarda, həm də kişilərdə sonsuzluğa səbəb ola bilər:

“Akupunktur müasir cəmiyyətdə istifadə olunan, eyni zamanda orqanizmə çox mənfi təsir göstərən bir metoddur. Bu metod ənənəvi Çin təbabətinin bir hissəsidir, ilk dəfə orda tətbiq olunub. Akupunktur vücudumuzun bəlli nöqtələrinə müdaxilə xarakteri daşıyır.

Arıqlamaq üçün kortəbii üsullardan istifadə artıb. Onlardan biri də akupunktur ilə arıqlamaqdır. Aclıq hormonlarına təsir etmək və aclığı yatırmaq üçün vücudumuzun müəyyən nöqtələrinə iynə batırılır. Əslində bu, çox yanlış üsuldur. Ailə həyatı qurmayan, uşaq dünyaya gətirməyən qız uşaqları istifadə edərsə, bu, yumurtalıqlara birbaşa təsir göstərə bilər, onların fəaliyyətini qocaldır. Hətta 21 yaşında olan qızın yumurtalıqlarını qocaldaraq 55 yaşında edə bilər. Buna görə də sonsuzluq riski çox yüksəkdir.

Artıq çəkidən əziyyət çəkən kişilər xüsusilə yeniyetməlik dövründə və ya gənc yaşında istifadə edərsə, bu, testesteronun fəaliyyətini birbaşa aşağı sala və sonsuzluq yarada, müxtəlif fəsadlara, hətta xərçəng xəstəliyinə də gətirib çıxara bilər. O cümlədən irsi xəstəliklərin yaranmasını tezləşdirə bilər. Buradan belə nəticəyə gəlmək olar ki, akupunktur çox lazımsız bir metoddur.

İnsan çox yediyi üçün çəkisi artırsa, həmçinin hormonal problemlər və hormonal dərmanların təsiri nəticəsində kökəlibsə, mütəxəssisə müraciət etmək və sağlam şəkildə, qidalanmaya müdaxilə edərək, maddələr mübadiləsini düzəldərək arıqlamaq lazımdır. Xəstə ilk növbədə müayinədən keçməli və kökəlməyə səbəb olan hormonlar yoxlanılır. Nəticədə xəstəyə individual olaraq həyat tərzinə və yaşadığı ölkənin iqlim xüsusiyyətlərinə, keçirdiyi xəstəliklərə və piylənməyə uyğun olaraq proqramlar tərtib olunmalıdır. Bu zaman çəki azalır və stabilliyi uzun illər qorunur. Amma yalançı pəhrizlər, zəhərli kokteyllər, arıqladıcı çaylar və yaxud da akupunktur kimi üsulların hamısı ziyandır”.

Qastroenteroloq Tərlan Qasımov da o fikirdədir ki, bu üsulların qalıcı effekti yoxdur və bu, dünyada qəbul olunmuş üsul sayılmır.

TƏRLAN QASIMOV. QASTROENTEROLOQ-ENDOSKOPİST | Azərbaycan Tibb  Ensiklopediyası

Xarici mütəxəssislər bu mövzuda nə deyir?

Xarici mütəxəssislər şiddətlə tövsiyə edir ki, əgər insan psixi pozğunluqlardan, anemiyadan, vərəmin açıq formasından, hemofiliyadan, bədxassəli yenitörəmələrdən, leykozdan əziyyət çəkirsə, akupunkturla arıqlamaq yolverilməzdir. Refleksoloji əzələ distrofiyası, kəskin iltihabi xəstəliklər və ya zöhrəvi xəstəlikləri olan xəstələr üçün də əks göstərişdir. Hepatit C və ya cərrahi yolla aradan qaldırılmalı olan patologiyaları olanlara akupunkturla arıqlamaq qadağandır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm