Trampın gizli sazişi, Qarabağda döyüş və İrəvanın qaranlıq gələcəyi - Qafqaz barıt çəlləyi olacaq
Bizi izləyin

Nida Təhlil

Trampın gizli sazişi, Qarabağda döyüş və İrəvanın qaranlıq gələcəyi - Qafqaz barıt çəlləyi olacaq

Trampın gizli sazişi, Qarabağda döyüş və İrəvanın qaranlıq gələcəyi -  Qafqaz barıt çəlləyi olacaq

Donald Trampın Ağ Evə köçməsindən sonra ABŞ-ın xarici siyasətində hansı məsələlərdə dəyişikliklərin olacağı gündəmə gəldi. Strateji məsələlərdən biri də Cənubi Qafqazdır. Aydındır ki, ABŞ-da kim prezident seçilirsə, seçilsin, Gürcüstan, Azərbaycan və Ermənistan geostrateji mövqeyinə görə Vaşinqton üçün maraqlıdır. Lakin əsas sual belədir: ABŞ Cənubi Qafqaz kartını Rusiya ilə münasibətlərdə nə qədər inadla oynayacaq? Əgər Hillari Klinton prezident seçilsəydi, bu bölgədə Rusiya-ABŞ qarşıdurmasını proqnozlaşdırmaq asan olardı. Lakin yeni prezident Donald Trampdır və onun nə edəcəyini demək çətindir.

Publika.az xəbər verir ki, “Rosbalt” agentliyi Cənubi Qafqazda Rusiya-ABŞ münasibətlərini araşdırıb.

Regionun hər üç ölkəsində Trampın hansı siyasət yürüdəcəyi ilə bağlı narahatlıq var. Lakin prinsip etibarilə, ABŞ Rusiyanı post-sovet məkanından sıxışdırıb çıxarmaq istəyər.

Bakı-Vaşinqton

Son illərdə Azərbaycan və ABŞ arasında münasibətlər mürəkkəb idi. Vaşinqton Bakını faktiki olaraq, “rəngli inqilab”larla hədələyirdi. Lakin Azərbaycan təzyiqin qarşısında dayanmağı bacardı.

Digər tərəfdən, Azərbaycan ABŞ üçün Rusiyaya qarşı təzyiq vasitəsidir. Xüsusilə “Avropanın enerji təhlükəsizliyinin təminatı” məsələsində onun rolu böyükdür. Azərbaycanın neft-qaz layihələrinə Amerika və Avropa şirkətləri kapital qoyub. Lakin o da vurğulanmalıdır ki, Bakı tamamilə Qərbə üz çevirmədi. İndi Azərbaycanın Trampdan gözləməyə haqqı çatır ki, Vaşinqton ölkənin daxili işlərinə qarışmasın. Bununla yanaşı, Bakı haqlı olaraq ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək gözləyir. Yaxud heç olmasa ABŞ-ın bu məsələdə Ermənistana dəstək verməməsini istəyir. Yeri gəlmişkən, Tramp Azərbaycanı yaxşı tanıyır. Çünki onun Azərbaycan və Gürcüstanda biznesi olub. Lakin yeni prezidentin bu məsələləri artıq keçmişdə qoyduğu da dəqiqdir.

Tiflis-Vaşinqton

Əgər Azərbaycan ABŞ-la bərabərhüquqlu münasibətlər qurmaq istəyirsə, Gürcüstan üçün Birləşmiş Ştatlara aktiv yaxınlaşmaq və NATO-ya girişin sürətləndirilməsi əsasdır.

Tiflisdə siyasi dairələr Hillari Klintonun məğlubiyyətindən kədərlənirlər. Çünki onlar Trampın Abxaziya və Cənubi Osetiya məsələsində, ümumilikdə Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasında ciddi rol oynayacağından şübhələnirlər. Tiflis arzu edir ki, ABŞ heç olmasa, Rusiyanın Gürcüstan torpaqlarını işğal etdiyini sözlə bəyan etsin, beynəlxalq müstəvidə onları müdafiə etsin, maliyyə yardımı alsınlar və NATO-ya girişini sürətləndirsin. Bir sözlə, gürcülər regionda Vaşinqtonun hökmranlığını arzu edirlər. Lakin Tiflis ehtiyat edir ki, Donald Tramp ABŞ-Rusiya münasibətlərinin yaxınlaşması üçün Gürcüstanı qurban verə bilər.

Doğrudur, keçmiş dövlət katibi Con Kerri Tiflisə sonuncu səfərində bəyan etdi ki, Vaşinqtonun Gürcüstana dəstəyi yeni administrasiyanın dövründə də davam edəcək. Lakin reallıqda belə olmayacağı ehtimalı böyükdür. Gürcülər yalnız ona ümid edir ki, ABŞ-ın xarici siyasəti təkcə prezidentdən yox, Konqresdən də asılıdır və onları Konqres faktoru xilas edə bilər.

İrəvan-Vaşinqton

Ermənistan Cənubi Qafqazda Rusiyanın yeganə hərbi müttəfiqidir və bu amil onun Vaşinqton üçün nə qədər maraqlı olduğunu sual altına qoyur. Bununla belə ABŞ üçün manevr imkanları kiçik də olsa, qalır. Burada ABŞ-ın yeni administrasiyasının erməni lobbisi ilə nə dərəcədə işləyəcəyi və Qarabağ məsələsində tutacağı mövqe əsas ola bilər.


Haşiyə: ABŞ-da “California Currier” qəzetinin redaktoru Arut Sasunyan bildirib ki, erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb: “Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır”.

“1in.am” saytı da yazır ki, ABŞ-dakı erməni təşkilatları Trampla görüşərək, onun Ermənistan və Dağlıq Qarabağla bağlı mövqeyini anlamaq istəyir: “Lakin onunla görüşmək cəhdləri alt-üst olur. Trampın inaqurasiyasından sonra onun erməni nümayəndələrini qəbul edəcəyi ehtimalı da kiçikdir. Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb. Bizim yeganə ümidimiz odur ki, Trampın prezidentliyi dövründə Qarabağda sülh olacaq. Əks təqdirdə, Ermənistan üçün yaxşı gələcək görünmür”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan üçün Hillari Klintonun prezident seçilməsi böyük perspektiv vəd edirdi. Lakin Trampın Ağ Evə getməsi onların planlarına ciddi zərbə vurdu.

Əgər yeni administrasiya Dağlıq Qarabağ münaqişəsi ilə ciddi məşğul olmaq istəyəcəksə, o zaman məsələyə tamamilə praqmatik nöqteyi-nəzərdən yanaşacaq və sırf Amerika maraqlarını nəzərə alacaq. Çünki Trampın erməni lobbisini dinləmək məcburiyyəti yoxdur.

Tramp və Putinin gizli razılaşması, yaxud müharibə ssenarisi

Ümumiyyətlə, Cənubi Qafqaz dövlətləri ilə ABŞ-ın münasibətlərinə ayrıca baxmaq doğru olmaz. Bu region post-sovet məkanının bir hissəsidir və hərbi-siyasi burulğanın yaşandığı Yaxın Şərqin qonşusudur. Bu baxımdan, regiona Rusiya-ABŞ münasibətləri kontekstində yanaşmaq lazımdır. Vaşinton və Moskva Avrasiyada toqquşur və hər iki tərəf öz hökmranlığını haqlı hesab edir.

Hesab etmək olar ki, Tramp başqa qitədəki proseslərə müdaxilədən uzaqlaşa bilər, təbii ki, burada onun ölkəsinin milli təhlükəsizliyini hədələyən amil yoxdursa. Lakin bu o demək deyil ki, ABŞ Avrasiyadan, xüsusilə Cənubi Qafqazdan tamamilə çəkilə bilər. Sadəcə olaraq, Tramp və Putin arasında təsir sahələrinin bölünməsi haqqında qeyri-formal razılıq ola bilər. Yəni Rusiya-ABŞ münasibətlərinin donunun açılması üçün ən əlverişli amil Vaşinqtonun gizli şəkildə Moskvanın post-sovet məkanında maraqlarını qəbul etməsidir. Əlbəttə belə bir ssenari Cənubi Qafqazın barıt çəlləyinə çevrilməsinin də qarşısını ala bilərdi. Lakin Tramp bu ssenari ilə razılaşacaqmı?

Fransanın “Le Jorunal İnternational” nəşrinin yazdığı kimi, “yaxn perspektivdə Amerikanın Qafqaz siyasətində dəyişiklik olmayacaq. Region Trampın prioritetləri sırasına daxil deyil, lakin uzaq gələcəkdə ən müxtəlif ssenarilər baş verə bilər”.

Mümkündür ki, Tramp Cənubi Qafqazda “texniki pauza” götürəcək və daha vacib hesab etdiyi məsələlərlə məşğul olacaq. Lakin çox şey həm də Putinlə razılığın olub-olmayacağından da asılıdır. Əgər o, Putinlə yola getməyəcəksə, o zaman Cənubi Qafqaz barıt çəlləyi olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm