Əlinin Mələyi...
Bizi izləyin

Köşə

Əlinin Mələyi...

Leyla Sarabi (II YAZI)

Leyla Sarabi (II YAZI)

( YAZININ I HİSSƏSİ )

Elm sübut edib ki, qadın sevgisi kişiyə nisbətən daha güclü olur. Qızların analıq instinkti lap kiçik yaşdan pöhrələnməyə başlayır. Onlar anadan olanda artıq ana olurlar. Milləti, irqi, dini yoxdur bu hissin. Analıq özü ən qüsursuz dindir.

Əli bağçaya ayaq basdığı ilk gündən məzlum-məzlum ağlamağa başladı. İlk gün cəmi yarım saat qaldı orda. Hər səhər oyananda bir ümid baş qaldırırdı içimdə, amma Əli ətəyindəki daşı töküb, bağçaya getmək istəmirdi. Hər gün yarım saat aparıb qoyurdum bağçaya. Oğlumu qladiator düşərgəsinə verirmiş kimi göz yaşı tökürdüm, o da arxamca elə ağlayırdı ki, cəhənnəmdə yanırdım sanki.

Fransada bağça sistemi olduqca demokratik və xalqın mentaliteti üzərində qurulur. Bağçanın aylıq ödənişi ailənin maddi durumuna, aylıq qazancına görə hesablanır. Bu güzəşt ən çox tələbə valideynlərin övladlarına edilir. Pul haqq-hesabı şəhərin meriyasında aparılır. Nə müəllimələrin, nə də tərbiyəçilərin bağçaya gəlib-gedən uşaqların hansının az, hansının çox ödəniş etdiyi haqda məlumatı olmur ki, hamısına eyni səviyyədə qayğı göstərsinlər. Bu Fransanın ən üstün cəhətlərindən biridir. Gəl ki, mental dəyərlər günəş ölkəsinin istiqanlı insanlarına tam ziddir. Fransızlar vaxtından tez böyüyürlər. Hətta demək olar ki, heç vaxt uşaq olmurlar. Əlinin bağçasında buna bir daha şahid oldum.

Strazburq Fransanın Elzas vilayətində yerləşir. Həmçinin vilayətin paytaxtıdır. Əsrlər boyu Fransa və Almaniyanın aralarında bölə bilmədikləri bu şəhərin əhalisi əsasən fransızca danışsa da, elzaslıların almancaya bənzəyən dilləri də var. “Əsilli-köklü” elzaslılar da öz dillərində danışırlar. Bir neçə il onların məhəlləsində yaşadığım üçün azdan-çoxdan tanıyıram elzaslıları. Onlar dillərinə, şəhərlərinə, mədəniyyətlərinə, hətta dinlərinə qarşı çox mühafizəkardırlar.

Əlinin qrupunda 20 uşaq vardı, onlara 2 müəllim, 2 tərbiyəçi baxırdı. Müəlimmlərdən biri də “korennoy” elzaslı idi. Qadının almanlara xas sərt xarakteri və elzas şivəsi vardı. Bağçaya ilk gəldiyim gün özüm də ehtiyyat etdim ondan. 40-45 yaşlarında hündürboylu, sarışın, zərif və fransız qadınlarına xas olmayan baxımlı qadın idi. “Nasist xala” ləqəb verdiyim bu qadının adı Natali idi.

Məşəqqət dolu 1 həftə bitdi… Əli yorğun, mən bitkin, hava bombboz və yağışlı…

Növbəti həftə yenə savaşa başladıq. Elə ilk gün Əlini gətirib bağçaya qoydum. Yarım saatdan sonra dalınca qayıdanda gördüm ki, uşaq kənarda oturub, ağlayır, müəllimələr, tərbiyəçilər də əmrlərinə tabe olan qrup uşaqları ilə oyun oynayır, mahnı öyrədirdilər. Çox qəzəbləndim. Buz kimi soyuq bu millətə olan bütün hiddətimi qusmalı idim. "Siz məni hələ yaxşı tanımırsınız" deyib, cumdum direktorun kabinetinə. Fransada bağça direktorları kifayət qədər sadə və hər bir valideyni dinləyəcək qədər təmkinli olurlar. Katibəsindən izin almadan qapını döyüb, içəri girdim. “Baxın, madam, biz sizin kimi soyuqqanlı millət deyilik. İsti ölkədən gəlmişik, temperamentimiz də tam başqadır. Mənim oğlum sevgi, qayğı içərisində böyüyüb. Nə vaxta qədər ki, sizin tərbiyəçiləriniz ona ana nəvazişi göstərməyib, diqqətdən kənar qoyacaqlar, o qədər də ağlayıb, sızlayacaq. Ümid edirəm, siz də bunu istəməzsiniz.” Direktor məni sakitləşdirib, yola saldı.

Ertəsi gün yenidən gəldik bağçaya. Hətta “nasist xala” belə Əlini çox isti qarşıladı. Yarım saat tamam olanda gəldim uşağı aparmağa. Gördüyüm mənzərəyə inanmadım. Əli bir az kədərli, amma taleyi ilə barışmış şəkildə Lüsi adlı gənc tərbiyəçinin qucağında oturmuşdu. Lüsi də onu öpür, tumarlayırdı. Sevincimdən gəlib Lüsinin yanağına bir öpücük də mən qondurdum.

Elə bilməyin ki, fransızların bu soyuqqanlılığı digər millətlərə olan laqeydliklərindən qaynaqlanır. Əsla… Fransada doğulub, böyüyən 50 yaşlı türk rəfiqəm onları tərif edərkən deyirdi ki, azyaşlı övladlarının qarşısında belə qayda-qanun qoyacaq qədər buz millətdirlər. Fransız ana parkda oynayan uşağı yıxılarsa, ona yaxın durmur. Uşaq yıxılır, ağlayır, sonra da qalxıb, üstünü-başını təmizləyir. Bəlkə də, onları güclü millət, qüdrətli dövlət edən elə bu cəhətləridir.

Bağçaya yavaş-yavaş alışırdıq ana-bala. Artıq Əlinin vaxtı 1 saatadək uzanmışdı. Amma yenə də mızıldanırdı. Burda bir Mələk vardı. Sözün hər mənasında gözəl bir mələk. 3-4 yaşlarında dolu, sarışın, yamyaşıl gözlü bir Mələk… Qəribəsi odur ki, Mələk türk deyildi, ərəb heç deyildi. Valideynləri fransız idilər. Bu adı çox sevdikləri üçün qızlarına vermişdilər. Mələk hər səhər Əlini qarşılayır, zorla da olsa əlindən tutub, parıldayan gözlərilə üzümə baxıb sanki “əmanətini aldım, rahat gedə bilərsən” deyirdi.

Beləcə Əli bağçanı, Mələk onu, mən də Mələyi sevməyə başlayırdıq. Natali ilə də münasibətimiz düzəlmişdi. Əli də bütün gününü sevimli məkanında keçirdirdi. Tolerant fransız xalqı müsəlman olduğumuzu öyrənəndə Əliyə “halal” menyu hazırlamışdılar. Amma yenə də çox tələbkar idilər. Bir dəfə Anna adlı müəllimə mənə dedi ki:” Əlinin artıq 3 yaşı var, özü qabdan yeyə bilmir. Madam, sizin oğlunuz körpə deyil, ona sərbəst nahar etməyi öyrədin.” Mən də şərq qadınına xas narahatlıqla hər axşam soruşurdum: “Əli bugün nə yeyib?” Müəllimə yenə etiraz edirdi: “Niyə heç soruşmursunuz ki, Əli bug ün yeni nələr öyrənib?”- “Biz şərqlilərin qarnı doymasa, zehni aydın işləmir” deyirdim.

Günlər, ayılar bir-birini əvəz edir, Əli fransız mühitinə alışırdı. Hətta fransızlar sayaq bir az pintiləşirdi. Hər ayın bir günü bağçada valideynlərin toplantısı keçirilirdi. Hər kəs şirniyyat bişirib, bağçaya gəlir, birgə çay, qəhvə içib, tanış olurdular. Mənsə bacardıqca tez-tez piroq bişirib, bağçaya aparırdım. Ona görə xüsusi hörmət sahibi idim. Hər kəs məni Əlinin anası deyib barmaqla göstərirdi. Təsəəvvür edirsinizmi, adi piroqa görə bu boyda sayğı qazanmışdım…

Bir dəfə axşam Əlinin dalınca gəlmişdim. Gördüm, 13-14 yaşlı bir ərəb oğlan əlində tapança həyətdə oynayan bağça uşaqlarına atəş açır. Əlim, ayağım dondu. Vəhşi ana instinkti ilə cumdum uşağın üstünə, məlum oldu ki, silah oyuncaqdır. Acıqlanıb, həyətdən qovdum. Ərəb ki, ərəb… Ömrümün düz 10 ilini yedi axmaq uşaq.

Fransada bağçalar adətən iyun ayının sonları bağlanır. Anamın səhhəti ilə əlaqədar mayın ortası Bakıya gəlməli oldum. Ona görə bağça kollektivini xəbərdar etdim ki, sabah son günümüzdür. Həm də növbəti ildən Əli “ana məktəbi”nə başlayacaqdı. Bağçada Əliyə “əlvida məclisi” quruldu. Direktor da daxil olmaqla bütün müəllimlər, uşaqlar, Mələk akt zalına toplaşdılar. Soyuqqanlı fransız deyib, haqsızlıq etdiyim bu insanlar ən xırda detala qədər düşünmüşdülər hər şeyi. Öncə bir musiqi səsləndi. Məlum oldu ki, Əli bağçaya yeni gələndə yalnız bu musiqini dinləyib, sakitləşirmiş. Bu musiqi səslənəndə Natali kövrəlib, məni qucaqladı. “Əzizim Natali ağlamayın, biz ara-sıra gəlib sizi ziyarət edəcəyik” dedim. Sonra isə Əliyə hazırladıqları diplom, açıqça, ürək sözlərindən ibarət kartlar təqdim edildi. Uşaqlı, böyüklü hamısını əsl şərq hərarətilə qucaqlayıb, öpdük. Mələyi də orda qoyub Bakıya döndük.

İndi bəzən Mələyi xatırlayıram. Bugünədək həyatımda çox mələk tanımışam. Amma Əlinin sevgi dolu Mələyi bir başqa idi…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm