Ağdamın "maşın satan" milli qəhrəmanları
Bizi izləyin

Köşə

Ağdamın "maşın satan" milli qəhrəmanları

Leyla Sarabi

Leyla Sarabi

Cəmi 3 yaşım vardı. Hər səhər anam bacımla məni bağçaya aparır və mütləq yolumuzun üstündəki "20 Yanvar" şəhidlərinin abidəsi önünə qırmızı qərənfillər düzərdi. Həyatımızın ayrılmaz hissəsinə çevrilən bu ayin hər səhər təkrarlanardı.

Bir gün səhərimizi təlaş içində açdıq. Gecədən başlayan atışma sübhədək davam etmişdi. Abidənin önünə gül əvəzi qəlpələr düzülmüşdü o səhər. Havada uçuşan güllələrin səsindən qulaq tutulurdu. Günlər bir birini əvəz etdikcə bu uğultulu səhərlərə də alışdıq. Nə atam, nə də anam Ağdamdan çıxıb qaçmağı düşünmürdülər, qaçqın damğasını özlərinə yaraşdırmırdılar. İkisi də yaxşı vəzifədə işləyirdi. Hər gün təhlükəyə rəğmən, eyni saatda işdə olurdular. Bacımı nənəmgillə birgə Bakıya yollamışdılar. Mən anamsız qala bilmədiyimçün getmək istəməmişdim. Hər səhər anam məni də özü ilə işə aparırdı. Müdiri deyirdi ki, axırda bu uşağa da ştat açacam. Axşamlar evə qayıdıb televizorda son xəbərləri izləyirdik. Hətta izləməyə belə gərək qalmırdı, çünki hərşey qulağınızın dibində baş verirdi. Atışma başlayan kimi anam məni, mən də oyuncaqlarımı qucaqlayıb evin zirzəmisinə enirdik. Bəzən sübhə qədər orada gözləməli olurduq. Ona görə atam əvvəlcədən zirzəmiyə divan, soba, bir də ərzaq qoymuşdu.

Anamın gözündəki həyəcanı uşaq ağlımla ovutmağa çalışırdım. "Mama, atan bizimkilərdir, qorxma" deyirdim. Bir axşam yenə güllə səsləri şəhərin sükutunu pozdu, biz qaçaraq zirzəmiyə enməli olduq. Tərslikdən ən çox sevdiyim oyuncağım divanla divarın arasında ilişib qaldı. O darmacalda onu dartıb çıxardana qədər ürəyimdə fırtınalar qopdu. Əl boyda oyuncağı qoyub, düşsəm, ermənilər onu da dinc həyatımız kimi qətlə yetirərlər deyə, qorxdum.

Bizim kimi şəhəri tək qoyub qaçmayan minlərlə ailə qalmışdı Ağdamda. Onların içərisində maşın alverçiləri də vardı. Ən acısı da odur ki, çoxları bu şəhəri 5-nə maşın satıb, 10-na pul atan alveriçi obrazına görə tanıyır. Camaatımızın dilinə yapışan ağdamlılar haqda lətiflələri dinlədikcə insanda elə təsəvvür oyanır ki, Ağdam Azərbaycanın maşın binzesini əlində fırladan Almaniyasıdır, ağdamlıların da işi-peşəsi əhalini hipnoz edib, pullarını sovurmaqdır.

Maşın satanların yurdunda hər evdə ən az bir musiqi aləti olardı. Anam tez-tez könülsüz də olsa 7 illik musiqi məktəbini bitirməyindən danışırdı. Dünyanın ilk "Çörək muzeyi" də Ağdamda idi. Erməni işğalından əvvəl şəhərdə ölkəşünaslıq muzeyi, kinoteatrlar, 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdamlılar qızlarının ali təhsilinə çox önəm verirdilər. Elə tək mənim nənəm Azərbaycanın Rusiyada təhsil alan ilk mühəndis qadınlarından idi.

Əzizlərim, bu rayonun camaatının Azərbaycan mədəniyyətinə, elminə, musiqisinə nə qədər töhfələr verdiyini bilsəniz, lətifələriniz dilinizdə donub qalar.

Uşaqlıqdan canlandırdığı obrazlarla kino sənətinin ən parlaq simasına çevrilən Ceyhun Mirzəyev ağdamlıdır. Hər dəfə ürək yanğısı ilə baxdığımız “Fəryad” filminin rejissoru və baş rol ifaçısı olan böyük kino ustası film ekranlara çıxandan bir il sonra qəlbində qubar bağlayan Vətən həsrətindən dünyasını dəyişib.

Böyük Britaniya Kral akademiyasının fəxri üzvü, görkəmli elm xadimi Xudu Məmmədov da maşın alverçilərinin diyarındandır. Azərbaycan SSR Dövlət mükafatı laureatı, Rusiya Federasiyası Elmlər Akademiyasının həqiqi üzvü Ədilə Namazova da ağdamlıdır. Bu siyahı o qədər uzundur ki, hələ muğamın dühaları Qurban Pirimovdan, Sara Qədimovadan, Arif Babayevdən, Ramiz Quliyevdən danışsaq, susa bilməyəcəyik.

Ancaq mən Ağdamın 6000 şəhidini xatırlamaq istəyirəm. Vətənin bütövlüyü uğrunda can qoyan Fred Asifi, Allahverdi Bağırovu, Canpolad Rzayevi, adını bilmədiyim, bilmədiyiniz yüzlərlə igid oğulları...

Fred Asif ləqəbi ilə tanınan Asif Məhərrəmov 1992-ci ilin dekabr ayının 7-də Milli Qəhraman adı ilə təltif olunur. Asif bu addan imtina edərək: "Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq" - deyir. Ağdamlılar haqqında lətifələr siyahınıza bunu da əlavə edə bilərsiniz.

Yaxud da elə Allahverdi Bağırovun Xocalı faciəsi günlərində əhalini ölümdən qurtarmaq üçün qarda, çovğunda döyüşə atıldığı vaxtlardan, vəhşiliklə qətlə yetirilmiş 700-ə qədər insan cəsədinin Allahverdinin köməyi ilə düşmən əlindən alınıb, Ağdam məscidində kəfənlənib, torpağa tapşırılmağından, 1003 əsirin onun zəhməti hesabına geri alınmağından da maraqlı hekayələr düz-qoş edib söyləyə bilərsiniz.

Həm sizin üçün dəyişiklik olar, həm də biz qulağımızın pasını atarıq beləcə…

Bir də əmin olun ki, Biləcəridən 10 addım irəli getsəniz, heç kəs sizin hansı rayondan olub, nə satdığınızla maraqlanmayacaq. Bu duzsuz-məzəsiz zarafatlarınız da öz aktuallığını itirəcək. Mənsub olduğunuz ölkənin adını belə eşidəndə bəzi insanlar təəccüblə üzünüzə baxıb, "ora haradır, yoxsa Əfqanıstanmı?" deyə soruşacaqlar. Əlqərəz... yaxşı olmazmı ki, maşın satan ağdamlı, kartof satan gədəbəyli, nar satan göyçaylıdan danışmaq əvəzinə, gücümüzü və beynimizi elə şeylərə həsr edək ki, bu utancverici sualı heç yerdə eşitməyək?..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm