Axundov üçün ağı
Bizi izləyin

Köşə

Axundov üçün ağı

Aqşin Yenisey

Aqşin Yenisey

Bir neçə gün qabaq (10 mart) Azərbaycan ədəbiyyatına realizmin toxumlarını səpmiş Mirzə Fətəli Axundovun vəfat etdiyi gün idi. Səhv etmirəmsə, həmin gün hamımız kimi Axundov realizminin “çörəyini yeyən” və yeni REALtv açan (təbriklər öz yerində) dostum Mir Şahin Bakıda çarşını qarışdırmışdı. Xalq özü də bilmədən Axundovu sükutla yad etdi. Bu gün bir cümləsini belə oxumadıqları Stiven Uilyam Hokinqə sosial mediada ağı deyənlər Axundova allahın quru rəhmətini qıymadılar. Düz də etdilər, çünki Axundov da allaha inanmırdı, həm də Hokinqdən düz 130 il əvvəl. Onun “göndərdiyi” hər şeyi cəfəngiyat hesab edirdi. Astrologiyanı ələ salırdı. Olsun, biz, onsuz da, iki əsrdir ki, özümüzü toyuq altına qoyulmuş ördək yumurtalarından çıxan və çıxan kimi suya cumub üzə bilməyən yazıq analarının bağrını çartladan ördək balaları kimi aparırıq vətənə münasibətdə.

Axundovun dramaturgiyası haqqında qoy dramaturq monopolistlərimiz danışsın, mən onun bizə buraxdığı psixoloji miras haqqında hüdüləyəcəyəm. Xatirinizdədirsə, Axundovdan bizim təfəkkürümüzə bir meymun yadigar qalmışdı: “Əgər daşın qızıla çevrilməsini istəyirsinizsə, onda meymunu yaddan çıxarmalısınız”. Və inanmaq üçün kifayət qədər mental əsaslarımız var ki, o vaxt xeyli psixopat həmyerlimiz daşı qızıla çevirməkdən ötrü başqa vaxt ağıllarının ucundan belə keçməyən meymunu biryolluq unutmaq üçün, doğrudan da, çox məşəqqətlər çəkməli olublar. Elə bu gün də həmin meymunu, (ya da meymuna bənzəri) dünyanın ilk əşrəfi sayılan bu miskin əcdadımızı unudub, yaxud unutdurub varlanmaq, hörmət, şöhrət sahibi olmaq, bir əntərin hesabına adam olub, adamlara qoşulmaq istəyən psixopatlarımızın sayı az deyil, hətta xirtdəyəcəndir. Darvinin meymunu nə vaxtsa dünyanın yadından çıxa bilər, məsələn, bu yaxınlarda Türkiyə Təkamül Nəzəriyyəsini dərsliklərdən çıxardı. Darvinin meymununun bir fərmanlıq, yaxud bir hədislik canı var. Oğul ona deyərəm ki, Axundovun meymununu bizim yadımızdan, fikrimizdən, yuxumuzdan, xislətimizdən çıxarsın. Bu milli meymun bizim gələcəklə bağlı arzularımızın totemidir. Xoşbəxtliyə gedən yolumuzun bələdçisidir, ləpirçisidir. Ona “görüm-baxım” eləmədən arzularımız həmişəlik arzu olaraq qalacaq. Axundov bizim basaratımızın açarlarını Qiyamət gününə qədər bu meymunun əlinə verib. Onu unutmaq üçün həmişə xatırlamalı olacağıq.

Bizim milli şüuraltımızın qaranlıq cəhənnəmindən çıxmağımız yalnız bu meymundan asılıdır, onu unuda bilməsək, cənnət üzü görməyəcəyik. Biz həmişə bu meymunla telepatiyaya ehtiyac hiss edəcəyik. Kimimiz bu yolla “müalicə olunub” ağ günə çıxmaq, kimimiz isə “müalicə edib” qara gün üçün savab qazanmaq istəyəcək.

Ya onu unudacağıq, ya onunla birlikdə yaşayacağıq. Onu unuda bilsək taleyimiz tarixə çevriləcək, onunla yaşasaq tarixi həmişə tale kimi yaşayacağıq, indiki kimi. Axundov bizə taledən qaçış yolunu göstərdi; meymunu unudun! Axundov bizə tarixin qapılarını açmaq üçün gərəkən sehrli sözləri söylədi; meymunu unudun!

Seçim bizimdir, hansını seçəcəyik, taleyi, yoxsa tarixi? Bəlkə də, taleyimizdən tarix düzəltmək istəyəcəyik, indiki kimi. Bu da bir yoldur. Amma bir məsələ var ki, tale gücünü məğlubiyyətlərdən alır, tarix qələbələrdən. Vətənin taleyi olmaz, tarixi olar. Meymunu unudun!

Axundov bizim nağıl inancımızı korladı; qulağımıza pıçıldadı ki, ey Oğuz xanları belinə mindiyiniz Simurq quşları sizi qaranlıqlardan xilas etməyəcək, ey Oğuz xanımları ağ atlı oğlanların yolunu gözləyə-gözləyə qız qarımayın, meymunu unudun, meymunu! Çünki Axundov bizim təfəkkürümüzdə atılıb-düşən və həyati vacib məqamlarda çığır-bağır salıb bizi adam balası kimi düşünməyə qoymayan o milli meymunu hamıdan qabaq görmüşdü.

Axundovun dramaturgiyasındakı qəhrəmanlar da bu meymunun insan qılığına girmiş obrazları idilər. Axundov üzünü Şərqə tutanda gözünə ancaq meymun görünürdü, Şərqdə meymunu unudanların sayı o qədər az, aralarındakı məsafələr o qədər çox idi ki, onlar bir-birilərini görə, tanıya bilmirdilər. Bəlkə, əlimizi gözümüzün üstünə qoyub gündoğana baxsaq, bu gün də eyni mənzərəni görərik.

Axundov bu meymun məsələsi ilə insanın bəşəri obrazını ifşa etdi; milyon illər ərzində dəyişən insanın ancaq çölü idi, insanın içi, hissləri, yuxuları hamısı meymuna məxsus olaraq qalmışdı. O kişi deyirdi ki, insan olmaq istəyirsinizsə, içinizdəki meymunu unudun. Axundov özü necə, bu meymunu unuda bilmişdimi? Yəqin, unutmuşdu ki, meyidi ortada qaldı. Meymunu unuda bilməyənlər onu tanımadılar, ölüsünün ətrafına yığılıb çığır-bağır salmadılar.

Axundov İNSAN kimi öldü - tək-tənha!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm