• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“Rasselin çayniki” və evimizi yıxan doqmatizm

  • Köşə
  • 27 Mart 2018 12:30
  • 1 497 Baxış
“Rasselin çayniki” və evimizi yıxan doqmatizm

Aqşin Yenisey

Bu yaxınlarda Bakıda "Tanrı böyük deyil" adlı bir kitab tərcümə və çap olundu. İnternetdən oxuduğum qədəriylə dindarlarımız yenə ateist düşüncəli insanların ünvanına ayağı söyüşlü göyərçinlərini uçurdular. Kitabın içini oxumamışam, çox güman tanrını dindən ayıran teist düşüncənin məhsuludur. Ancaq dindarlarımız həmişəki kimi emosiyalarına deyil, bu dəfə məntiqə söykənsəydilər, kitabın adında ateist yox, dini məzmunu görə bilərdilər. "Tanrı böyük deyil", yəni balacadır. Əslində, var, amma dinin şişirtdiyi qədər də yox. Günümüzün məşhur ifadəsi ilə desək, bu, əsl ateizm deyil! Əsl ateist tanrını “razmerinə” görə inkar etmir. Amma kitabın adından da göründüyü kimi, dava “razmer” davasıdır. Hər iki tərəf üçün güzəşt yeri var. Yadıma "Rasselin çayniki" düşdü.

Bertrand Rassel - aşağıda onun həyatına və düşüncələrinə yer və vaxt ayıracağıq - deyirdi ki, mən dünya və Mars arasında ellipstik bir orbitdə günəşin ətrafında fırlanan bir çaynik olduğunu önə sürsəydim və bu çaynikin ən güclü teleskopla belə təsbit edilməyəcək qədər kiçik olduğunu əlavə edəcək qədər də diqqətli davransaydım, kimsə bu fikirimin tərsini sübut edə bilməzdi. Amma davam edib bu tezisimin inkarolunmaz məzmunlu olmasına görə insan ağlının ona şübhə etməsinin yolverilməz bir ədəbsizlik olacağını desəydim, hər kəs haqlı olaraq sayıqladığımı düşünərdi. Ancaq belə bir çaynikin varlığı qədim kitablarda təsdiqlənsəydi, hər bazar günü kilsədə müqəddəs həqiqət kimi öyrədilsəydi və məktəblərdə uşaqların beyninə həkk edilsəydi, onun varlığına şübhə etmək bir qəribəlik əlaməti kimi yozulardı və o şübhə edən şəxsi bizim dövrümüzdə bir psixoloqla, daha əvvəlki əsrlərdə isə bir inkivizitorla görüşdürərdilər.

Yəni Rassell demək istəyir ki, tanrının, buraxın böyüklüyünü-balacalığını da, varlığının yeganə sübutu, sadəcə, qədim kitablarda müqəddəs yaradan obrazı kimi təsdiqlənməsidir. Onun yerinə qədim kitablarda müqəddəs bir çaynikdən bəhs edilsəydi və əsrlər ərzində dini məbədlərdə o çaynik təbliğ olunsaydı, bu gün heç kim onun varlığına şübhə etməyəcəkdi, edənlər isə belə bir çaynikin yoxluğunu iddia edib gülməli vəziyyətə düşəcəkdilər. Bu gün tanrının varlığını, yaxud yoxluğunu sübut etməyə cani-dildən çalışanlar kimi.

Çəlimsizliyi ucbatından bütün ömrü boyu “bu gün, yəqin ki, öləcəyəm” qorxusu ilə 98 il yaşayan Rasselin damarlarında fəlsəfə ilə yanaşı, siyasət də axırdı. Onun babası iki dəfə İngiltərənin Baş naziri seçilmişdi və 1832-ci ildə İslahatlar qanununu parlamentdən keçirdiyi üçün məşhur idi. Məhz bu qanuna görə İngiltərədə bu gün, simvolik də olsa, krallıq saxlanılır. Bunun əvəzində kraliça Viktoriya lord Rasselə, yəni baba və nazir Rasselə bir ev bağışladı və nəvə, sonralar filosof olacaq Rassel bu evdə böyüdü. O, geometriya ilə maraqlansa da, ailəsinin on altıncı əsrdən bəri məşğul olduğu siyasi ənənələrini davam etdirmək və gələcəyin siyasətçisi olması üçün ona qabaqcadan hər bir şərait yaradılmışdı. Universitetdən məzun olan kimi İngiltərənin Parisdəki səfirliyində işə götürüldü, amma fəlsəfə onu Kembricə, ilk dəfə on səkkiz yaşında fəlsəfənin dadına baxdığı “Yaşayan filosoflar Kitabxanasına” çağırdı.

Rassel fəlsəfəyə riyaziyyatdan gəldi, daha doğrusu, özü ilə riyaziyyatı fəlsəfəyə gətirdi. O, fəlsəfədə həqiqət və məna kimi məntiqdənkənar fenomenlərlə maraqlansa da, məntiqə arxa çevirmədi və bu gün fəlsəfədə “Fəlsəfi məntiq” deyilən analitik bir prinsip onun adı ilə bağlıdır. Bu prinsip XX əsr Avropa fəlsəfəsinin yeni istiqamətini müəyyən etdi və onu dünya, xüsusilə Şərq mistik fəlsəfəsindən ayırdı. Bu xidmətlərinə görə Rassel 1950-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Mücərrəd fəlsəfi mövzulara nə qədər məntiqi yanaşmağın tərəfdarı olsa da, Rassell şəxsi həyatında bir o qədər emosional idi, ya da o, bizim sevgi deyib zırıldadığımız bir duyğunu da öz məntiqinin əlmeymununa çevirmişdi; evdə gül kimi arvadı ola-ola qıraqda dörd-beş qadınla görüşürdü və onlardan birinin hamilə olduğunu eşitcək altı gün içində evdəki arvadı boşayıb hamilə sevgilisi ilə evləndi. Bizim hansı filosof, yaxud şair belə bir iş tutsa, qadınlardan əvvəl kişilər onu it sürütməsi edərlər ki, yazdıqlarına bir sözümüz yoxdur, amma şəxsiyyət problemi var. Çünki bizdə şəxsiyyət dediyimiz bığlı, qalstuklu, içi yoxsul, çölü milyoner məxluq özünü elmdə, sənətdə yox, ilk növbədə məişətdə, həyət-bacada təsdiq etməlidir. Əlimyandıda gəlin aparmağa səhmanlı bir avtomobilin yoxdursa, sənin şəxsiyyətinə... Bu da bizim milli məişət fəlsəfəmizin məntiqidir. İndi Rasselin həyatına baxın; arvadını boşayıb hamilə sevgilisi ilə evlənir, həmin sevgilisi Rasseldən iki, başqa kişilərdən yeddi uşaq doğur. Birlikdə laboratoriya tipli məktəb yaradırlar. Rassel bu qadından da yorulub, uşaqlarına baxan dayə ilə evlənir. Sonra dayəni də başından edib keçmiş sevgililərindən birinə qayıdır.

Ancaq qadınlar və fəlsəfə ucbatından Rassel nə intihar etdi, nə də tənhalığa qapıldı, əksinə, ictimai həyatın ən aktiv simalarından biri oldu. I Dünya müharibəsi zamanı yazdığı yazıya görə hökumət onun qonorarına altı ay həbs cəzası da əlavə etməyi özünə borc bildi. Totalitarizmə düşmən kəsildiyi üçün II Dünya müharibəsini dəstəklədi. Daha sonra nüvə silahlanmasına qarşı çıxdı, Xuruşşova və Kennediyə məktub yazdı. Xuruşşov onun məktubuna cavab yazsa da, Kennedi oxumadan özünə göndərdi. Ömrünün sonuna yaxın İsrailin Fələstinə hücumlarını tənqid etdi. Və 1970-ci ildə qripdən öldü.

İndi isə keçək onun fəsləfi həyatına. Rasselin “fəlsəfi məntiqi” on yeddinci, on səkkizinci əsrlərdə kilsənin kölgəsində yazılan və onun xətrinə dəymək istəməyən, tanrıçılıqdan qopmağa cürət etməyən Avropa fəlsəfəsində ilk dəfə “tanrısız fəlsəfə”nin yaranmasına yol açdı. Artıq XX əsrin ikinci yarısında tanrı Avropa fəlsəfəsində lazımsız bir fiqur idi. Və bu işi aqnostik Rasselin “fəlsəfi məntiqi” görmüşdü. Rasselin açdığı fəlsəfi çığırla irəliləyən Avropa fəlsəfəsi bu gün hakimiyyət, avtoritarizm, mətn və dil kimi fenomenlərin araşdırılması ilə məşğuldur. Aramızdakı məsafəni görürsünüzmü? Bizə hələ “Tanrı böyük deyil” kitabının tərcüməsinə görə bir-birimizi söyürük.

Rassel fəlsəfədə hansı suallara cavab axtarırdı? O, öz fəlsəfi məntiqindən soruşurdu ki, hər hansı bir mənada ölümdən qurtula bilərikmi və əgər qurtulsaq, bu bir müddətliyinə, ya sonsuza qədərmi bir qurtuluş olacaq? Ağıl maddəyə hökm edə bilirmi, ya maddəmi ağıla hökm edir və yaxud bir ehtimal, hər ikisinin də bəlli bir müstəqilliyi varmı? Kainatın bir məqsədi varmı, yoxsa kortəbii ehtiyaclar tərəfindənmi idarə olunur? Yaxud kainat, tapdığımızı düşündüyümüz və bizim nizam-intizam sevgimizdən törəyən bir fantaziyadan ibarət təbiət qanunlarının olduğu, sadəcə, bir qarmaqarışıqlıq və xaosdurmu? Əgər kosmik bir nizam varsa, fərziyyələrimizə yol göstərəcək astronomiya daha əhəmiyyətlidir, yoxsa həyatın özümü, yaxud həyata verdiyimiz əhəmiyyət, sadəcə, eqoizm və dardüşüncəlikdirmi?

Deyəcəksiniz ki, bu vurçatlasında Rassel hardan çıxdı? Bu yazını yazmaqda əsas məqsədim onun bir fikrinin bizim cəmiyyəti necə dəqiq ifadə etdiyini diqqətə çatdırmaqdır. Rassel deyir ki, doqmatizm sülhün düşməni və demokratiyanın ən böyük əngəlidir. Bizim cəmiyyətdəki məntiq catışmazlığı da insanlarımızın doqmalarla düşünməsinə şərait yaradır. Dindarımız da, ateistimiz də sitayiş etmək üçün özlərinə doqmalar yaratmaqla məşğuldur, hətta başqa cəmiyyətdə doqmaları dağıdan prinsiplər bizə gəlib çıxcaq dərhal doqmalaşdırılır. Halbuki bizim doqmalara yox, onun düşmən kəsildiyi sülhə və demokratiyaya ehtiyacımız var. Və məntiqi əsası yoxdursa, sülhün, demokratiyanın özü də gec-tez doqmalaşır. Mən Rasseli bu gün buna görə yad etmək istəyirdim.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR