Öz qorxularını özün yarat!
Bizi izləyin

Köşə

Öz qorxularını özün yarat!

Aqşin Yenisey

Aqşin Yenisey

Vaxtilə ərazisində “günəşin heç vaxt batmadığı” ingilis müstəmləkəçiliyinin paytaxtı London haqqında belə bir şey oxumuşdum ki, bu şəhər mifik bir əjdaha kimi hər gün dünyanın ayrı-ayrı ölkələrindən gəmi-gəmi daşınan sərvətləri udaraq yaşayır. Hindistanın çayından, pambığından tutmiş Afrikanın almazına, kərgədan buynuzuna qədər dünyada pula gedən nə vardısa, ingilislər bir ucdan daşıyıb Londona yığırdılar. Hələ o vaxt fikirləşirdim ki, bu necə baş verir? Necə olur ki, o boyda Hindistanı cəmi üç yüz ingilis idarə edə bilir? Bu sualların cavabı müxtəlif kitablarda müxtəlif cür verilmişdi. Bu yaxınlarda türk aydını Xalis Çətinin “Qorxu siyasəti və siyasət qorxusu” adlı kitabı əlimə keçdi. Müəllifin kitaba yazdığı ön sözü oxuduqca köhnə sualları yenidən xatırlamalı oldum. Çünki ön söz fillərin itaətə necə öyrədilməsinin təsviri ilə başlayırdı. Fil dedikdə isə istər-istəməz Hindistanı, Hindistan dedikdə ingilis müstəmləkəsini, müstəmləkə dedikdə Azərbaycan tarixini xatırlamaya bilmirsən.

Çətin bəy yazır ki, fillər su içmək üçün həmişə eyni yoldan istifadə edirlər. Bunu kəşf edən insanlar həmin yolda fillərə tələ qururdular. Özləri isə qara paltarlar geyir, filin tələyə düşdüyünü görcək gizləndikləri yerdən çıxıb tələdəki filin başına, üzünə, qulaqlarına, xortumuna, harası gəldi, dəmir uclu qarmaqlarla, üzəri mismarlı dəyənəklərlə döyərək işgəncə verirdilər. Sonra filləri al qan içində və ac-sussuz tələdə ölümə tərk edirdilər. Bu dəyənəklərə də "tərbiyə" dəyənəkləri deyirdilər. Fillərin ölüm, aclıq və qorxuya qarşı müqaviməti zəiflədikdə və onlar tələdə qan içində can verməyə başladıqda həmin qara paltarlı adamlar bu dəfə ağ paltarlarını geyinir, filləri tələdən xilas edir, yaralarını sağaldır, qarınlarını doyururdılar. Beləliklə, fillər onları ölümdən qurtarmış bu ağ paltarlı adamlara canla-başla itaət etməyə başlayırdılar.

Postsovet məkanında Rusiyanın əvvəl əzib, sonra “çiçəkləndirdiyi” ölkələrə, latın Amerikasında və ərəb dünyasında Qərbin əvvəl yaradıb, sonra devirərək xalqı “zülmündən xilas etdiyi” diktaturalara baxanda bu metodun təkcə filləri deyil, insanları, xalqları da itaət həzzinə qovuşdurduğuna şahidlik etmək olar. İşin siyasi tərəfini çayxanaların və sosial şəbəkələrin öhdəsinə buraxaq. Bizi maraqlandıran sual başqadır; qorxu mühiti necə yaradılır, qorxu hissi necə kollektiv duyğuya çevrilir? Fillərin nümunəsində gördük ki, hindlilər filləri tələyə tək-tək salıb ram edirdilər, sonra bu ram edilmiş tək fillərdən ibarət itaətkar bir fil sürüsü yaranırdı. Bu itaətkar sürüdəki filləri birləşdirən biopsixoloji amil qorxunun və xilaskarın eyni olması idi. Eyni üsul cəmiyyət həyatında da keçərlidir. Hakim zümrələr əvvəlcə şəxsi qorxular yaradaraq sonra onları ümumi bir xilaskarın mərhəmətinə həvalə edirlər. Məsələn, hər kəs özünün cəhənnəmindən qorxur, qonşunun cəhənnəmdə yanacağı fikri heç kimi maraqlandırmır, hər kəs elə bilir ki, cəhənnəmdə tək yanacaq. Əsas məsələ bu şəxsi cəhənnəm qorxusunun hamılaşması və kollektivləşməsidir. Elə ki ayrı-ayrı şəxslərin cəhənnəmi ümumiləşdi, bu zaman teokratik mafiya ümumi xilaskarı, məsələn, İsa Məsihi ortalığa çıxarır.

Çətin bəy kitabında yazır, qorxduqları üçün əzab çəkən insanlar, özlərinə oxşayanlarla bir yerə yığışaraq birgə əzab çəkəcəkləri sosial və siyasi quruluşları yaradırlar. Beləliklə, öz dərdlərini iztirablara birgə dözmə ittifaqına çevirirlər. Tək-tək qorxmaq əndişəsini birlikdə qorxmaq rahatlığı ilə əvəzləyirlər. Diqqətlə baxsanız görərsiniz ki, hamının qorxduğu cəmiyyətlərdə heç kim özünü qorxaq hesab etmir. Çünki təşkilatlanmış qorxaqlıq özünəməxsus bir cəsarət yaradır. Ramiz Rövşənin “Qorxaq köpəklərin igid sürüsü” misrasında deyildiyi kimi. Bunu da mən əlavə edirəm Çətin bəyin dediklərinə.

Bu cür “igid qorxaqlar”ı həmişə totalitar sistemlər yetişdirir. Bəs totalitar sistem necə yaranır? Bunun yeganə yolu var; bütün cəmiyyət vahid inanca, vahid ideologiyaya səmimi-qəlbdən inandırılır. İnanmaq istəməyənlər Spinoza kimi təqib olunur və yeri gələrsə, öldürülür. Bizim ərəblərin gəlişi ilə başlayan və rusların gəlişi ilə “çiçəkləyən” “Qorxu çağı”mızın ömrü ona görə uzun oldu ki, islama və kommunizmə qarşı qoyduğumuz ideyaların totalitarizmini, yəni “qorxaq igidliyini” yarada bilmədik, yəni bir azərbaycanlı orucunu pozmaqdan qorxdu, amma müsavatçılıq, cümhuriyyətçilik ideyalarını itirməkdən qorxmadı. Torpaq itirməkdən qorxmadı, alçalmaqdan qorxmadı. Qorxsaq da bu qorxunu kollektivləşdirə, təşkilatlandıra bilmədik. Ona görə Rəsulzadənin qurduğu cumhuriyyət cəmi 1 il 8 ay yaşadı. Çünki xalqda cümhuriyyət itirmək qorxusu yox idi. Cümhuriyyət qurucuları isə totalitarizmin klassik gücünü, məsələn, Atatürk kimi “iyiyə kullanmaq” məsələsində ya naşı, ya da çox “kövrək” idilər. Amma sovet hökuməti və onu itirmək qorxusu ümumi düşmənə (ağlara, faşizmə) qarşı təşkilatlandı və bu gün də olmayan sovet hökumətini itirməkdən qorxanlar var aramızda. Çünki cümhuriyyətdən fərqli olaraq, sovet hökuməti əvvəlcə onları əhilləşdirilən fil kimi qara paltarda mismarlı dəyənəklərlə al qanına qəltan edib, sonra ağ paltarda yaralarını sarımışdı.

Çətin bəy hətta dövlətin yaranmasını da qorxuya bağlayır: “İnsanlar ayrı-ayrılıqda əzab çəkməyin hərc-mərcliyindən ümumi ağrıların güvənliliyinə sığındılar. Hobbsun dediyi kimi, “Öz şəxsiyyətlərinə bab olan bir hakim təyin edib, bu hakimin ortaq rifah və təhlükəsizliklə bağlı edəcəyi və ya da etdirəcəyi məsələlərdə həmrəy olmağı qəbul etdilər" və öz varlıqlarını o hakimin varlığına, öz iradələrini o hakimin iradəsinə, öz ağıllarını o hakimin ağlına və öz əxlaqlarını o hakimin əxlaqına tabe etdilər. "Beləliklə, hər kəsin eyni qorxu təşkilatında birləşməsi" təmin edildi. "Bununla da tək bir şəxsiyyət halında birləşmiş olan icma dövlət adlandırıldı".

Bu yerdə fransız filosofu Qustav le Bonnun “Xalqların xarakteri” kitabından bir sözünü xatırlayacağam. “Xalqların qənimi” ləqəbli bu adam yazır və müharibələr üzərindən sübut edir ki, heç bir xalq tarixdən dərs almır. Yəni bir xalq icmalaşma, təşkilatlanma kimi şeyləri kitab oxuyaraq, başqalarının tarixinə baxaraq özündə yarada bilməz. Bundan ötrü xalqın ümumi qorxuları olmalıdır; sürgün illərinin yəhudiləri kimi. Əgər baxıb, oxuyub təşkilatlanmaq, icma halında birləşmək mümkün olsaydı, islam nümunəsi bizə kifayət idi. Ümumi allah qorxusunun ətrafında təşkilatlanmış mücahidlər nəinki dövlət qurdular, imperativ gücə çevrilib islamı dünyanın yarısına yaya bildilər.

Mən bunları yazmaqla itaəti öymürəm, əksinə, demək istəyirəm ki, ölkə o zaman müstəmləkəyə, xalq oz zaman köləyə çevrilir ki, onun ümumi qorxularını başqaları yaradırlar. Ölkə və xalq o zaman azad olur ki, özü öz qorxularının sahibinə çevrilir. Özü öz qorxularını yarada bilməyən xalqın bütün yazdıqları, oxuduqları cəfəngiyat və təfərrüatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm