Bir qadını qovurmaq istəyirsənsə...
Bizi izləyin

Köşə

Bir qadını qovurmaq istəyirsənsə...

Leyla Sarabi

Bir qadına eşqdən çələng hörmək istəyirsən? Övladını sev yetər...

Ürəyinin simlərindən yun əlcək toxuyub üşüyən əllərini isitmək istəyirsən? Balasının üzündən öp. Əlləri də, nəfəsi də sənə isti qucaq açacaq.

Bir gün o qadının dərisini çimdik-çimdik qoparıb qovurmaq istəsən, övladının canını al. Və inan mənə, tanrı olub səmada gizlənsən də, səni tapıb yer üzünə endirəcək. Görmədiyin, bilmədiyin əzabları qaynar-qaynar boğazına tökəcək. Dua adlı qarğışlarla qulağını kar edəcək. Onun dəli uğultusu səni hər göz qırpımında öldürəcək, sonra yenə dirildəcək. Bir qadını övladından ayırmaqda sən necə də acizsən, Allah.

***

Bu ətirdi, bu da yəqin yeni aldığım eynəyin futlyarı, amma bu ölçüdə qələm qabım da var axı... Açarlar, pulqabı, oğlumun oyuncaq maşını...Nəhayət, gözəlim, nəhayət. Qərinələrdən bəri yerin dibində onu gözləyən həyat iliksirini tapmış kimi tələsik telefonunu çantadan çıxardı.

- Yoldayam, əzizim. Artıq çatıram.

+Ehtiyatlı ol. Deyirlər son günlər əsəbi heç yerində deyil. Özü də emalatxanası gözdən lap uzaqdadı. Telefonunu yanında saxla, tez-tez zeng edəcəm sənə.

- Artıq qapını açıram. Narahat qalma.

İliksirini yenə çantanın dibində bir köşəyə atıb, zindan qapısı açırmış kimi əlləri titrəyərək içəri daldı. Sonsuzluq qədər ucsuz, işıqlı zülmətə ayaq basdı. Hündür divarlarların lap ürəyinin üstündəki pəncərələrdən içəri solğun günəş işığı tökülürdü.

- Payız günəşini heç sevmirəm, eşqi tükənmişlərin sevişməsinə bənzəyir. Payız yağış olub ağlamalıdır, köhnə parça kimi solub süzülməlidir. Mənə bənzəməlidir...

+Amma əsərləriniz əksini deyir. Bahara oxşayırsınız.

Yanağındakı rəngləri bir zamanlar bəyaz olduğunu çoxdan unudan parçaya silə-silə ona doğru yaxınlaşdı.

- Bilirsən bəzi qadınlar var... Artıq heç nədən, heç kimdən qorxuları qalmayıb. Nə çayın daşmağı, nə dənizin coşmağı heç nə maraqlandırmır onları. Necə göründükləri də veclərinə deyil. Küçədə çılpaq gəzsələr, tükləri ürpənməz. Dünya ayaqlarının altında xıncım-xıncım olsun, əhəmiyyət verməzlər.

+Və siz o qadınsınız.

- O qadın mənəm.

+Şad oldum. Son vaxtlar yaradıcılığına heyran qaldığım yeganə rəssamsınız. Müsahibəyə gəlmişəm.

- Bura gəl, sənə bir şey göstərəcəm.

Qəribdən də qərib rəsmin qarşısında keçdilər. Ömrümdə belə hüzn görməmişəm. Damcı-damcı kövrəldi. Tabloda üzünə bəşəri sıxıntı çökmüş qadın təsviri vardı, bir əlində də gülən maska tutmuşdu.

- Bu, mənim rəfiqəmin qızıdır. Qucağımda böyüyüb, öz balam kimi yanıram onun üçün. Elə zərif ruhlu, incə hissli qız idi ki... O, piano çalanda mənim rənglərim dilə gəlirdi. 5 yaşlı oğlu bir gecənin içərisində əbədi yatdı. Elə bil anasının bütün yuxusunu özü ilə apardı. Uşaq gedəndən qızım ancaq dərmanların hesabına huşa gedir. Oyaq olanda da qəhqəhə ilə ağlayır. Onu hər görəndə ürəyini sinəsindən çıxarıb, yerinə daş parçası qoymaq istəyirəm. Belim bükülür.

+( gəlmiş keçmiş bütün müqəddəslər, balamı qoruyun- deyə düşünüb ağır-ağır udqundu) Sizə bahar deməkdə yanılmamışam.

- Ahh qəşəng qız, heç kimə demə, mən əriyən buzam. Sən hələ ehtirasdan alışdığım, ərimi oyduğu daşa da qısqandığım vaxtlarımda tanımamısan məni. Bir gün hər yer qırmızıya boyandı, və dərdə boğuldum. Mənim üçün matəm rəngi qara deyil, qırmızıdır. Qara boşluqdur, quyunun dibidir, amma qırmızıda içimi deşən qan qoxusu var. O qoxu hər zərrəmi keyidir. Nə yaxşı ki, ərimin sənəti var. İllər boyu öz kişimə qısqandığım bu qüsursuz "qadın" məni özünə möhtac qoydu. O, məni buxarlanmaqdan qorudu. Ərimin can verdiyi daşlara baxıb rənglərə bürünmək aclığı duydum. O vaxtdan göz yaşım quruyub, indi rənglərlə ağlayıram. Bu otaqda yatıb-dururam. Acanda da durub rənglərə qarışıram.

+Allahınız rənglərdir?

- Əvvəllər Allahı sevməyə vaxtım yox idi. O da qısqanıb ən böyük eşqimi aldı, əlimdən. İndi bütün məhəbbətimi Allahın boynuna yükləmişəm. Bəzən onu bezdirdiyimin fərqinə varıram. Bizi görüşdürənədək sevgim altında əzilməyə məhkumdur.

İçində cəhənnəmdən də qovulmuş şeytan rəqs edən yaşıl gözlərini divara zillədi.

- Məncə, müsahibən üçün bu qədər söhbət bəsdir. Yuxuluyam, yatacam.

Məsum-məsum üzünə baxan düşüncəli gözündən öpüb, qapını açdı.

- Get!

Emalatxanadan çıxıb dərin nəfəs aldı.

Bu otaq doğrudan da zindandır. Yəqin dünyada insanın özünə kəsdiyi cəzadan ağır hökm yoxdur.

Tələsik telefonunu axtarmağa başladı, yenə eyni əzabla birtəhər çantanın dibinə çökən iliksirini çıxardı. Oxunmamış mesaj vardı:

“Sənə deməyi unutdum, bir müddət əvvəl oğlu intihar edib. O da rəssam imiş...Ona görə havalıdır.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm