Sevmədiyimlə seviş, sevdiyimə toxunma...
Bizi izləyin

Köşə

Sevmədiyimlə seviş, sevdiyimə toxunma...

Leyla Sarabi

Mən bir daha doğulsaydım, ən özümdən quru heykəl yaradardım. Dırnağımla kirpiyimlə, dişlərimlə, gündüz köpük, gecə sönük yer üzündə laxta qanla azıb qalan damarımla içini də çölünü də bəzəyərdim. Ürəyim də tələsməyə yeri, gecikməyə vaxtı olmayan can üstündə qoca nəbzi... Həm quş kimi, həm təmkinlə döyünərdi...

Ruhumu da körpə pişik azdıran tək qaranlıqda itirərdim. Artıq onu bəzəməyə vaxt getməsin, içim, çölüm bir-birini deşməsin. Axı ruhun tökdüyünü bədəndi yığıb-yığışdıran... Eşqə düşdüm, parılda! Mən ayrıldım, sən ağla! Bir müddət öləcəm, sən yaşa! Mən çılpağam, sən geyin! Burda yoxam, bildirmə... Sevmədiyimlə seviş, sevdiyimə toxunma...

Ehsan paylayan dilənçi ruhum, sən də dincəl əlimdən.

Məgər ruhsuz bədən daha rahat nəfəs alırmış. Daşı pambıq kimi əridib çeynəmədən udarmış. Aclıq qoxan nəfəslərin üfunəti onu ilan kimi sancmazmış. Bombaların yağış kimi bu dünyanı yuduğunu düşünərmiş.

Vicdan, röya, görən yemək növüdür? Bəlkə mahnı adıdır? Yox, əzizim, ruhdan yetim quru vücud heç balıqqulağında da nəğmə səsi axtarmazmış. Sözləri də zibil kimi səpələrmiş aləmə.

Quru bədən doğma ələ toxunmağın həzzini də anlamaz. Duyğuların duymasa da kimlə gəldi vəhşi kimi sevişərmiş. Zibillikdə eşələnən qarını düşünməzmiş. İpək yataq tikan olub dərisini deşməzmiş.

Bu gedişlə haldan düşüb ölmərəm. Xoş halıma əllərimlə önümə ölümsüzlük səpmişəm.

Mən əbədi diriyəmsə, atasının qucağında qırmızı suya bürünüb gözün yuman uşaq kimdi, bəs?

Qara pişik ölü canın qan iyinə qaranlıqdan çıxıb gələr bir anda. Tək nəfəslə içindəki yatmış vulkan qaynayar. Körpələrin al qırmızı köynəyinə hönkür-hönkür ağlayarsan.

Mən bir daha doğulsaydım, saçlarımın əvəzinə əllərimi uzadardım. Dünya boyda qucağıma milyon-milyon diri körpə sığdırardım. Yox, mən bir də doğulsaydım, bu dünyanın qapıların uşaqların üzlərinə bağlayardım.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm