Köşə
Notr-Dam həmrəyliyi, yaxud biz niyə bəşəri ola bilmirik?
Zümrüd Kərimova
“...Bütün səfillər yığılıb
Yenə Qavroşun başına...”
Paris Notr-Dam kilsəsinin yanmağı xəbərini eşidəndən bəri Aqşin Yeniseyin bu misraları dolanır dilimin ucunda.
856 illik tarixi möhtəşəmlik.
Bu kilsənin təməli qoyulanda mənim doğulduğum torpaqlarda Şirvanşahlar dövləti mövcud imiş. Mənim torpaqlarımda o zaman mövcud olan insanlar şah, vəzir-vəkil qanunları ilə yaşayırmış.
Minlərlə insanın əməyi, arzusu, bəlkə də qanı bahasına başa gələn bəşəri iqamətgah.
Daha çox duaların deyil, ağır yükdən beli bükülmüş, alnının tərini silməyə macal tapmayan yalavac insanların fiziki ağrılarına qarışmış mənəvi iztirablarını soyuqqanlılıqla özündə həbs edən divarlar. Tarixin ən əzəmətli, ən uzunömürlü əsərləri belə yaranıb. Tanrıya sevgisini göstərmək yanğısı ilə çırpınan insanların qanı bahasına. Bu yerdə Misir piramidalarını, Çin səddini xatırlamaq lap yerinə düşər. O divarlarda insanların kəllə sümüklərinin, qollarının, hətta bütün bədənlərinin inşa olunduğu heç bir müasir bəşər övladına sirr deyil.
Düşünmədən dura bilmirəm. Yəni doğrudanmı, insan övladı bu qədər fədakardır?
***
Bu hadisədən sonra sosial media iki yerə bölünüb: Notr-Damın qarşısındakı fotoları ilə birgə xatirələrini və üzüntülərini bölüşənlər və bu üzüntülərini bölüşənlərin reaksiyasını qınayıb, “öz tarixi abidələrin dağıdılanda harada idin?” axmaqlıqlarını qusanlar.
“Biz niyə bəşəri ola bilmirik?” sualının dünyaya gəldiyi o an.
Bir şeyi qəti şəkildə anlamaq lazımdır. Torpaqlar nə qədər sərhədlənirsə-sərhədlənsin, ölkələr nə qədər çəpərlənirsə-çəpərlənsin, Yer kürəsi bölünmür, birdir. İnsanların ayrı dilə, görünüşə, rəngə, dinə, millətə malik olması yalnız bəşəriyyətin çeşidli gözəlliyinin reallığıdır. Bizim fərqliliyimiz bir-birimizə düşmən olmalıyıq anlamına gəlmir. Biz sadəcə olduğumuz təbiətin mühitinə öyrəşmişik. Dərimiz ona görə qaradır ki, Günəşin şüalarının daha çox düşdüyü yerlərdə bədənimiz yanıb külə dönməsin. Burunlarımız ona görə enlidir ki, həmin isti yerlərdə daha rahat nəfəs ala bilək, ciyərlərimiz yanıb külə dönməsin. Boyumuz ona görə nisbətən hündürdür ki, bəzilərimiz Yer kürəsinin maqnit qütbünə daha yaxın yaşayırıq. Əslində bu qədər bəsitdir bəşəriyyətin quruluşu.
***
Bu məqamda çoxdandır ki, məni narahat edən bir nüansı da dilə gətirməkdən özümü saxlaya bilmirəm. Təxminən, bir ay öncə Yer kürəsinin ən sakit, sülhsevər ölkələrindən biri olan Yeni Zelandiyada əlli nəfərin ölümü ilə nəticələnən terror aktı baş verdi. Ölənlərin hamısı müsəlman idi. Çünki terakt məsciddə törədilmişdi. Özü də bir yox, iki. Cinayətkar saxlanıldı, ölənlər dəfn edildi, yaralılar müalicədədir. Bu qədər. Olayda sadəcə ölkənin baş nazirinin qadın olması reallığı ilə tanış olduq və o, bir-iki qısametrajlı təsəllisi, müsəlmanlara dəstək məqsədli gözdən pərdə asmaq üçün uydurulmuş əttökən hərəkətləri ilə gündəmə düşməyi bacardı. Bu qədər...
Təxminən, bir ay sonra isə xristianların müqəddəs ibadət məkanı olan Notr-Dam yanır. ABŞ prezidenti, İspaniya, İngiltərə baş nazirləri, Almaniya kansleri, NATO-nun baş katibi, Avropa Şurasının sədri və bu kimi ali səlahiyyətli rəsmi şəxslər bir ağızdan başsağlığı verir, üzüntülərini dilə gətirir, həmkarlarının yanlarında olduqlarını ifadə edirlər. Hətta Rusiya bir az da irəli gedib tarixi binanın yenidən bərpası üçün əlindən gələni əsirgəmək niyyətində olmadığını elan edir. Çox doğrudur, mən də razıyam ki, bu, tarixi faciədir. Kədərlidir. İnsan heyfislənməyə bilmir. Az qala bir eraya yaxın yaşı olan bu divarların dili olsa, hansı həqiqətləri danışmaz? Amma faciə nə qədər genişmiqyaslı olursa-olsun, bir insanın həyatına son qoyacaq qədər dəhşətli ola bilməz. Çünki divarlar yenidən öz əzəmətini geri qaytarmaq qüdrətindədir. Amma insan ömrü bərpa oluna bilmir. Çünki adamın ikinci dəfə atası olmur həyatda. Çünki kəsilən ayaqların yerinə başqası bitmir...
Dünyanın ən böyük insan kütləsinə malik olan xristianlıq 4 divarın arasına bu qədər təsəllini, dəstəyi, qayğını, birliyi sığışdıra bilmişkən, niyə müsəlmanlar eyni həmrəyliyi göstərə bilmir? Niyə kiçik bir günah üstündə şallağın başı üstünə qaldırır? Özünü Allah qismində hiss edən bir müsəlman ölkəsi Yeni Zelandiyadakı qətliama rahatlıqla, heç bir şeyin ona aidiyyəti yoxmuş kimi davrana bilir? Görəsən, bu ayrı-seçkiliyin sirri nədədir?
Düşünə bilərsiniz ki, yaman çox sual verirəm. Bu yerdə sual yox, dəqiq bildiyim bir cavab verəcəm. Uzun müddətdir ki, cavab axtarmaqdan vaz keçmişəm. Mənim üçün həqiqət cavablarda deyil, doğru tapılmış suallardadır. Ancaq yenə də, yenə də heç bir həqiqət məni şüursuz bir insanın axmaqlığına, vəhşiliyinə qurban gedən əlli nəfərin reallığı qədər narahat etmir. Parisin Notr-Damı da, Hüqonun Esmeraldası da. Əgər Esmeralda doğrudan da, Kvazimodanın halına ürəkdən acısaydı, onun verdiyi su Notr-Damın ərşə qalxan alovunu söndürə bilərdi.
Əgər insanlar Tanrının həqiqi varlığını qəlblərində doğrudan hiss etsəydi, bəşəriyyətin nə məscidlərə, nə kilsələrə ehtiyacı olmazdı. Nə də orada baş verən faciələrə üzülməyə səbəbi yaranmazdı...
İndi Parisin bütün Tanrıdan yetim qalmış evsizləri hara yığılacaq?
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı