Ayrılığın ətri - II YAZI
Bizi izləyin

Köşə

Ayrılığın ətri - II YAZI

Leyla Sarabi

İki gözcüklü mənzilin alnındakı mətbəxdə oturmuşdu. Telefonun masaya ötürdüyü elektrik şokuna oyandı. Həyəcandan üfürə-üfürə burnu ilə dumanına toxunduğu qaynar kofeni bulaq suyu kimi ciyərinə tökdü. Boğazından axan qaynar şəlalə içini göynətdikcə, ruhu ilə vidalaşan bədəninə gah zarıyıb, gah da qəhqəhə çəkmək istədi. Tez telefonunu əlinə alıb e-mailini yoxladı. Fransada universitetə qəbul olunmuşdu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Otağın divarlarına kar sükut çökdü. Elə bil dili də nazlana-nazlana kofenin ardınca ciyərinə köçmüşdü. Bədəni nə qədər lal otursa da, içində Luvrun Mona Lizasını zədələmiş Mister Bin vurnuxurdu.

Bu da son... Lap tutaq ki, qəbul olundum. 5-10 manatım da bir müddət əlimdən tutacaq. Bəs sonra? 5000 kilometr uzaqlarda parasız-pulsuz nə edəcəm? Kabaredə oxuyacam, yoxsa yanıma bir it alıb küçələrdə dilənəcəm? İçindəki Ümidə oyandı (düşünürdü ki, paralel dünyada adı Ümidədir, amma ağ ayıdan betər il uzunu yuxu ilə sevişir. O, fikirdən boğulanda içi sirkələnir. Ümidə də oyanıb minnətlə bir təsəlli atır. Sonra yenə yuxusunun ağuşuna girir)

Biz səninlə bu mövzuları danışmışıq axı. Uzaq başı uşaqlara baxarsan, kafedə işləyərsən. Özü də Fransada tələbə biletinlə hər yerdə yaşıl işıq, endirim, mərhəmət... Daha nə istəyirsən? Bir dəfə də ürəkdən sevinib, ruhunu sevsən, ölərsən?

Ömür boyu can atdığın sevgiyə qovuşmaq bu qədər tragik olmamalıdır axı... Amma yenə nəfəsi borunun paslanmış nöqtəsində tıxanıb qaldı. Yox mən anlayıram, ən böyük arzuma çatdım, 2 ay dəli dərmanları içəndən sonra bu fürsət mənim cənnətim ola bilər... Bəs mən o cənnətə addım atmaq istəmirəmsə? Elə bu üfunətin qoxusunu üstümə örtüb çürümək daha rahatdırsa? Ümidənin pişikvari mırıltısı Məryəmin mədəsini titrətdi.

Burnuna təzə yarpaq dolmasının vəhşi öpüşləri doldu. Məryəm üçün həyatda yemək anlayışı qoxudan ibarət idi. Hər yeməyin, meyvə tərəvəzin öz ətri, o ətirə bürünən bədəni vardı. Məsələn, yarpaq dolması ilə xiyar qoxusunun vəhdəti çox ehtirassız Monika Belluçiyə bənzəyirdi. Yatmış zərərlərini oyadan bu xəfif ləzzət burnuna verdiyi həzzi tamlığı ilə damağına öturmürdü. Hə bir də qovun ətri vardı... Elə bil, ay boyu yeni il gecəsini gözləyirsən , bir paytaxt salatı yeyib doyursan. Saat olur 12 tamam... Anlayırsan ki, bayram elə bu bəsit məqam deməkmiş.

Məryəmin fransızcada sevdiyi bir söz vardı - silaj (sillage)...

Kimsə səni tərk edəndən sonra burnunda qalan ətir.

Tez-tez silaj dəstələrini təmizləyir, bol suda yuyub yenə yaddaşının təzə maaş alımış kasıb soyuducusunda gizlədirdi. Əslində ayrılıqlar bir-birindən acısına yox, ətrinə görə fərqlənir. Ummadığın anda gəlib nəfəsinə qarışır. Ürəyini elə zorlayır ki, ciyərin yorğun düşür. Ətirdən daha qəddar yaddaş varmı görəsən...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm