Putinlə gələcəyin aqibətini həll edən azərbaycanlı
Bizi izləyin

Köşə

Putinlə gələcəyin aqibətini həll edən azərbaycanlı

Leyla Sarabi

Günəş gecənin şirin göz yaşları ilə şüşələri naxışlayırdı. Qara pişik üz-gözünü önündəki süd qabına bulaşdırıb quyruğuna yamaq edilən zülmət mifi ağ günə çıxartmaqla məşğul idi. Ayağının altında növbə ilə rükuya əyilən nəm otların qoxusu payızın melanxolik damcılarını, ruhundakı mövsümü keçmiş gün ocağına səpələyirdi.

Küçələrin canına darışan yarpaq çipslərinə baxdıqca fikirləri ovulurdu. Əslində təbiətin ən qlobal işgəncəsi fəsillərin əvəzlənməsidir. Əslində fəsillərin əvəzlənməsi təbiətin ən xəstə halıdır. İnsan azca daha şüurlu məxluq olsaydl, bəlkə bu aqreqat durum nəbzini əridərdi.

Amma indi tam başqa fəzaya köklənmişdi. Tək istəyi Kozıryovun zaman çarxına minib son iki saatı yaşanmamış yaşıllığa çevirmək idi.

Xub...

Beyninə dörd fəsli birdən sığdıran “Ölü canlar”ın Çiçikovunun sayıqlamalarını unutmaq asan olmayacaqdı.

Migel de Servantes dövrünün ac intelligentlərini belə mədh edirdi: Onların cibində qara qəpikləri qalmayıb. Amma əllərində daim diş çöpü gəzdirirlər. Bununla hələ də ən bahalı restoranlarda nahar etdiklərini sübut etməyə çalışırlar.

Bu beş əsrdə dəyişən yalnız nəsnələrdir, proses olduğu kimi qalır. Diş çöpünü inomarka avtomobillər, adını tələffüz etməyə beyin ölçümüz yetməyən brend məhsulları əvəzləyir. Bəzən illüziyanın dibinə elə gömülürük ki, yuxunu gerçəkdən, yalanı palandan ayıra bilmirik.

Dinlədiyi yalan ssenarini yol boyu qulaqlarından hərf-heca qarışıq tozlu küçələrə tökürdü.

Axı bir insan eyni anda bu qədər məkana, zamana özünü necə sığdırır?!

***

- Nənəm Napoleonun Jozefinaya hədiyyə etdiyi Strazburq sarayında, onların himayəsində böyüyüb.

- Əminsiniz? Axı Jozefina özü o sarayda heç vaxt yaşamayıb.

- Sizə nənəmin sarayındakı ayaqqabı otağının böyüklüyündən danışım, yoxsa xəz kolleksiyası qorunan köşəsindən?

***

Geneoloqlar bizim nəsil şəcərəsini araşdırarkən məlum oldu ki, ulu babamız Homer olub. Fakt dəqiqləşəndən sonra qərara gəldim. Məhkəmə yolu ilə “İliada”nın əlyazmasını Azərbaycana gətizdirim.

***

- Elə mən özüm dəfələrlə Rasputinlə bir məclisdə dünyanın gələcək aqibətini müzakirə etmişəm.

- Bəlkə Putin demək istəyirsiniz?

- Yox, canım. Nə danışırsınız?! Mən nə dediyimin fərqindəyəm.

- Bəs bu fövqəltəbii həyat hekayənizi daha böyük kütlə ilə bölüşmək istəmirsiniz?

- Sənə bir sirr açım. İndi danışdıqlarımızı aləmə car çəksəm, sehirli diş çöpüm qırılacaq. Ayaqlarım yumşaq havadan qopub torpağa yapışacaq. Yer üzündə yerin hər üzündən agah, milyonlarla bədbəxt yaşayır. Mən də onlardan biri olacam. Xoşbəxtlikdən xəyallarımın gerçəyə dönmək şansı yoxdur. Görürsən, əslində mən dəli deyiləm, arzularında yaşaya bilmədiyin üçün sən ağılsızsan.

Çantasını götürüb palatadan çıxanda divarları oynadan qəhqəhə səsi dodaqlarını titrətdi. Son dəfə ciyərinin ən içindən nə vaxt güldüyünü unutmuşdu.

Artıq günün yarısını alaçiy gün vurub əritmişdi. Amma o dəli fikrindən çıxmırdı. “Bəlkə də sən haqlısan. Bəlkə də sən daha gerçəksən. Yəqin gecələr yatağına girəndə, filmdəki təlxək libası geyinmiş müdrik kimi əynindəki divanəni soyunursan. Sonra bizi bircə-bircə xatırlayıb, səhərədək kif bağlamış ümidlərimizə ağlayırsan.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm