Da Vinçinin Bakı metrosunda gəzən qəhrəmanı kimdir?!
Bizi izləyin

Köşə

Da Vinçinin Bakı metrosunda gəzən qəhrəmanı kimdir?!

Leyla Sarabi

Adamların cəm toplaşdığı məkanlara and olsun ki, yeni növ ünsiyyət formalaşır. İnsan öz izni ilə gözəgörünməz dəli köynəyinə bələyir bədənini. Məqsəd virus palçığına batmamaqdır, səbəb virus çamurundan qorunmaqdır. Mövcud şərtlərin bünövrəsini qoyduğu bu xaosu "post-okulistika" adlandırardım.

Od ölkəsinin Günəş insanıyıq biz. Yeri gələndə küləyə toxunub titrəməliyik, ovcumuzu torpaq isitməlidir. Əllərimiz, dodağımız, dilimiz mütəmadi çalışmalıdır. Bu əzaların virus qısıtlı hərəkəti orqanizmin bütün emosiyalarını bir cüt gözə toplayır. Biz əzəldən baxışmağı sevən millətik, amma indi uzaqdan gözlərimizlə didib bitiririk bir-birimizi. Günəşə möhtac quru avropalı kimi məsafə alışqanlığımız yoxdur. Dəlisov italyan temperamentindən doğan balkon estetikasına tək alternativimiz siqaret çəkib, tum tüpürən qonşularımızın unikal performansıdır. İnsanlar acdır. Ayın sonunadək cibindəki qəpik-quruşla "aryol i reşka" oynayan fəhləsindən tutmuş, hər metrostansiyasında Da Vinçinin Vitruviyalı kişisi sayaq şəkil dəyişənlərinədək hamı gündəlik rutin acıların acıdır.

Mən qorxaraq bu qənaətə gəlirəm ki, karantindən sonra zorakı ünsiyyət problemi var olacaq. Ötən əsrin 80-lərini xatırlayın. Yalnız cəmiyyətdə güclü mövqeyi olanlar toylarını videoçəkilişlə lentə həkk edirdilər. Lakin kütlə nə qədər görmüş, bilmiş olsa da, kamera önündə hansı şəkillərə düşəcəyini təxmin etmirdi. Çünki təcrübə dovşanları idilər. Hətta rəqslər belə zombisayağı, ölçüb biçilməmiş fraqmentlərdən ibarət idi. Getdikcə əziz xalqım özünü kənardan izləyib, daha səliqəli davranmağa başladı. Bununla da toy etikası, toy konstitusiyası formalaşdı. Bilirsiniz də, Yasamalın bəzi küçələrində avtomobillər də canlı orqanizmdir. Bu rayonun qarmaşığından özü də əlini üzüb. Bu bohem küçələrdə adətən işıqforlar çalışmır. O qədər həssas olmalısan ki, dəmir bədənlə bir-birinizi bir addım məsafədən anlamalısınız. Evdə çox qaldıqca bu həssasiyyətim də öləziyir. Küçəyə çıxan kimi bədənim kallaşır, bütün fiziki, mənəvi ağırlığım gözlərim üstə düşür.

Bəli, bu məhdudiyyətlər aradan qalxandan sonra post-akulistikanın fəsadları günün bənövşəyi şüaları kimi dərimizi deşəcək. Xilas yolu yenə şadlıq saraylarının pilləkənlərindən keçəcək. Heç unutmuram, sinif yoldaşım 10 il sonra doğulmuşdu. Körpəliyindən o qədər pir gəzdirmişdilər ki, funikulyorun da divarlarını öpürdü. Ümid edirəm, mövludumuz 10 ilədək gözlətməz bizi. Toy-büsat mərasimlərimiz də bədənimizin kütləşmiş plastika mədəniyyətini düzəninə qaytarar. Söhbətimə tənbəl fransızların sitatı ilə xitam verirəm: Karantindən sonra bir neçə gün evdə qalıb, dincəlməyə ehtiyacım olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm