100 il sonraya çəkilən filmi harada gizlədiblər?
Bizi izləyin

Köşə

100 il sonraya çəkilən filmi harada gizlədiblər?

Leyla Sarabi

Gəlin, sizə kosmik xəbər deyim. Rejissor Robert Rodrigeslə aktyor Con Malkoviç gələcəyə film çəkiblər. Yəni, ekran əsərini 100 il sonra, təxminən 2115-ci ildə izləmək qismət olacaq. Bəlkə də o filmə baxacaq planet sakini hələ doğulmayıb. Gözümü yumub, bir əsr sonrakı Leylaya səslənirəm, hazırlaş, əziz trans-human, premyera 18 noyabr 2115-ci ildə baş tutacaq. Hələliksə, o möcüzə balaca kapsulun içində yaşayır. Özü də XIII Lüdovikin sarayında. Yəni bu gün keçmişin evində gələcəyin sənəti yuxulayır.

Bu gün keçmişin sökük-tökük komalarında ağzı qıfıllı sandıqlarda qum dənəsi sayda kapsullara bükülü hüdudsuz sənət murgüləyir. Əfsus... Onların 100 il saxlanma tarixi olmur. Çoxu bərkiyib, daş-divara qarışır. Ən yaxşı halda buxarlanıb havaya hopur. Şansı gətirsə, hansısa bəxtəvərin ciyərinə dolub, bir qurtum nəfəs alır.

Möcüzədir, kapsul sözünün müxtəlif istifadə qaydalarını kəşf edir insan. Məsələn italiyalı alimlər təklif edir ki, can bədəndən çıxan kimi embrion pozasında kapsulun içinə qoyub torpağa basdıraq. Üstünə də sevdiyi ağacın fidanını əkək. Kapsul çürüyən cəsədə qarışıb ağacı lazımi qidalandırıcı elementlərlə təmin etsin. İnsan da doymadığı dünyada yenidən doğulsun. Zeytun kimi, küknar kimi, ağac kimi, adam kimi yenidən havaya toxunsun, küləklə rəqs etsin. Çünki həyat uzun səyahətin son nöqtəsindəki bir ovuc torpaqdan ibarət əbədi dayanacaqdır.

Təsəvvür edin, məzarlıqlar meşələrə dönəcək. Sizdən doymayanlarınız yaşıl ruhunuzu bəsləyib böyüdəcək. Torpağa elə kök atacaqsınız ki, səmaya qədər ucalacaqsınız. Kapsulun adı da “Həyat”dır, yəni Mundi. Yəni ölümsüz ol. Ya da öl ki, doğulasan.

Bəzən insan içinə tikan bitirən, kökü özündən kaktus yarpaqlarını da qoparıb kapsulun içində gizlətmək istəyir.

Keçmişin ən uzaq küncünə atasan, toz bassın. İçini dəlik-deşik edən tikanlara başqasının barmaq ucu batmasın.

Torpaqda boy atmasın, gələcəyə qalmasın. Fransada tanış olduğum amerikalı həkim rəfiqəm tez-tez kapsul sifariş edirdi. Allahın kömürünü də, Koreyadan gələn acı məlhəmləri də əzib içinə doldururdu. Bir dəfə balıq yeyib zəhərlənmişdim. Kömür dolu 20 kapsul doldurmuşdu mədəmə. Deyirdi, hər şeydən yorulanda, boş kapsula bir çimdik ümid, bir nəfəslik təmiz hava, çoxlu pozitiv doldurub su ilə içimə ötürürəm. Oyanıram. Dirilirəm. Səbəbsiz sevinirəm.

Şair deyir, hələ heç kim Tanrını görəcək qədər dərinə enməyib. Səbəb nə olur-olsun, incidikcə, ağrıdıqca içimizə daha çox nüfuz edirik. Qaranlığımızın lap dibində dirilişin kapsulu gizlənir. Açılır, bədənimizin ot-alaq basmış künclərinə yayılır. Gəl də bu işıqla yaşama...

İndi sizə ikinci kosmik xəbəri verim. 100 il sonra premyera məqamında kapsul avtomatik açılacaq, film nümayiş olunacaq. Əminəm həmin an bu kapsulun açılışı dünyanın məhəbbətə ən möhtac məqamına tuş gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm