Gilyotin altında qoyduğum başlar
Bizi izləyin

Köşə

Gilyotin altında qoyduğum başlar

Leyla Sarabi

Ən çox özümlə savaşda yenilirəm. Lap ağır işgəncələrimin memarı mənəm. Demokratik dövlətimin qüsursuz konstitusiyası paytaxtımın lap ortasında saat əvəzi gilyotin quraşdırıb. Cəzamı da, başımı da özümə kəsdirir. Etirafım sürreldır, amma inan, boş gövdə ilə gəzmək bəzən günahlardan, puç xəyallardan, həqiqətin ən iti ucundan arındırır.

Hər dəfə də cinayətimi basdırmaqçün itirdiyim başın əvəzinə yenisini cücərdirəm. Çünki bütün canilər kimi ana niyyətim məsumdur. Qalaktikada uçuşan bütün duyğuları dadmaq istəyi...

Ötən mövsüm dünya kenqurularının anası Marina Abramoviçin başını yetişdirmişdim bədənimin üstündə. Bir müddət çox razı dolanırdıq. Bəlkə sənə şablon gələr, amma məqsədim Marinanın öz xoşuyla dərisinə doldurduğu ən dərin yaraların ağrısından oyanmaq idi.

Yəqin bilirsən, yarım əsr öncə rəssam Abramoviç sivil insanları ifşa edən layihə ilə gündəmə gəlmişdi. Çəlimsiz Marina zalın ortasında durur. Yanına odlu silah, küt və kəsici alətlər qoyur. Sərgi izləyicilərinə həmin silahlardan istifadə edərək, Marina ilə xətirləri istədiyi kimi davranmaq təklif olunur. Öncə hamı utanıb, kənara çəkilir, gənc rəssamı sadəcə öpməklə kifayətlənirlər. Bir müddət sonra insanların içindəki ağzı qanlı qurd oyanır. Azğınlaşan tamaşaçılar, onu soyundurub, dərisini iti alətlərlə cızır, küt əşyalarla xətər yetirməyə başlayırlar.

Ən böyük vəhşət bilirsən nə vaxt baş verir? İştirakçılardan biri tapançanı əlinə alıb, Marinanı öldürmək istəyəndə...

Polislər sərgiyə müdaxilə edir və layihə yarımçıq qalır.

Kaş ki, Tanrı da yazdığı ssenarilərin ən ağrılı məqamında çevik polislərini yollamaq qüdrətində olaydı.

Bəzən düşünürəm ki, yaşadığımız ssenarinin, bəlkə də, ən məsum personajıdır Allah. Hansı daşdan yapışsa da, bərəkəti qeybə çəkilən ata kimi, saatlarla qazanında qaynatdığı daşı hədiyyə çevrilməyən ana kimi günahsızdır.

Marina da Allahı olduğu layihəsinin qurbanına çevrilmişdi.

Deyir, öncə hamı mənimlə oynamaq, əylənmək istəyirdi. Sonra saçımı kəsməyə, qızılgülün tikanlarını ətimə batırmağa başladılar. 6 saatın tamamında bezdim. Çılpaq bədənimdə açdıqları yaralardan qan dama-dama onların üstünə qaçdım. Öz günahlarından təngə gələn tamaşaçılar çaş bədənlərini küçəyə atdılar.

Həmin gecə Marina güzgüdə yarımcanını seyr edəndə görür ki, saçı ağarıb.

Rəssam Abramoviçin xatirələrini oxuduqca, izlədikcə başı çiynimə ağır gəldi.

Gilyotin altında qoyduğum bütün başlarımla cavabdehəm. Hətta yer üzünün bütün sakinlərinin özümdən ibarət olduğunu bilsəm belə, yad bədəndəki mənləri ağrıtmağa, nəinki, ehtirasım, taqətim də çatmaz. Mənim dərdim, mənim dərsim özümlədir.

Yaşamaq istədiyim sonsuz sayda həyata sahib olan mənlərin içindəki azğını oyatdığı üçün Marinaya qəzəbləndim o gecə. Bu ağrını mənə rəva gördüyünə görə başını üzəcəm. Polisləri də işə qarışmağa macal tapmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm