Su kiçiyindir, biz gözləyirik
Bizi izləyin

Köşə

Su kiçiyindir, biz gözləyirik

Leyla Sarabi

Mən suyun qiymətinə çoxdan susamış adamam. Suya qənaət öncəliyimdir. İnsanları da suya bənzədirəm artıq. Qazlı, minerallı suları mədəm həzm etmir. Tamı yumşaq, boğazımda tornado yaratmayanlardan yanayam.

Bu nə su epidemiyasıdır bilmirəm. Amma aldığımız xəbərlər də su sayaqdır zənnimcə. Məsələn, söz var içini buz eləyər, söz də var ciyərinin künclərini yandırıb göynədər.

Hər nəysə... Bir də həyatımın Fransadan öncə-Fransadan sonra dönəmləri var. Ömür yolumu bank hesabına bənzətsən, ən acı iflasım da, limitsiz kapitalım da Firəngistanın adı ilə bağlıdır.

Yad ailəyə gəlin köçmüşlük duyğusu kimi 2 ilə, 3 ilə iç-içə oldum deyirsən, uzun yol qət etdim düşünürsən, bir də gözünü qırpırsan ki, hələ yolun lap başındasan.

Bu duyğunu ard-arda yaşadıqca, öz məcranı müəyyən etmək azca da olsa asanlaşır. Həyatın sənin arealından ibarət olmadığını, milyondan gen, milyarddan bol canlının arasında su damcısı olduğunu anlayırsan. Dərdini izah etmək üçün çat vermiş dilini tərpətmək istəmirsən. İçindəki okeanın balıqlarını yemləmək daha əyləncəli hal alır.

Okean dedim, bir əhvalatı xatırladım. Bir ayağımı fransız yorğanına, digərini də Bakının küçələrinə uzatdığım əyyamlar idi. Həm qərb ölkəsinin qupquru mədəniyyətinə adaptə olurdum, həm də içimdə cücərən şərq qadınının torpağını sulayırdım. Məsələn, həftədə iki dəfə Strazburqun mərkəzi küçəsinə xalı kimi sərilən bazardan Alzas fermerlərin ata-baba resepti ilə hazırlayıb satdıqları fransız pendirini də, türk qardaşlarımızın piştaxtasına düzülən, Avropa insanının otdan qeyri-bir şeyə bənzətmədiyi dovğa göyərtilərini də eyni qurman ehtirası ilə alırdım.

Evə gəldimmi, pendirdən bir lay kəsib, çeynəyə-çeynəyə göyərtilərimi bol suda yuyurdum. Sonra otaqları, gecədən mühəcərini hörümçəklərin bəzədiyi balkonumu çimizdirirdim. Sonra uşağımla, üstünə azca toz qonan paltarlarımla ayinə davam edirdim. Çünki mənim xalqımın ən çox sevdiyim cəhəti var - təmizliyə çox düşkünük. Biz palçıqdan yox sudan yaranmışıq. Nəyimiz də olmasa su təmizliyimiz olub həmişə. Bir azərbaycanlını susuz qoymaq, balığı evindən qoparmağa bənzəyir.

Allah hər mövzudan tələsik digərinə keçmək vərdişimi kəssin. Onu deyirdim axı, gigiyena şərtlərinə Fransada da əməl edirdim. Hər ay su pulunu da qanunsevər vətəndaş kimi ödəyirdik.

İlin sonu poçt qutumuza məktub gəldi. Dövlətə əlavə 2200 avro su pulu ödəməli idik. Bu elə dərin şok idi ki, üzümə nə qədər su çırpsan da, ayılmayacaqdım.

Təcili vəkilə müraciət etdik. Dedi, get sayğacı yoxla. Gəldim, suyu açdım, sayğacı yoxladım. Damcısına qədər doğru hesabladı.

Bu dəfə vəkilin boğazı qurudu.

- Madam, ya sizin mənzildə hovuz var, ya da Afrikaya su xətti çəkmisiniz.

Soraqladıq ki, ay camaat, siz niyə bankrot olmursunuz? Strazburqun ən varlı adamlarından biri dedi ki, az çimirəm, paltarımı həftədə bir dəfə yuyuram, evi daha az silib, süpürürəm və sair və sair...

İndi də ölkədə su pulunun artımı içimdə iki reaksiya doğurub. Fransız Marlen düşünür ki, əcəb oldu, bu qadınların da canı təmizlikdən, sil-süpürdən qurtarar. Uşaqlarının kir-pasaq içində ciyəri möhkəm böyüyər. Hər yağış sonrası palçıqlı küçələrdə boğulan ayaqqabısını təmizləməyə vaxt sərf etməz. Beli qırılmış pandemiya girəndən bəri içi boş qalmış soyuducusuna baxıb, balasından xəcalət çəkəndə, yadına düşər ki, heç olmasa içməyə suyumuz, almağa havamız var.

Bizimkilərin qulağından uzaq, Fransada illik hava pulu da ödəməlisən. Məsələn, mənim ailəm hər il 1200 avro ciyər pulu verirdi.

Bir yandan da Afrika söhbəti içimdəki dəstəmazlı Fatmanın ağlına çox yatır. Bəlkə də bizim ödəyəcəyimiz pulun hesabına Afrikaya boru çəkib, suya həsrətlərinin gözünü doyuracaqlar?!

Afrika dedim, fikrim yenə sıçradı. Qatıldığım beynəlxalq forumların birində Afrika ölkələrindən gənc nümayəndələr vardı. Nahar fasiləsində hamımızın ilk işi su şüşələrini nişan almaq oldu. Təsadüfən bizim yaşlı vəkilimizlə Afrikalı gənc moderator eyni şüşəyə toxundular. Boho tərzli qaraca qız əsrlərdən bəri hüceyrələrinə dolan əskiklik duyğusu ilə əlini tez geri çəkib, çox məsum, bir o qədər də hüzünlü jest etdi. Bizim vəkil ana nəvazişi ilə şüşəni qızın uzun barmaqlarına kilidlədi ki, bizdə su kiçiyindir.

Bilmirəm qonağımız məsələnin kəhrizini anladı ya yox, amma ipiri gözlərindən təşəkkür yağdı.

İndi lap Marleni də, Fatmanı da, elə Leylanı da bir qırağa qoyub, su terroruna meyil edənlərə səslənirəm. Su kiçiyindir, biz böyük xalqıq gözləyirik. Siz doyub kənara çəkiləndə, bir ovuc da biz dodağımızı yaşlayarıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm