Primadonnanın limitsiz həyatı
Bizi izləyin

Köşə

Primadonnanın limitsiz həyatı

Leyla Sarabi

Mən ən çox da ətir yaddaşı bəsləyənlərdənəm. Ətir yaddaşından qəddar xatirə olmadığına əminəm. Toxuna bilmədiyin, dadından məhrum qaldığın ünsiyyətdir.

Karamel qoxusu hələ də uşaqkən məhləmizin tinindən aldığım saqqıza yapışdırır ayaqlarımı. Tərxun ətri məktəb illərimin anamlı baharıdır. Zeytun qoxulu sabun isə onun evi, otaqları, yarımcan qardaşının xəstə yatağıdır.

Həmin gün də burnumdan ciyərimə qorxu ilə birgə çəkdiyim həmin spesifik qoxu.

I hissə burada:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ayağımı içəri atan kimi divarlara divanə bağırtı yayıldı. Dəhşət içində üzümü sağa çevirdim. 60-65 yaşlarında 50 kiloluq canı ilə yatağından qalxıb üstümə cummağa çalışan kişi bədəniydi. Sanki sevdiyi oyuncağını əlindən almışdım. Qoca körpə ən primitiv söyüşləri üstümə tökürdü.

Dağınıq müəlliməm tez özünü toplayıb qardaşını sakitləşdirməyə başladı. Sonra siyasi diplomatiya ilə məni yumşaltmağa başladı:

- Məni sənə qısqanır. Şouqərib məni hamıya qısqanır. Elə bilir başqa adam gəldisə, onun qeydinə qalmayacam.

İlk dərsimiz sönük keçdi. Məkana da, mühitə də hakim deyildim. Ümumiyyətlə, qorxu təzadlı duyğudur. Ayaqları ilə rabitəni çoxdan itirmiş xəstənin yerindən qalxıb üstünə cumacağından ehtiyat edirsən. Bu hiss nə dərsə, nə də ünsiyyətə adaptə olmağıma imkan verirdi.

Xəstənin yataq otağının qapısı həmişə açıq olurdu. Bizim dərs məkanmız dəhliz idi. Yəni xəstənin çarpayısı ilə mən diaqonal şəkildə çarpazlaşırdıq. Bəzən məni qorxutmaq üçün qışqırıb gülməyə də başlayırdı.

Bu gün cəmiyyətin psixoloji əlilliyini sağaltmağa çalışan türk seriallarının içinə düşmüşdüm. Qəribəsi odur, tədricən bu duruma alışmağa başlayırdım. İnanmayacaqsan, amma əsas səbəb fantastik maraqlı dərslərimiz idi. Pəncərəsindən bayquş ulayan bu evin kitabxanası, dünya ədəbiyyatı festivalı idi. Sanki tanrı bilərəkdən bu qarını tək qoymuşdu ki, şairlərə yoldaş olub, yazıçıların əsərlərinin tozunu alsın.

Bəlkə də ədəbiyyat dühalarının əlinə su tökənini tapmadığı üçün ərə getməmişdi. Hə... bu halda ərə getmək ifadəsi tam yerinə düşürdü. Çünki evi, işi, bir vaxtlar dolub-daşan özgüvəni, qısası həyatda var-gəli üçün hər şeyi vardı. Təkcə ərdən başqa. Çoxdan xına dəyməyən saçına tumar çəkəcək titrək, damarlaşmış barmaqlar olmalıydı. Yarımçıq ömrünə ağı deyib gözünü kor etdiyi Müşfiqin də, Dürrədən küsülü gedən Səmədin də, müəllimi Vahabzadənin də eşqindən daha doğma kişi lazım idi ona.

Hər dəfə söhbət tənhalığına dirənəndə, təskinliyini şablon cümlələrə düzürdü:

- Bilirsən, necə gözəl oğlanlar sevirdi məni?! Heç birini bəyənmədim. Demək Allah məni yaratmışdı ki, bu yetimə baxım.

Yetim- qardaşına deyərdi. Valideynlərinin ölümünə görə də, 62 yaşlı kişinin atasızlığına, anasızlığına görə də özünü günahlandırırdı.

Halbuki özündən savayı varı-halı yerində, nəvə-nəticəyə qarışmış bacı, qardaşı da vardı. Amma bu evə gəlməzdilər. Elə bil, haldan düşmüş bədəni ilə dikəldib yuyundurduğu, qucağında gəzdirdiyi, yedirib-içirdiyi qardaşı valideynlərindən təkcə buna miras qalmışdı.

Valideynləri demişkən, atasından danışanda həmişə ağzıaçıq dinləyərdim. Çünki sözlərindən bu nəticəyə gəlirdim ki, atası Şüvəlana Parisin kofe ətirli küçələrindən teleportasiya olubmuş.

İxtisasca neftçiymiş. Kənddə qızını universitetə yollayan, şalvar geyinməyinə icazə verən ilk kişilərdənmiş. Bəzən zarafata salıb, “tükəzban fasonuma baxma, atam məni primaddona kimi böyüdürdü” etirafı ilə eqosunu yeniləyirdi.

Hərdən də mərhum primaddona ilə tələbəlik xatirələrini bölüşərdi. İlhamə Quliyeva onun ixtisasının rus bölməsində oxusa da, sanki elə dünən də bir məclisdəymişlər kimi memuar toplusu vardı.

Özü haqda mövcud şəraitə rəğmən inanılmaz fakt bölüşəndə, sonda mütləq sehrli cümlə işlədirdi: “İnanmırsan? Papa canı düz deyirəm”.

Bu prinsip Yeseninin sərxoşluqlarından tutmuş, Markesin sərsəmliklərinə qədər bütün təəccüb doğuran məqamların üstünə su səpərdi.

Universitet imtahanlarına lap azca qalmış bu ev mənə o qədər doğmalaşmışdı ki, dərsdən sonra birgə pirojki bişirib, Tolstoyun məişətini müzakirə edirdik. Fobiyalarımla mübarizənin yollarını öyrədirdi. Ruhlardan yox, insanlardan ehtiyat elə deyirdi.

Bu arada qardaşının adı Əlağaydı. Artıq hər gəlişimdə şokoladdan, bulkadan alıb, onu da sevindirirdim. Xəstəliyinin səbəbini də soruşmazdım. Düzü, o yaşımda bu fakt məni bir o qədər də maraqlandırmazdı.

O ev indi bomboşdur. Bəlkə də qapının hansı səmtdə olduğunu unudan qohumları otaqları bölüşdürüb dincəliblər. Mənim üçün isə hələ də dünyanın toz boyda nöqtəsində körpə qalmaq istəyən bütün qocaların anası, mənim primadonnam limitsiz ömrünü yaşayır.

İnanmırsan? Papa canı düz deyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm