Atanın ölümündən öncə məhv etdiyi qız
Bizi izləyin

Köşə

Atanın ölümündən öncə məhv etdiyi qız

Leyla Sarabi

Bir yaşdan sonra zahiri kişi gözəlliyi banallaşır. Seksist davranmayım. Hətta qadının cazibəsini də dodağının həcminə bölüb, inkubator burnuna vurmursan. Bilmirəm, bəlkə də tək mənəm belə düşünən. Amma yaraşıqlı film qəhrəmanlarına platonik eşq bəslədiyim tumurcuq dövrümdən çiçək ömrü keçib. Əsla estetikaya ögey, simmetriyaya düşmən deyiləm. Sadəcə öncəliklərim dəyişib. Artıq qarşımdakının əzmini bir cüt mavi gözə satmıram. Polad vicdanı tərəzidə cibindən ağır gəlir. Hələ beyninin içindəki xəzinəni qucaqlamaq istəyimdən danışmıram.

Bir də cəsur kişi faktoru var. Vətən savaşı da sübut etdi ki, məmləkət zəkasını iradəsinə qatıb yumruğunda bərkidən kişilərə acdır. Əsgər görəndə, eşqi təzələnən, generallarına aşiq olan, kiminin də intellektinə, vətən sevgisinə üzümlü kek dadı qatan qadınların sayı Maşanın sıyıq qazanından aşıb daşdı.

Sağalmayan bir məqam da var ki, cəmiyyətin psioxoloji travmaları üst-üstə yığılıb kif bağlayıb. Ömrünün 50-ci baharında da ana plasentasını yarıb çıxmağa qorxan, göbək bağını məzardakı kökündən qoparıb dünyanı dövrə vurmaqdan çəkinən kişiləri süfrəmizin başında ərim, atam deyib bəsləyirik.

Özlərinin yaratdığı xaousun içində komfort beşiyinə uzananlara quyruq uzadıb xilas etməyə gərək varmı?!

İş o yerə çatıb ki, artıq intiharı da budaqlara bölür insan. Sui-qəsdin formalarına görə xarakter müəyyən edirsən.

Sözümün canı çıxmadan fikrimi açım.

Bir həftə öncə sübh çağı məhəlləmizə yad kişi blokumuzun 20-ci mərtəbəsindən özünü atıb. Eyni hal 2 il öncə baş vermişdi. İntiharın ssenaristi də, baş rol ifaçısı da 22 yaşlı qız idi. Yenə seksitlik edir deyəcəksən, amma o hadisə məni də göydən alıb yerə çırpmışdı. Çünki səbəb qol gücü boyda ata boşluğu idi.

Mən intihara sürükləyən səbəbləri anlamasam da təsəvvürümün küncündə saxlaya bilərəm. Empatiya çətirimi ovuclarım kimi açıb ən qatı cinayətkarın başına tuta bilərəm. Amma sübh çağı ölümü ilə maskarad quran kədərli mimin yerə tökülən parçalarından ziyadə hansı gerçək səbəbi ola bilər? Hələ qəhrəmanlıq aktını törətməzdən öncə qızına zəng etməyinə, dəstəyin o başında vurnuxan narahat canın acısına nə ad qazandırım? Hətta səmadan kiminsə yeni cücərən dünyasının üstünə bomba kimi düşüb məhv etmək ehtimalını düşünmək istəmirəm.

Bu intihar deyil, mənəvi terrordur. Məqsədsiz kamikadzelikdir. Nəinki özündən, dünyanın hər zərrə torpağından intiqam almaq ehtirasıdır.

Məncə, intiharın da estetikası, məna yükü olmalıdır. Ən mənasız addımı atmağa qərar vermisənsə, ən dərin susqunluq içində getməlisən. Əks halda ard-arda dünyalarını dəyişib, stansiya-stansiya gəzsən də, fəzanın eyni nöqtəsinə qayıdacaqsan.

Bizim məhəllənin əhli də istənilən hadisəyə radikal münasibət bildirməkdə mahirdir axı…

Bu günədək ölümə aid ən qəddar şərhi də bizim blokun ağbirçəyindən eşitdim.

“Boynu qırılmış, özünü ödürməyə yer tapdı. Adam blokdan çıxmağa qorxur. Kişisən, get, suda batır özünü. Cəhənnəm, dərman iç. Parçalarını qapımıza niyə tökürsən?!”

Şübhəsiz insan ölümündən sonra müqəddəsləşmir, amma bir az dini ayinlər, bir az da haqq dünyası dediyimiz məfhum içimizdəki körpə vicdanı işə salır. Dilini batırmamaq üçün ağzında sıxırsan.

Məhəlləmizin ağzı dualı nənəsi ölünün parçalarını qarğıyırsa, demək dünya artıq tərsinə dövr edir.

Sui-qəsdin parçalarını bir yerə toplasaq, ürəyimi sıxan əsas məqam özünü göydən yerə çırpan “ata”nın zəng edib, ölümündən öncə məhv etdiyi qızıdır.

Bəzi kişilər şeir yazıb hislərimizi sığallamalıdır, mühəndis səmaya toxunan binalar tikməlidir, qarşısına çıxan qadınları dəli kimi sevməlidir. Bilmirəm… balçılıq edib arıların canından şirə almalıdır, amma əsla və əsla ata olmamalıdır. Yaraşmır onlara atalıq. Əlindən gəlmir qanından, canından yetişən qıza atalıq etmək. Məcbur da deyil axı… Hamı valideyn olmalıdır deyə aksiom da yoxdur.

Mən hər kəsin canında hermafrodit bəslədiyinə əminəm. İçindəki bu canlının ən azı bir əzası cüzam olub çürüyürsə, torpağını suvarmadan yeni toxumlar əkməməlisən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm