Uşaq böyütməyin İncilini yazan Mariya
Bizi izləyin

Köşə

Uşaq böyütməyin İncilini yazan Mariya

Leyla Sarabi

Reallıq budur ki, həyatımızdan çıxan kəslər müəyyən mənada enerjimizin bir qismini özləri ilə aparır. Hətta mənən yorub, səbrimizi sovuran, öz neqativində boğanlarla suyun üzündə qalmaq üçün verdiyimiz savaş gündəlik alışqanlığımıza çevrilir.

Məgər enerji vampirlərimiz özümüz də fərqində olmadan həmin məqamda yeməklə, içməklə içimizi doldurmayan böyük boşluğun qoxusuna gəlib qonur, olan-qalan şirəmizi də çəkib doyur. Mövcud durum səni də məmnun edir. Ən azı dünyada kiminsə istifadəsinə yararlı hala gəldiyinin fərqinə varırsan.

Ümumiyyətlə, insanı ayaqda tutan kiməsə lazım olduğunu hiss etməkdir. Bütün ağrılara rəğmən, biri sənə ən kobud halda möhtac olmalıdır. Bəlkə də bizə mərhəmət qatan da elə bu duyğudur. Qarşı tərəfin bədənimizə batırdığı tikanları qoparıb "məni gül kimi sevir" bəhanəsi ilə yolumuza davam etmək.

Əslində isə cəmiyyət başdan-başa yanlış tərbiyə üsullarının qurbanları ilə dolub.

Elə mən özüm hələ də bir gün anamın gəlib məni tapacağına ümid edirəm.

Mariya Montessorinin tədris metodlarını tanımayan azdır. Bu gün nüfuzlu bağçalar Mariyanın pedaqoji sistemini tətbiq edir. Uşağı körpəliyindən münbit torpaqda düzgün yetişdirmək, suyunu, havasını tənzimləməkdə ondan üstün bağban yoxdur.

Gəl ki, Mariya bir vaxtlar yeganə övladını böyüdə bilməyəcəyini dərk edib tanımadığı ailəyə verib.

Sonradan peşman olubmu? Bəlkə də olub. Amma qəribə təzada bax ki, nəzəriyyəyə hakim olduğu halda təcrübəni təcrübədən keçirmək istəməyib.

Bəlkə də səbrinin kasasında yeni qonağı bəsləməyə şorbası olmadığından, bəlkə də əsəbinin uşağın yaxasına yapışacağından ehtiyat edib.

Əvəzində də bir müddət qeybə çəkilib, uşaq böyütməyin İncilini yazıb.

Belə çıxır ki, qadının ən vəhşi missiyası, ən təbii ehtiyacı olan analıq özünü kiməsə çox lazım hiss etdirməyin yoludur. Uşaqların sayı artdıqca kraliçanın çiynindəki ulduzlar da çoxalır. Əks halda cəmiyyət olaraq təkuşaqlı ailələrə yarımçıq orqanizm kimi baxıb, barmaqla göstərməzdik.

Mən Mariyaya əsla haqq qazandırmıram. Amma ən azı Gəncədəki plastik qablaşdırma anadan fərqli olaraq o, körpəsini küçəyə atmamışdı. Daha əmin ələ əmanət etmişdi.

Mən anasına möhtac körpəni küçəyə atmağı cinayət saymıram, günah da deyil. Bəlkə də dünyanın hansısa dilində bu etinasızlığa, canla kartonu bir-birindən ayırmayacaq qədər çılpaqlaşmış insanlıq (?) halına don biçmək üçün kəlimə var, bilmirəm. Yaxşı ki, bilmirəm.

Yəqin məqamın ağrı yükünü hansısa cihaza qoşub bədənimizə yeritsəydilər, sümüyümüz ətimizdən qopardı.

Nəticə budur ki, qadın kişidən iki çimdik güclüdür. Qarşısındakı kişi bətninə körpə üfürüb qaçsa belə, gələcəyini tənzimləmək öz əlindədir.

Doğum sancısına dözən canlı gələcəyinə də sahib çıxmalıdır. Yaxud övladdan imtinada belə Mariya estetikasına əsaslanmalıdır.

Qadın yeri gəlsə qabıq dəyişən, içində yeni obrazlar bəsləyən sonsuz imkanlı planetdir. 1 körpəyə yetəcək qüvvəsi var əlbət.

Çoxuşaqlı ana olmaq yerinə çoxanalı uşaq böyütməyə gücü də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm