Köşə
Elçin Cəlilovun mahnısına ağlayan fransız
Leyla Sarabi
Bəzən duyğularımızı dəstələmək üçün xəyali obraz uydurmalıyıq. Günahlarımızı, gizli ehtirasımızı, sevgi zənn etdiyimiz sərsəmliyimizi onun əyninə geyindirib, özümüzə yaraşmadığından əmin olmalıyıq. Amma nə edəsən ki, qoca planet daha cəld davranıb özünə sığışdırmadığı nə varsa sənin qarışqa vücuduna doldurub. Sən onun qüsurlarını canın bahasına ört-basdır etməlisən. Ömrün daş qəlibini oyub adam yapmaqla, özünü tapmaqla keçməlidir. Son günlər anlamışam ki, burnundan içinə axan virus xofuna rəğmən, baharın nəfəsi də hər il öz vaxtında ciyərini döyür. İstəməsə də, xoşbəxtliyə məhkumdur bütün canlı təbəqə. Bizim ayağımızı möhkəm yerə basan da cazibə qüvvəsi deyil. Bir gün başımızın mütləq ki, xoşbəxtlikdən dönəcəyinə inanmaq istəyidir.
Mən duyğularımı yaşamaqdan, dilimə, gözümə tökməkdən utanan deyiləm. Xoşbəxtliyimin naqillərini də bəzən qayğısız nəfəsimə qoşmağı bilənəm. Hər ürək çırpıntımın melodik estetikasını hiss etdirənlərin dəyəri isə içimdəki dünyadan da genişdir. Və mən onlara ömrümün neçənci ilində rast gəlməyimdən asılı olmadan bioloji tellərlə bağlanıram. Nə ayağının palçığını saçıma silməyə çalışan oval kürə (?), nə də DNT kodlarım bu məqamda məni özünə tabe edə bilər. Dünyanın o tayında geni ayrı, irqi başqa, dinsizliyi dopdoğma, yaşı uzaq, sevdiyim bir qadınım var. O, mənim anam yeri, nənəm əvəzi, dünya boyda dostumdur. O, məni nə az, nə çox, öz arşınımla ölçür.
****
Fransada universitet imtahanına hazırlaşmaq üçün müəllimə möhtac idim. Azərbaycanlı rəfiqəm tanıdığı qadını tövsiyə etdi. Təqaüdə çıxmış fransızca müəllim bütün düşüncələrimi ağrı, ağıl vermədən yerindən oynadacaq, anamla, torpağımla bölüşməkdən çəkindiyim ən incə detallarını cilalayacaqdı. Əslində, onun ən böyük missiyası mənim beynəlmiləl, "multikultural", sizə deyim, tolerant və digər terminoloji tərbiyəm idi. O, mənə həyatı fransızca elə dilinin eşq intonasiyasında öyrədirdi. Nənəmin yaşıdı idi əslində. Amma məni görcək kiçilirdi. Ən adi məişət qayğılarıma özündən esselər uydururdu. Allahın qulağına çatmadan günahımın kuzəsini boşaldırdı.
Sanki gülüşünü üzünə estetik əməliyyatla tikmişdilər. 21 yaşında onu atıb, anasının istəyilə başqası ilə evlənən (bəli, bəli, biz tək deyilik) sevgilisinin xəyanətini də, anamdan 2 yaş böyük əlil oğlunun ömürlük əziyyətini də, bu yaşında tunisli qonşusunun 6 yaşlı oğluna himayədarlıq etməyin zillətini də o gülüşün qırışlarında əzmişdi. Könlünün daş-qaşı azmış kimi evimin qapısını da heç vaxt əliboş açmazdı. Gah oğluma hazırladığı oyuncaqla, gah bişirdiyi fransız şirniyyatları ilə, gah da qucaq-qucaq kitablarla xoşbəxt edirdi bizi. Hərdən Piafın mahnılarını eyni patefon xırıltı ilə oxuyur, bəzən də oğluma qoşulub rəqs edirdi. İlk dəfə rəqs edən müəllim obrazını da o yazıb hafizəmə.
Səyahət etməyi çox sevir. Hələ də səfər etdiyi şəhərlərin özəyindən emosiyalarını fotolarında qaynadıb mənə göndərir. Hələ də məni, oğlumu, ərimi çox sevdiyini yazır.
Heç unutmadığım bir xatirəmiz var. Mart yuxudan təzə oyanıb gərnəşirdi. Bir gecə mənə zəng edib, Feysbuk hesabımda paylaşdığım mahnı ilə göz yaşlarını silməyə başladı. Elçin Cəlilov "Ala gözlüm"... Dedi, Leyla, sən mənim dilimi öyrənməkçün pul ödəyirsən. Amma sənətin gücünə bax ki, cəmi bir mahnı mənə sənin dilini öyrətdi. Əslində, biz dünyanın unudulmuş fərqli dillərində danışsaq belə, qəlbimizi hiss etsək, hər şeyi anlaya bilərik. Elə bütün həyatımız da bu möcüzəvi ifadan ibarətdir - həzin, isti, xəfif, şaxta. Hamısını eyni eşqlə salamlamalıyıq. Çünki hamısından ibarətik.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO