Köşə
Sən mənim oyaqkən gördüyüm ən şirin yuxumsan!
Leyla Sarabi
Nə mən onun gələcəyinə inanırdım, nə də o mənim. Nə mənim ona sevgim səngiyirdi, nə də onun mənə mərhəməti. Nə mən onun yerinə ölmək istəyirdim, nə də o mənim yerimə yaşamaq.
Gözümə baxmadan görməyi, səssiz danışmağı, lal zarımağı öyrənmişdi. Yad hava əsirdi evin içində. Divarları qarla yuyub təmizləsən də, ciyərimizin külü ağarmırdı. Nəfsim yalana sarmaşıb xəstə otağında kök salırdı.
Əslində, küt duyğudur ölümü dadacağını bilə-bilə danmaq istəyin. Məsələn, mən müqəddəs yalanlara inandırmışdım onu... Ən çox da özümü...
İndi düşünürəm, bəlkə elə onun varlığı fantaziyamdan ziyadə, zeynimin yaradıcı gücündən başqa bir şey deyildi. Bəlkə onu da, aramızdakı sarsılmaz əlaqəni də ayıla bilmədiyim yuxumda özümdən uydurmuşdum. O, qızdırmadan üşüyəndə, istidən boğulmağım da, yeməkdən kəsilib, bədənindəki suyu quruyanda, stressdən acmağım da zərurətdən doğan yalanlarım imiş.
Ümumiyyətlə, çox ziddiyyətli yönlərim var. Havalar soyuyanda ən nazik ətəklərimi geyinmək, yanacağımdan əmin olsam da, alovun üstündə ayaqyalın gəzmək, günlərlə ac-susuz gəzməyə razı qalıb, hamı iştahdan küsəndə, mədəmi deşən vəhşi aclıq. Bəlkə elə o da xəyal idi. İnsanların axınına tərs gedəndə, öz unumdan yoğurub yapdığım, acıtmağa macal qoymadığım yarıminsan xəmiri.
Axı mən heç bir yuxuma illər sonra da xatırlayıb, belə çarəsiz təslim olmamışam. Mən onun bütün hallarının tək şahidi idim sanki. Ətrafındakıları qapının kəndarında saxlayıb, məni lap nəfəsinin içinə çəkmişdi. Qəribə düzənə bax, indi qapının o üzündə qalanlara da əlim çatır. Hər gün, lap hər saat toxuna bildiklərim, amma duyğu yükləri tərəzidə onun tərəfinə uduzanlar burdadırsa, o, niyə uzaq planetdə gizlənir?! Yoxluğa toxunmaq, görmək, sevmək olmursa, mən niyə təbiətə yenə zidd gedirəm?!
Əslində, yaşadığımız hər şeyin yarım qaldığını düşünürük. Ölümün vaxtsız gəlməyindən, sevgilinin zamansız gedişindən şikayətlənirik. Və bəlkə də hər şey ən doğru məqamında baş verir.
Necə ki, onun mənə son etirafı kimi: Getmək istəmirəm!
Ömür boyu ömründən narazı gəzən, gözünün içindəki gülüşü xərcləməyən, həyatın şanssız yerdəyişməsindən şikayət əsirgəməyən o, bu dəfə xəzəl canını küləyə yem etməkdən qorxurdu. Qorxusunun kökünü çürütməkçün dilimə hər yalanı dolayırdım. Dilim dolaşdıqca, onun canından çimdik-çimdik qopurdu. O, qopduqca, mənim içimə yapışırdı. Böyüyüb, boyumu aşırdı, çəkisi dizimi çökdürürdü. Mən adam olmağı da, acı olmağı da, acıyıb adam olmağı da ona bürünəndə hiss etdim. Bir səhər oyanıb yorğanının ayağıma, boyunun boyuma biçildiyini gördüm.
Bu gün özümü ikimizin yerinə sevməyi öyrənmişəm. Sən mənim oyaqkən gördüyüm ən şirin yuxumsan, anacan!
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?




































