Arifə bir işarə... - Ərşə qalxan səsin sənə lay-lay çalacaq
Bizi izləyin

Köşə

Arifə bir işarə... - Ərşə qalxan səsin sənə lay-lay çalacaq

Arifə bir işarə... - Ərşə qalxan səsin sənə lay-lay çalacaq

Dəfn edin siz məni “Zabul-segah”ın mayəsinə,
Deyirəm bəlkə məni bir gün oyandırdı muğam.

Uşaq idim. Kənddə hamı yığışıb AzTv-nin efirində muğama qulaq asırdı. Bizi də (7 qardaşın uşaqlarını) evdə səs salmayaq deyə analarımız zorla qucaqlarında oturdub gözlərini bərəldərək “Sus!” işarəsi ilə susdurmuşdu.

Böyüklər də sanki bu həyatda yoxmuş kimi susmuşdular, yeganə susmayan isə televizorumuzun içində oturmuş qara qaş, iri cüssəli, əlindəki yumru bir taxtanı (sonra bildim ki, ona qaval deyirlər) gah dizinin üstə qoyan, gah qulağının dibinə qaldıran, gah da dınqıldada-dınqıldada oxuyan kişi idi.

Evimizə sakitlik çöküb, hamı qulaq asır, hamı dinləyir. Biz əmiuşaqları isə bir-birimizə “bunlar dəli olub?” mesajı ötürürdük. Uşaq idik də, ən böyüyümüzün 6 yaşı vardı. Hardasa təxminən 30-45 dəqiqədən sonra “Muğam axşamı” deyilən o veriliş sona çatdı, sanki biz də böyük bir sıxıntıdan qurtulduq. İndi isə müzakirələr başladı.

“Ayə, zalımın oğlu əjdahadır da, əjdaha!”, “Adam dərdlərin sarı siminə toxunur da birbaşa!”, “Zalımın balası tarı, kamanı vəchə gətirir də!”, “Halaldır!”, “Zəngulələrə bax e!”, - və sair və ilaxır...

“Zalım oğlu oxuyanda, adamın ruhu dincəlir!”, - rəhmətlik nənəm elə bu fikrini demişdi, əmilərimdən biri (Adil əmim) qəfildən “mən ya öləndə, ya can verəndə, ya da qəbrimin üstə Arifi oxudarsınız!”, - dedi. Onda bildim ki, oxuyanın adı Arif imiş. Sonra özümün də sevə-sevə qulaq asacağım görkəmli xanəndə, korifey sənətkar, Xalq artisti, professor Arif Babayev.

Bizim evdə heç zaman bayağı, nənəm demiş “dingiş” mahnılara qulaq asılmazdı. Ancaq muğam, xalq mahnıları, dəsgahlar, bir də klassiklərin əsərləri hopmuşdu evimizin divarlarına. Əvvəllər elə bilirdim ki, bizimkilər onu yalnız Ağdamın Sarıhacılı kəndindən olduğuna görə sevirlər, - ata nənəm Ağdamın Novruzlu kəndindən idi, - amma yox, səbəb bu deyilmiş. Səbəb Arif Babayevin sənəti imiş – bütün respublikada, hətta bir çox xarici ölkələrdə də sevilən sənəti.

Bu gün səhər bir xəbər yayıldı. Hamı üzüldü. Axı Azərbaycan səhnəsi daha bir sənətkarını itirdi. Mən isə cisminə üzüldüm, ruhuna isə yox. Çünki mənə görə Arif Babayev yoxluğa deyil, ölməzliyə ucaldı. Mən ölənə qədər, sonra isə onu sevənlərin qəlbində, ruhunda yaşayacaq ölməz sənətkar. Bundan sonra Məcnun, Kərəm, Aşıq Qərib, Camal kimi yaddaşlarda qalacaq. Ü.Hacıbəyovun “Leyli-Məcnun”u, “Əsli və Kərəm”i, Z.Hacıbəyovun “Aşıq Qərib”i, Ş.Axundovanın “Gəlin qayası” haqda düşünəndə Arif Babayevin yaratdığı yaddaqalan obrazlar canlanacaq gözlərim önündə.

Deyərdim ki, muğamlarımız - “Şur”umuz, “Seygah”ımız, dəstgahlarımız, “Arazbarı”mız, “Qarabağ şikəstəsi”miz qəribsəyəcək onun üçün, amma bir tərəfdən də insanın ürəyində bir təskinlik var ki, həm çoxlu sayda video yazılar, həm də yetirmələri var ondan sonra. Bu ovudur bir az insanı.

Ölməzlik məqamını düşünməsək, həqiqətən də itki çox ağırdır. “Eldən gedənə el ağlayar”, - el çox axtaracaq, çox arayacaq Arif Babayevi. Arifə bircə işarə bəs idi ki, el şənliklərində insanların ürəyindən keçən züm-züməni duyub, zənguləni qaldırsın. El şənliklərini sözün əsl mənasında sanballaşdıran bir sənətkar da belə köçdü haqq dünyasına. Böyük bir xəzinə qoyub getdi. Biz göz və qulaq haqqımızı halal edirik sənə, sən də zövq haqqını, feyzyablıq haqqını halal et!

Əbədiyyətində rahat yat ölməz sənətkar, səndən əvvəl Ərşə qalxan səsin orda sənə lay-lay çalacaq: Lay-lay, Arif lay-lay...

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm