Milyarderlərin AĞLAGƏLMƏZ TƏRBİYƏ ÜSULLARI
Bizi izləyin

Maraq dünyası

Milyarderlərin AĞLAGƏLMƏZ TƏRBİYƏ ÜSULLARI

İlon Mask, Mark Zukerberq kimi milyarderlərin sərvəti barədə o qədər xəbər və yazılar yazılıb ki, artıq ürəyimizi ağrıdan o rəqəmləri görməkdən yorulmuşuq desək, yerinə düşər. Bununla belə dünyaşöhrətli iş adamlarının həyatlarının görünməyən və yazılmayan tərəfləri var ki, oxumağa, nümunə götürməyə dəyər. Məsələn, çoxuşaqlı milyarder atalar övladlarının tərbiyəsində hansı qaydaları rəhbər tutur? Və ya övladlarına hansı qadağaları qoyurlar? Onların tərbiyə üsulları sıravi insanların üsulundan nə ilə seçilir?

Publika.az bu yazıda “Milyarderlərin uşaqları necə tərbiyə edir” mövuzusuna toxunub.

İlon Mask oğlanlarına problemlərin öhdəsindən təkbaşına gəlməyi öyrədir

Planetin ən varlı adamı, “Tesla və SpaceX” şirkətlərinin qurucusu və baş direktoru İlon Mask altı uşaq atasıdır. Onun gündəlik iş qrafiki sıx olsa da, uşaqlarla keçirdiyi vaxtı ən dəyərli sərmayə hesab edir: birgə səyahətlər, gəzintilər, kitabların müzakirəsi və.s

İlonun özünün və “SpaceX” işçilərinin uşaqları üçün açdığı Ad Astra özəl məktəbi milyarderin qoyduğu təhsil, təlim və tərbiyə sisteminə əsaslanır. Onun fikrincə, uşaqlarda hər şeydən əvvəl problemlərə qeyri-standart həll yollarını tapa bilmək bacarıqlarını inkişaf etdirmək lazımdır. Məsələn, təhsil müəssisəsində “Qızıl qıfıllar” adlı tapmaca çox sevilir. Tapmacada deyilir ki, 11 uydurma planet var. Şagirdlərə bəşəriyyət üçün üç ən yaxşı və üç ən pis planetini müəyyənləşdirmək və niyə belə düşündüklərini izah etmək tapşırılır.

Nəyi nümunə götürməyə dəyər?

Kitab rəflərində çoxlu kitablar düzülüb, onlardan bəzilərini beşikdən oxumağa başlamaq olar. Daha böyük uşaqlarla ümumiyyətlə hər hansı bir kitabı və ya filmi müzakirə edə, onlardan qəhrəmanın niyə belə etdiyini soruşa və digər suallar verə bilərsiniz. Bütün bunlar özünün və başqalarının hərəkətlərinin motivlərini başa düşmək vərdişini yaradır.

Mark və Priscilla Zukerberq uşaqlarını işə aparır

“Facebook”un qurucusu Mark Zukerberq və həyat yoldaşı Priscilla 20 ilə yaxındır birlikdədir. Bir qızı və bir oğlu olan cütlük bu yaxınlarda elan etdi ki, yenidən övlad sahibi olmağa hazırlaşırlar. Keçmiş sinif yoldaşları sevinclərini və məsuliyyətlərini təkcə bir-birilə deyil, həm də uşaqlarla bölüşməyə davam edirlər. Yeri gəlmişkən, Mark iki dəfə atalıq məzuniyyətə çıxıb.

Qızların hələ beş yaşı yoxdur, amma onlar artıq atasının qucağına kod yazır, qabyuyan maşını yükləyib boşaldır, tez-tez valideynlərinin ofislərinə gedirlər. Priscilla deyir ki, o və Mark uşaqları ofisə aparırlar ki, nə ilə məşğul olduqlarını və ümumilikdə işə necə yanaşdıqlarını görsünlər.

Nə öyrənmək olar?

Həyatınızı uşaqların gözündən gizlətməyin, şəxsi işlərə cəlb edin və həyat yoldaşınızın işi haqqında danışın. Uşaqlar valideynlərinin əməyindən qürur duyacaqlar və istənilən işi qiymətləndirəcəklər.

Uorren Baffet 3 yaşından pulun idarə edilməsini öyrədir

Dünyanın ən yaxşı investoru və birjanın canlı əfsanəsi Uorren Baffet 6 yaşından işləyir. O, uşaqları öyrənməyə təşviq edir. Baffet çıxışlarında Kembric Universitetində aparılan araşdırmalara istinad edərək deyir ki, körpələrdə pul anlayışı artıq 3-4 yaşlarından başlayır.

“Valideynlər çox vaxt pulun düzgün idarə edilməsini uşaqlarına yeniyetməlik yaşlarında öyrətməyə üstünlük verir. Ancaq bu prosesə məktəbəqədər yaşda başlamaq daha yaxşıdır. Qiymət və dəyəri erkən yaşlardan müzakirə edin. Sizin iki yaşlı körpəniz oyuncaq dinozavr istəyirsə, artıq maliyyə savadlılığının vaxtı gəlib çatıb. İlk növbədə buna həqiqətən ehtiyacı olub-olmadığını soruşun. Uşaqdan oyuncağın lehinə və əleyhinə arqumentləri sadalamağı xahiş edin. Onun bu oyuncaq üçün başqa bir şey qurban verməyə hazır olub-olmadığını öyrənin”, - biznesmen bildirib.

Hansı nəticəyə gəlirik?

Baffetin baş rolda olduğu “Gizli Milyonerlər Klubu” adlı 12 seriyalı cizgi filminə baxın və müzakirə edin. Milyerderin personajı dörd yeniyetməyə bizneslərini rüşvətxor mühasiblərdən qorumağa və basqınçıları ələ keçirməyə kömək edir.

Cef Bezos 4 yaşında uşaqlara bıçaq və qayçı hədiyyə etdi

“Amazon”un qurucusu, dünyanın ən varlı adamlarından biri və onun keçmiş həyat yoldaşı Makkenzi dörd uşaq sahibidir. Onlar övladlarını sözün əsl mənasında həyatlarına dəvət edirlər: birlikdə səyahət edir, kulinariya kursları təşkil edir, çin dilini öyrənir və qonşunun uşaqlarıyla futbol oynayırlar.

Ceff Bezos pulsuz təhsil ideyasına isti baxır, ona görə də Maria Montessorinin ideyalarından ilhamlanaraq öz adına böyük bir Akademiya qurdu. Bir il əvvəl onun ilk filialı öz qapılarını aztəminatlı ailələrin uşaqlarının üzünə açdı. Bu gün pulsuz məktəbəqədər təhsil müəssisələri şəbəkəsində artıq 3 yaşdan 5 yaşa qədər mindən çox uşaq var.

Nəyi örnək alırıq?

Montessori təhsilinin əsasında “Hər şeyi uşağınızla edin” prinsipi yatır. Montessori bağlarında uşaqlar öz həm oyuncaqlarını təmizləyir, həm də piroq bişirir, salatlar hazırlayır, paltar yuyur, hətta ütüləyirlər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm