• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Nəsiman Yaqublu: "Mart soyqırımında ermənilər 30 minə yaxın azərbaycanlını qətlə yetiriblər"

  • Tarix
  • 30 Mart 2017 09:45
  • 1 706 Baxış
Nəsiman Yaqublu: "Mart soyqırımında ermənilər 30 minə yaxın azərbaycanlını qətlə yetiriblər"

Tarixçi alim Nəsiman Yaqublunun 1918-ci il mart soyqırımı ilə bağlı müsahibəsi

- Nəsiman müəllim, mart soyqırımı niyə törədildi?

- Mart hadisələri XX əsrdə azərbaycanlılara qarşı ermənilərin kəmiyyət baxımından törətdiyi ən böyük soyqırım hadisəsidir. Çünki həmin hadisələrdə 30 minə qədər günahsız vətəndaşımız qətlə yetirilib. Ona görə də biz bu hadisəni soyqırım kimi qeyd edirik. İkinci bir tərəfdən isə bu, ermənilərin azərbaycanlılara qarşı həm də ərazi iddialarının nəticəsidir. Məlum olduğu kimi, 1917-ci il oktyabr inqilabından sonra Rusiyada hərc-mərclik yaranmışdı. Çünki hakimiyyətə gələn bolşeviklər, başda Lenin olmaqla, bəyan etmişdilər ki, Rusiyada yaşayan xalqlar ayrılıb öz müstəqil dövlətlərini qura bilərlər. Lenin "Xalqların hüquq bəyannaməsi" deyilən sənəd də hazırlamışdı. Məsələn, həmin sənəd əsasında Finlandiya, Polşa, Ukrayna, Latviya, Litva öz müstəqilliyini elan etdilər. Belə bir vəziyyətdə Qafqazda mövcud olan Zaqafqaziya Komissarlığı və Zaqafqaziya Seymi əməli addımlar ata bilmədi. Nəticədə Qafqaz xalqlarının müstəqilliyi gündəmə gəldi. Leninin müəyyən dərəcədə zəifliyi, Rusiyada vətəndaş müharibəsi bu prosesi sürətləndirdi. Məlumdur ki, bolşeviklər hakimiyyətə gələndən sonra Qafqaz cəbhəsində müharibə dayanmışdı. Burada vuruşan ordu Rusiyaya qayıtmışdı. Həmin vaxt Qafqaz cəbhəsində türklərə qarşı vuruşan silahlı ermənilər var idi. Çünki I Dünya müharibəsində çox sayda könüllü erməni dünyanın müxtəlif ölkələrindən gəlib çar Rusiyasının ordusuna qoşulur və Türkiyənin müxtəlif ərazilərində- İğdır, Qarsda qətliamlar törədirdilər. Həmin o silahlı erməni dəstələri, təxminən 4 minə yaxını gəlib Bakıya yerləşdi. Soyqırımın əsas təkanverici qüvvəsi bu yerləşmə oldu. Çünki 4 minə qədər silahlı erməni artıq yerli əhaliyə ciddi təhlükə yaradırdı. Həmin vaxt Lenin Stepan Şaumyanı Qafqaz üzrə fövqəladə komissar təyin etdi. Lakin Şaumyan Gürcüstana gedib orada özünə dayaq qazana bilmədi. Bakıya gəldi və özünün qondarma səlahiyyətlərini, planlarını işə saldı. Nə üçün, ona görə ki, Bakıda azərbaycanlıları çar Rusiyası dövründə orduya götürmürdülər. Bakıda Şaumyanın sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait var idi, digər tərəfdən də 4 minə yaxın erməninin Bakıda olması Şaumyanın sərbəst hərəkət etməsinə yol açırdı. Belə bir gərginlik yarandığı anda Rusiyada təhsil alan azərbaycanlı ziyalılar vəziyyətin gərginliyini görüb silahlı dəstələr yaratmağa başladılar ki, xalqı müdafiə etsinlər. Məsələn, həmin dəstənin tərkibində xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev də var idi.

- Həmin dəstənin fəaliyyəti nədən ibarət idi?

- Nargində türk zabit və əsgərləri saxlanılırdı. Bu tələbələr ora gedib bir qrup türk zabitini qaçırıb (xilas edib) gətirirlər Bakıya. Burada o zabitlər azərbaycanlılara silahdan istifadəni öyrədirdilər. Bu əsasən İsmailliyyə binasında və indiki Salyan kazarmasının yanında məktəbdə öyrədilirdi. Lakin bir qədər keçəndən sonra ermənilər və ruslar bundan xəbər tutdular. Silahlı dəstə təlimi Lənkəranda davam etdirməli oldu. Orada Məhəmməd Tağıyev silahla ehtiyatsız davrandığı üçün dünyasını dəyişdi. Onun nəşini azərbaycanlı silahlı dəstə (onların sayı az idi) Bakıya gətirəndə Şaumyan əmr etdi ki, onların hamısı gəmidə silahsızlaşdırılsın. Dəstə və eyni zamanda yerli əhali buna etiraz etdi və küçəyə çıxıb nümayiş keçirdi. Hətta İsmailliyyə binasında əhali müzakirəyə başladı ki, nəyə görə azərbaycanlılar silahsızlaşdırılır. Bundan istifadə edən erməni-daşnak birləşmələri Şaumyanın əmri ilə dinc əhaliyə divan tutmağa başladı. 30, 31 mart və 1 aprel tarixlərində Bakıda olan əksər mətbəələri, mətbuat idarəxanalarını, məktəbləri, xəstəxanaları, məscidləri və hətta İsmailliyyə binasını da yandırdılar. Hazırda Mirzə Ələkbər Sabirin heykəli olan yerdə (heykəlin yanında) o dövrdə Kaspi mətbəəsi yerləşirdi, onu da dağıtdılar. Artıq bolşevik və ermənilərin bu hərəkətləri onlara inamı olan Nəriman Nərimanovda da bir şübhə yaratdı. O vaxtlar o, "Hümmət" qəzetində yazırdı ki, siz vətəndaş müharibəsini milli qırğına çevirirsiniz. Bu hadisələrdə ermənilər azərbaycanlılara qarşı çox amansızlıq etdilər. Qocaları, körpələri, qadınları amansızcasına qətlə yetirirdilər. 1918-ci il iyul ayının 15-də Ələkbər bəy Xasməmmədovun başçılığı ilə Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradıldı. İstintaq materiallarından məlum olur ki, ermənilər xalqımıza qarşı nə qədər qətliamlar törətmiş və amansızlıqlar etmişdilər. Məsələn, həmin komissiya 5 cilddən ibarət materiallar topladı. Mən o materialları görmüşəm. O dövrdə əhalinin çoxu savadsız olduğundan imza əvəzinə barmaqlarını mürəkkəbə batırıb kağıza basırdılar. Bununla da təsdiq edirdilər ki, doğrudan da ermənilər bizə qarşı bu vəhşiliyi törədib.

- Bu qətliamlar təkcə Bakıda deyildi...

- Məsələ bundadır ki, bu hadisə təkcə mart ayında Bakıda baş verənlərlə yekunlaşmadı. Bir qədər keçəndən sonra ermənilər digər bölgələrdə də belə qətliamları həyata keçirdilər. Şamaxının 53 kəndində mart-aprel aylarında Stepan Lalayevin başçılığı altında 8027 nəfər qətlə yetirildi, onlardan 4190-ı kişi, 2560-ı qadın, 1277 nəfər isə körpələr idi. Ölkəyə vurulan maddi zərər o vaxtın pulu ilə 339,5 milyon manata çatmışdı. Qubada Hamazaspın erməni cəza dəstələri hücuma keçdi. O zaman Qubada 20 minə yaxın insan yaşayırdı. Mayın 1-dən 9-na qədər bu qırğınlar davam etdi. 200-ə yaxın ev tamamilə dağıdıldı. Təkcə mayın 1-də 713 nəfər qətlə yetirildi. 122 müsəlman kəndi dağıdıldı. 2800-dən çox insan qətlə yetirildi.

Eyni zamanda Qarabağ bölgəsində, Şuşada, Cavanşir və Cəbrayıl qəzalarında bu hadisələr törədildi. Şuşanı mühasirəyə almışdılar və əhaliyə zülm edirdilər. Bu mühasirə türklərin Azərbaycana gəlməsinə qədər davam etdi. 1919-cu il yanvarın 29-da Xosrov bəy Soltanov oraya general-qubernator təyin edildikdən sonra situasiya sakitləşdi.

FTK-nın verdiyi məlumata görə, təkcə Zəngəzur bölgəsində 115 müsəlman kəndini tamamilə dağıtmış, 3257 kişi, 2276 qadın, 2196 uşaq qətlə yetirilmiş və ölkəyə 1 milyard manat ziyan vurulmuşdu. Qətliamlara sentyabrın 15-də türklərin Bakını azad etməsindən sonra tamamilə son qoyuldu. Əgər Bakı şəhəri azad edilməsəydi, bu qətliamlar davam edəcəkdi. Xalq Cümhuriyyəti dövründə belə Qarabağ, Zəngəzur bölgələrində silahlı ermənilər qətllər törətməyə meyillənirdilər. Amma Azərbaycan ordusu bu hadisələrin qarşısını ala bilirdi.

- Belə bir fakt var, Britaniya hökuməti Şaumyana maddi yardım edib? Bu fakt nə dərəcədə doğrudur?

- Əlbəttə, Bakı Sovetinə, Bakı Xalq Komissarları Sovetinə ingilislər də, ruslar da dəstək verirdi. Amma soyqırımında əsas dəstək Rusiyadan gəlmişdi. İngilislərin isə Şaumyana yardımı Bakının türklər tərəfindən azad olunması uğrunda gedən döyüşlərdə idi.

- Lenin Şaumyana yazdığı məktubda bildirir ki, biz yalnız siyasəti fikirləşməliyik. Amma Şaumyan onun məktubuna məhəl qoymur və qırğınlara başlayır. Səbəb nə idi?

- Təbii ki, belə məktub var. Amma onun heç bir əhəmiyyəti yoxdur. Şaumyanı Zaqafqaziya komissarı təyin edən Lenin idi. O səlahiyyətləri Şaumyana elə Lenin özü vermişdi. İkinci tərəfdən ermənilərin bir sözü var, hər bir erməni həm də daşnakdır. Yəni ermənilər birinci olaraq tapşırığı Daşnyaksütyun partiyasından alırdı.

- Bu hadisənin kökündə nə dayanırdı?

- Birincisi, ermənilərin Azərbaycan ərazilərində özlərinə dövlət qurmaq istəyi. Çünki onlar bu dövləti Türkiyə ərazilərində qura bilmədilər. XIX əsrin sonlarında Zonquldağda, Vanda çoxlu üsyanlar törətdilər. Amma oradan torpaq əldə edə bilməyəcəklərini başa düşdülər. Yalnız Daşnyaksütyun partiyasının proqramında XX əsrin əvvəllərində edilən dəyişiklikdən və oraya bir maddə yazılandan sonra (biz yalnız Qafqaz, xüsusilə də azərbaycanlılar yaşayan bölgədə özümüzə dövlət qurmalıyıq) belə hadisələr sürətlənməyə başladı. 1905-ci ilin fevral ayında ermənilər türk-müsəlman soyqırımını törətmişdilər. 1918-ci il onun davamı idi. İkinci bir tərəfdən isə ermənilər hər vasitə ilə Rusiyanın təhdidi altında çalışırdılar ki, Bakı şəhəri Rusiyanın təsirində qalsın. Yəni Şaumyanın Leninlə gizli yazışmaları bunu bir daha sübut edirdi ki, ermənilərə gizli dəstək verənlərdən biri də bolşeviklər idi. Ona görə türklərin 15 sentyabrda gəlib Bakını azad etməsi artıq bu hadisələrə son qoydu, ermənilər başa düşdü ki, onlar Bakıda heç bir gücə malik ola bilməyəcəklər.

- 1919-20-ci illərdə AXC həmin günü matəm elan etdi. Bəs bu hadisələri dünyaya tanıtmaq üçün hansı işlər görmüşdü?

- O zaman Versal sülh konfransına gedən nümayəndə heyətimiz özləri ilə mart hadisələrini əks etdirən yüzə qədər foto aparmışdılar. Beynəlxalq təşkilatlara təqdim etmişdilər. Bu yaxınlarda həmin fotolar Fransadan gətirilib.

- Siz bu hadisələri araşdıranlardan birisiniz. Soyqırımı görən insanların xatirələrini toplaya bilmisinizmi?

- Mən soyqırımı görən insanların bir neçəsi ilə 1988-89-cu illərdə şəxsən danışmışam. Bakının kəndlərində yaşlı insanlardan faktlar toplayırdım. Məsələn, yazıçı Aqşin Babayevin atası Əlisəttar Babayevlə görüşdüm. O hadisəni görmüşdü, danışanda nə qədər həyəcanlanırdı, ağlayırdı. Deyirdi ki, biz o vaxtlar uşaq idik. Amma gözümüzün qarşısında atalarımızı, yaxın adamlarımızı öldürürdülər. Mən hələ də o qoca kişinin hönkürtülərini unuda bilmirəm.

Rüfanə GÜNƏŞ

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR