Kapitalist kimi qazanıb, sosialist kimi paylayan mühəndis - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Kapitalist kimi qazanıb, sosialist kimi paylayan mühəndis - MİLYONÇU

Onun biznes müqaviləsi imzaladığı hökumətlərin hamısı sosialistlərdir. Dediyinə görə, çoxlu kommunist yoldaşları var. Hətta hər kəs buna təəccüblənir və ondan "necə bacarırsan" deyə soruşurlar. O isə "kapitalist kimi qazanıb, sosialist kimi paylamalısan" deyir. Söhbət Türkiyənin ən varlı şəxslərindən sayılan Şarık Taradan gedir. O Tara ki, 3.3 milyard dollara sahibdir. Pulunun həcminə görə dünya milyarderləri arasında 523-cü, Türkiyədə 2-ci sıradadır.

Şarık Tara kimdir?

1930-cu ildə Üsküpdə anadan olan Şarık Tara Türkiyənin varlı iş adamları arasında əsil-nəcabətinə görə ilk sırada dayanır. Anası Mahmurə xanım Osmanlı padşahı I Bəyazidin Üsküp və Kosova bölgəsinə rəhbər təyin etdiyi İgid bəyin nəvəsi, atası Fevzi isə Karadağ mənşəli ticarətçi Hacıhamziç ailəsinə məxsusdur. Üsküp, Beyrut və Belqradda təhsil alan Fevzi bəy ixtisasca vəkil olub. Sancaq və cənub Yuqoslaviya müsəlmanlarının Yuqoslaviya Krallığı nəzdində təmsilçi olub. Monastırda vəkil kimi təcrübə keçərkən gələcək həyat yoldaşı Mahmurə xanımla tanış olub.

İş adamı 1942-ci ildə İstanbula gəlib. 1944-cü ildə ailəsi də Türkiyəyə köçüb. Şarık Tara orta təhsilini Şişli Tərəqqi Liseyində tamamlayıb. 1954-cü ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsindən məzun olub. Qısa müddət inşaat şirkətlərindən birində işləyib. 1957-ci ildə bacısı Vildan Gülçelikin əri Sədi Gülçeliklə birgə “ENKA Kollektiv Şirkəti”ni qurub.

Özü həmin günləri belə xatırlayır: “Mən “ENKA”nı 27-28 yaşlarında ikən yaratdım. İşlədiyim yerdə mükafatımı vermədilər. Ona görə işdən ayrılıb öz şirkətimi qurdum. Yaxşı ki, belə oldu. Şirkəti qurduğumuz illərdə İstanbul Texniki Universitetindən sinif yoldaşlarım da bizimlə idi. İdarə sistemimiz bu səbəbdən bir az maraqlı idi”.

Yeri gəlmişkən, şirkətin adı türk dilində kürəkən (enişte) və qayın (kayınpeder) sözlərinin ilk hecalarından – “EN” və “KA” – götürülüb. "ENKA"-nın əsas fəaliyyət istiqaməti inşaatdır. Bazara daxil olduğu ilk illərdə İstanbul sərhədləri çərçivəsində sənaye fabrikləri, limanlar, anbarlar, körpülər, yollarının tikintisini həyata keçirib. ENKA-nın o dövrdəki əhəmiyyətli layihələri sırasına Türkiyədəki Aksu Kağız Fabriki, "Chrysler" Yük maşını Montaj fabriki, Haydarpaşa Hububat Anbarının inşası daxildir.

1960-ci ildə ilk dəfə “ENKA” Pimaş Plastik və Altaş Polad Əl Alətləri fabriklərinə sərmayə qoyub. 1967-ci ildə onillik sürətli inkişafın ardından anonim şirkətə çevrilib. "ENKA İnşaat və Sənaye Anonim Şirkəti" kimi fəaliyyətini davam etdirib. 1971-ci ildə ilk dəfə Türkiyə sərhədlərini aşıb. Liviyada, daha sonra Səudiyyə Ərəbistanında layihələr reallaşdırıb. 1972-ci ildə “ENKA” “Holding A.Ş.” adlandırılıb. 1980-ci ildə baş verən təyyarə qəzasında şirkətin ortağı Sədi Gülçelik vəfat etdikdən sonra bütün məsuliyyət Ş.Taranın üzərinə düşüb.

1957-ci ildə qaynı ilə “ENKA”nı quran Ş.Tara 1995-ci ildə “Tara Holding”i təsis edib. “Tara Holding” “ENKA Holding A.Ş”nin 49.27 faiz nisbətiylə ən böyük ortağıdır. “Tara Holding” qurulmuş və ya qurulacaq şirkətə texniki, maliyyə, təşkilati məsələlərlə bağlı məsləhətlər verir, “ENKA Holding A.Ş.” isə Türkiyədə ticarət obyektlərinin, körpülərin, hava limanlarının tikintisi ilə məşğul olur. “ENKA Holdinğ”ə həmçinin “Ramstor” supermarketlərinin idarəsini aparan “Ramenka” şirkəti də daxildir. 2006-cı ildə holdingin dövriyyəsi 4 milyard dollar təşkil edib. Rusiya mənbələrinə görə, “ENKA” Moskva meydanında ümumi həcmi 135 000 kvadratmetr olan ofis binalarına sahibdir. Ş.Tara “ENKA Holdinğ“in fəxri prezidentidir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində iş adamının maraqlı müsahibəsini təqdim edir.

- Sizin maraqlı köç hekayəniz var...

- Üsküpün ən qədim ailələrindən birinə mənsubam. Ailəmin kökü 1392-ci ilə qədər gedib çıxır. Saraybosnanı quranlardan biri bizik. Babalarımın padşahla arası çox yaxşı olub. Yeri gəlmişkən, ailəmin tarixini yazıram. Birinci cild bitib. 1520-ci ilə qədər gəlmişəm. Gözəl həyatımız olub. Fermalar, faytonlar, macar köməkçilər, at yarışları...

- Siz elə əvvəldən varlı olmusunuz?

- Üsküpdə olanda elə idi, İstanbula gəldikdən sonra vəziyyət dəyişdi. Biz üç qardaşdıq. Anamız müdhiş bir qadın idi - mədəni, mərhəmətli, yaxşı ürəkli və ədalətli. Litsey təhsilini İstanbulda Erenköy Qız Liseyində almışdı. Sonra tibb məktəbində oxumuşdu. Lakin Üsküpə geri qayıtmaq məcburiyyətində qalmışdı. Ağıllı bir qadın idi. Təhsil almağım onun sayəsində olub. "Üsküpdən sənə fayda yoxdur, İstanbula get. Mən də qardaşlarınla arxandan gələcəm" dedi.

- Demək, siz ananızla daha yaxın idiniz?

- Əslində, hər kəs elə deyil ki? Anadır bu. Atam da yaxşı adam idi. Hüquq fakültəsindən məzun olmuşdu. Amma anam müstəsna qadın idi. Bax fikirlərimi toparla yaz. Həyat yoldaşımla 54 ildir evliyik. Mənə çox bağlıdır, sonra qısqanmasın! (Gülür)

- İstanbula 12 yaşında gəlmisiniz. Şəhər sizdə necə təsir yaratdı?

- Böyük, çox böyük şəhər idi. Onda əhalisinin sayı 700 min nəfər təşkil edirdi. Amma gözümə çox izdihamlı dəymişdi. Əvvəlcə Alman Məktəbində oxudum. Bir ildən sonra Kadıköy Üçüncü Ortada təhsil almağa başladım.

- Sizi belə formalaşdıran həmin illərdir?

- Anam balaca olanda bizə "İki dəfə axmaq olamamağı” öyrətmişdi.

- Bu nə deməkdir?

- Biləyimdəki saat “Patek Philippe” brendindəndir. Dünyanın ən bahalı saatlarından hesab edilir. Bu saatı itirsəm, bir axmaqlıqdır, kədərlənsəm iki!

- Aaa çox gözəl. Ananız İstanbula qardaşlarınızla birlikdə gəldi?

- Gəldilər. Bacım Damme de Sionda, qardaşım Qalatasarayda oxuyurdu. Eyni zamanda sexdə işləyirdi. Bir gün sexdə yanğın baş verdi və qardaşım vəfat etdi.

- Ooo çox pis...

- İstanbul illəri çətin keçdi. O qədər kasıb idik ki. Üsküpdəki həyat hara, İstanbuldakı həyat hara... 15-16 yaşında işləməyə başladım. Həm oxuyurdum, həm də işləyirdim. Anam zinyət əşyalarının hamısını satmışdı. Amma biz də çox yaxşı oxuyurduq. Ümumiyyətlə, yaxşı oxumaq bizdə ailə ənənəsidir. Övladlarım, nəvələrim də yaxşı oxuyurlar.

- Gəncliyinizdə ictimai proseslərdə aktiv idiniz?

- Hansısa fikir arxasından gedəcək lüksüm olmayıb. Bir sözlə, gəncliyin dadını çıxara bilməmişəm. Altı ay universitetə gedirdim, altı ay da pul qazanırdım. Həqiqətən, eşşək kimi işləyirdim. 24 yaşında artıq İstanbulda ən yüksək maaş alan mühəndis idim.

- Heç qız arxasınca da düşməmisiniz?

- O olub. Amma hər şeydən əvvəl iş gəlirdi. Bir də həyat yoldaşım Lalə ilə lap gənc yaşda tanış olduq. Bacımla Damme de Sionda oxuyurdu. Mən onlara kimya fənni öyrədirdim. 6 il sevgili olduq.

- Niyə məhz mühəndis olmaq istəyirdiniz? O zamanların ən populyar peşəsi idi, ona görə?

- Təbii. Həmin dövrdə həkim, müəllim, mühəndis peşəsi üzrə ixtisaslı kadrlar az idi.

- Sonra?

- Almaniyada təcrübə keçmək istədim. 180 lirə yol pulu lazım oldu. Amma o qədər pulum olmadı deyə gedə bilmədim. Onun əvəzində Adapazarında işə düzəldim. Həmin yaz beş min lirə qazandım. Üç yüzünü özümə saxladım, qalanını anama verdim. Həyatım daim mübarizə ilə keçib. Biz Balkan miqrantları beləyik.

- "Bu ölkədə müdhiş işlər edəcəyəm" deyə xəyal qurmuşdunuzmu?

- Təbii, təbii...

- Özünüzə inamınız hər vaxt bu qədər yüksək idi?

- Universiteti bir il idi bitirmişdim. Dövlət layihəsində tikinti şefi idim. Bir gün Adnan Menderes gəlmişdi "Layihənin rəhbəri haradadır?" deyə soruşdu. "Buyurun, bəy-əfəndi, mənəm" dedim. Baxdı üzümə, "Belə layihə rəhbərindən də belə inşaat işi çıxar!" dedi.

- "Belə p...dan inşaatmı olar" demək istəyib?

.

- Bəli. Söz altda qalmadım. Dedim ki, bu inşaatı tərsinə çevirsəniz, İstanbuldakı minarələrdən hündürdür. Təməli 36 metrə çatır. Gülümsəyib “tamam, tamam" söylədi. Nə vaxt bitəcəyini soruşdu.”Altı həftəyə” deyə cavab verdim. O da “42 gündən sonra buradayam" deyib getdi. Menderes gedən kimi anama zəng etdim ki, "yatağımı, yorğanımı göndər, gecə-gündüz buradayam. 24 saat 1000 nəfər işçi ilə işlədik. Altı həftə sonra bitirdik. 42-ci gün Menderes gəldi və gördüyünə inana bilmədi. Məni yanaqlarımdan öpüb təşəkkür etdi. O gündən sonra Adnan bəylə dost olduq. Dostluğumuz ölümünə qədər davam etdi. Mənə "kaş ki sənin kimi bir oğlum olsaydı..." deyirdi.

- Müsahibəni oxuyanlar Adnan Menderes sayəsində bu qədər sərvət topladığınızı düşünəcəklər...

- Düşünsünlər...

- Sizə faydası oldumu?

- Olmazmı? Bir baş nazir sənə təşəkkür edir, sənin kimi övladım olsun deyir.

- Şirkəti qurdunuz. Sonra da ən təpəyə oturtdunuz. Türkiyənin əhəmiyyətli iş adamlarından biri kimi tanındınız. Tək sirri durmadan işləməyinizdədir?

- Sirrin 50 faizi yaxşı əlaqələrdir. Daha da əhəmiyyətlisi heç vaxt yolundan çıxmamaq, düzlükdən imtina etməmək. Bir dəfə almanlar məndən Rusiyada mafiya ilə münasibətlərimi soruşdular. Cavab verdim ki, iş əlaqəm yoxdur, amma hər kəs dostumdur. Yəni kim düşünərdi ki, bir türk şirkəti Moskvada bu qədər əmlak sahibi olacaq? Mənim Türkiyədə heç o qədər mülküm yoxdur. Türkiyədə bir bina belə tikib satmamışam.

- Niyə?

- Bacara bilmədik. Ucuz iş görə bilmirik.

- 35 yaşında vergi rekordçusu idiniz...

- Bəli, elə idi, hər kəs məndən geridə gəlirdi.

- Kişilər gənc yaşda müvəffəqiyyət əldə edəndə nə hiss edirlər?

- İdman insana itirməyi və qazanmağı öyrədir. Yəni eqon şişmir. Bir də mən qərarları sürətlə verirəm. Şirkətdəki uşaqlara da bunu məsləhət görürəm. Bildirirəm ki, hər səhviniz mənə aiddir, yetər ki, qərar verin...

- Kimsə iqtidarından asan imtina edə bilməz. Siz bunu necə etdiniz? Ayağınızın altından xalçanı çəkirlər kimi olmadımı? O boşluğu necə doldurdunuz?

- O qədər hobbim var ki! Məsələn, idmanı sevirəm. Hər gün bir saat üzürəm, klassik musiqi dinləyirəm. İstəyəndə bir konsert üçün Viyanaya gedirəm. Arvadımla hər yeri gəzirəm. Bundan başqa təhsil işləriylə məşğul oluram, mühazirələr deyirəm. Həyat gözəldir və edəcək çox şey var.

- "Çox şey eləmişəm, amma bunu edə bilməmişəm dediyiniz" nəsə var?

- Xarici işlər naziri olmaq istəyərdim. Olsaydım, bu ölkəyə çox faydalı olardım. Bir də Turqut Özalın keçirdiyi referenduma kaş mane ola bilsəydim. O referendumun Türkiyəyə zərəri çox oldu. Buna görə də küsdük. Halbuki qardaş kimiydik. Doqquz ay sonra mənə zəng edib "Şarık, sən haqlı idin. Ya sən mənə Ankaraya yeməyə gəl, ya da mən İstanbula gəlim barışaq” dedi. Mən də imtina elədim. Bazar ertəsi iş telefonuma “baş nazir sizə yeməyə gəlir" deyə telefon zəngi daxil oldu. Ona həm pəhriz yeməyini, həm də normal yeməklər hazırlatdırdım. Rəhmətlik əvvəl pəhriz yeməyini yeyərdi, sonra həqiqisinə keçərdi.

- Mənəvi olaraq qazandıqlarınız, itirdiklərinizdən çoxdur?

- Təbii. İtirdiklərim çox deyil. Mən hər kəsi sevirəm.

- Heç əsəblərinizi pozan nəsə olmur?

- Fənərbağçalılar pozur.

- Evliliyiniz necə reallaşdı? Eşqmi, yoxsa məntiqləmi?

- Nə məntiqi? Yuxarıda dedim axı, aşiq oldum.

- Nəyinə vuruldunuz?

- Əvvəl ağlına, sonra gözəlliyinə. Audrey Hepburna bənzəyirdi. Hətta ondan gözəli idi. Düzdür, sonra qəzaya düşdük. Bütün üzü məhv oldu. Dəfələrlə əməliyyat keçirdi. Mənim də ombam getdi. Yəni bir sözlə ölümdən döndük.

- Necə oldu qəza?

- Soruşma, mən rol arxasında yatdım. Avtomobil bir ağaca çırpıldı. Gecənin bir yarısı idi. Allahın lütfü olaraq həyatda qaldıq. Mənim belə hadisələrim çoxdur, 42 yaşında olimpiadaya baxdığım yerdə infarkt keçirdim. Mənim ürək, şəkər kimi problemlərim var. Amma idarə edirəm...

- Bəs həyat yoldaşınız?

- O da bir çox əməliyyatlar keçirib. Lalə xüsusi qadındır, çox da yaxşı bir anadır.

- Övladlarınızın böyüməsində nə qədər rol oynamısınız? Valideyn iclaslarına, məzuniyyət gecələrinə qatılmısınızmı?

- Bu dediklərinin heç birini edə bilməmişəm. Amma uşaqlarıma köməkçi olmağa çalışmışam.Mən uşaqlarıma heç vaxt “yox" deməmişəm.

- Sizcə, bu, yaxşı şeydir?

- Çox.

- Ərköyün olmazlar?

- Xeyr. Uşaqlarım ərköyün deyil, əksinə, təvazökar uşaqlardır. İki qızım, bir oğlum var.

- 54 il eyni adamla evil qalmağın sirri nədədir? Dediyiniz hər şeylə razılaşırmı, güzəştə gedirmi?

- O güzəşt edir, yoxsa mən - deyə bilmərəm. Bir yola girmişik, idarə edirik.

- Evdə gerçək müdir kimdir?

- Hər vaxt xanımım. Mən onsuz da bayırda müdirəm, bir də evdə olum deyirsiniz?

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm