Erməni cinayətkarlar məhkəmə qarşısına niyə çıxarılmır? - Ən sərt cəza verilməlidir ki...
Bizi izləyin

Nida Təhlil

Erməni cinayətkarlar məhkəmə qarşısına niyə çıxarılmır? - Ən sərt cəza verilməlidir ki...

Mayın 27-də Kəlbəcər istiqamətində Azərbaycan əsgərlərinin ayıq-sayıqlığı nəticəsində Ermənistan ordusunun ölkə ərazisində təxribata hazırlaşan 1-i zabit olmaqla, 6 diversantı tərk-silah edildi. Erməni tərəfi iddia edir ki, həmin şəxslər mühəndis-istehkam işləri aparırmışlar.

Xeyr, əlbəttə ki, belə deyil.

Müdafiə Nazirliyi erməni diversantların zərərsizləşdirildiyi ünvanı da dəqiq koordinatları ilə birgə açıqladı: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Onlar dövlət sərhəddini keçərək qoşunlarımızın təminat yollarını minalayacaqdılar. Əgər planları baş tutsaydı, Azərbaycan Ordusu yenə də şəhidlər verəcəkdi. Özü də bu, haçan baş verəcəkdi? Təbii ki, 27-28 may tarixlərində. Yəni, Respublika Günü ərəfəsində və ya həmin gün. Bu da o deməkdir ki, erməni xüsusi xidmət orqanları ənənəvi xislətlərinə sadiq qalaraq bayramımızı “qara bayram”a döndərməyi hədəfləyirmişlər.

6 herbçi.jpg (118 KB)

Həmin gün Azərbaycanda daha bir əlamətdar hadisə var idi. Prezident İlham Əliyev Ağdam şəhərinin təməlini qoyacaqdı. Bu tarixi hadisənin ləzzətini də burnumuzdan gətirmək istəyirdilər. Xalq Ağdamın yenidən qurulması sevincinə ürəkdolusu sevinə bilməyəcəkdi. Şəhidlərinə ağlayacaqdı. Amma onların bu arzuları da gözlərində qaldı.

Bütün bunları yazmaqda məqsədim odur ki, istər İkinci Qarabağ müharibəsini bitirən, Dağlıq Qarabağ münaqişəsini başa çatdıran 10 noyabr üçtərəfli bəyanatından sonra Xocavənd istiqamətində hərbçilərimizi və mülki insanlarımızı şəhid edən ermənilər, eləcə də 27 mayda dövlət sərhəddimizi keçənlər Azərbaycan məhkəmələri qarşısına çıxarılmalıdır. Çünki onlar müharibə bitdikdən sonra Azərbaycan ərazisinə qanunsuz şəkildə keçiblər. Dövlət sərhədini pozublar. Mülki və hərbi cinayətlərə imza atıblar, yaxud buna cəhd göstəriblər. Beynəlxalq qanunvericiliyə görə də erməni diversantların bu addımı terrorçuluq fəaliyyətidir.

Terrorçular isə məhkəmə önünə çıxarılmalıdır və cəzalarını çəkməlidirlər. Bu, birmənalıdır.

Əvvəla, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Cinayət törədən şəxslər bu ölkənin qanunları ilə mühakimə olunmalıdırlar. İkincisi, araşdırma aparılmalıdır. Bəlkə həmin diversantların cinayət əməlləri son teraktlarla yekunlaşmır?! Onların Azərbaycan ərazilərində işğal dövründə cinayət törədib-törətmədikləri araşdırılmalıdır. Hətta Birinci Qarabağ savaşında hərbi və mülki əsirlərimizə qarşı davranışları da hüquq-mühafizə orqanlarımız tərəfindən ətraflı şəkildə öyrənilməlidir. Təcrübə göstərir ki, Azərbaycan dövləti əvvəlki illərdə də bu cür hallarla qarşılaşıb.

Xatırlayırsınızsa, 44 günlük müharibənin 23-cü günü Lüdviq Mkrtçyan adlı bir erməni Azərbaycan əsgərləri tərəfindən tərk-silah edilmişdi. Sonradan araşdırmalar nəticəsində məlum olmuşdu ki, həmin bu Mkrtçyan o Lüdviqdir ki, prokurorluq orqanlarımız tərəfindən barəsində hələ 2000-ci illərdə cinayət işi açılıbmış. Həmin terrorçu Birinci Qarabağ savaşında mülki və hərbi azərbaycanlı əsirlərə qarşı xüsusi işgəncələr verirmiş.

Əsirlikdən azad edilən keçmiş döyüşçülərlə üzləşdiriləndən sonra soydaşlarımız bu şəxsi tanıyırlar və hansı işgəncələrin altında “imzasının” olduğunu hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətinə çatdırırlar. Hələ bu harasıdır? Lüdviq Mkrtçyanla birlikdə Azərbaycan əsgərləri tərəfindən tərk-silah edilən Ermənistan vətəndaşı, 1967-ci il təvəllüdlü, terrorçu Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri üzə çıxır. Mülki əsirlərə qarşı amansızlığı ilə tanınan bu şəxs hərbi əsirlərə qarşı da qəddar olub. Onlara qarşı qeyri-insani münasibət sərgiləyib.

İndi dünya birliyi, bizə “əsirləri qaytarın” deyənlər əllərini qoysun uçuq-sökük vicdanlarına, cavab versinlər; Azərbaycan bu cür terrorçuları necə Ermənistana geri qaytarsın?! Birincisi, Ermənistanda hazırda xaotik durum var. Bu terrorçuları Ermənistandakı “soxasoxda” heç kim mühakimə etməyəcək. “Türklərə işgəncə verib, açın buraxın” – deyəcəklər. Hər zaman belə olmayıbmı? 90-cı illərdə mülki şəxslərə divan tutanlar, Bərdə-Ağdam, Yevlax-Ağdam marşrutunu atəşə tutaraq onlarla insanın ölümünə bais olanların bəziləri hələ o vaxt Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər. Sonradan onlar cəzalarını çəkmələri üçün Ermənistana göndərilmişdi. Amma İrəvana çatar-çatmaz həmin cinayətkarlar sərbəst buraxılmışdı.

Üstəlik, əllərinə silah verilib yenidən Xankəndiyə göndərilmişdilər. Bu barədə Azərbaycan arxivlərində kifayət qədər dəlillər var.

Yadıma düşmüşkən bir faktı da deyim... Conik Tevosyan. Bu ad sizə nəsə deyir? Yadınıza salmadısa, xatırladım. Vətən müharibəsinin gedişində bu qoca erməni Şuşadan çıxmağa macal tapmamışdı. Hətta qolundan tutub onu təhükəsiz yerə çıxaran əsgərlərimizə qarşı hiyləgər ifadə işlədərək “mən sizə neyləmişəm axı” demişdi. Sonra ermənilər hay-şüvən qaldırmışdılar ki, bəs Azərbaycan Ordusu mülki insanlarla kobud rəftar edir.

Əvvəla, əsgərlərimiz həmin qocanın qolundan tutub daha təhlükəsiz yerə çıxarırdılar. Videolardan da görünən odur. İkincisi, bu adam Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən adı beynəlxaq axtarış sisteminə verilən şəxslərin siyahısındadır. Bu həmin Conikdir ki, Xocalıda uşaq qatili kimi ad çıxarıb. Mülki insanlara divan tutub. Amma Ermənistan dövləti 30 il ərzində onun cəzasını kəsməyib. Belə olan halda Azərbaycan terrorçu və cinayətkar birisini necə Ermənistana verə bilər?! Onların cəzasız qalması o deməkdir ki, həmin terrorçular cəzasızlıqdan “ruhlanaraq” yenə də Azərbaycan ərazilərində teraktlar gerçəkləşdirə bilərlər. Əslində, Azərbaycan bu addımı ilə həm də Ermənistan dövlətini növbəti çətin durumlardan qorumuş olacaq. Ona görə də seçki öncəsi Ermənistandakı bəzi marginal, radikal qrupların hay-şüvən salıb Azərbaycanı terrorçuları qaytarmamaqda ittiham etməsi anlaşılan deyil. Həmin cinayətkarlar hərbi əsir sayıla bilməz. Çünki müharibə dövründən sonra Azərbaycan ərazisində təxribatlar həyata keçiriblər. Hətta onlardan bəzilərinin ağır cinayətlərdə iştirak etmədiyi müəyyənləşdikdən sonra İrəvana qaytarıldı.

Zərdüşt Əlizadə kimi bəzi azərbaycanlılar 62 erməni diversantın Ermənistana qaytarılması ilə bağlı ölkə Prezidentinə müraciət etmişdilər. Onların müraciətindən cəmi 4-5 gün sonra erməni diversantlar Kəlbəcərin Yuxarı Ayrım kəndində suç üstü yaxalandılar. Ümid edirəm ki, Zərdüşt Əlizadə və başqaları Azərbaycan tərəfinin həmin terrorçuları niyə qaytarmadığını indi daha yaxşı anlayır.

Beynəlxalq təcrübəyə baxanda da faşist Almaniyasının hərbi cinayətlər törədən canilərinin Nürnberq məhkəməsinin qərarı ilə həbs olunduğunu, edam edildiyini görürük. Hətta 1992-95-ci illərdə Bosniyada müsəlmanların qətlində günahlandırılan Slobodan Miloşeviç və Radovan Karacic kimi canilər də beynəlxalq məhkəmələrdə hesabat verdilər. Dəmir barmaqlıqlar arasına göndərildilər.

Bunu ona görə yazıram ki, bizi “hərbi əsirləri qaytarmamaqda” günahlandıran bəzi Qərb dairələri açıb qulaqlarını eşitsinlər ki, Azərbaycanda Avropanın bəzi ölkələrindən fərqli olaraq ölüm hökmü 1998-ci ildən götürülüb. Onlar edam edilməyəcəklər. Sadəcə ən müasir standartlara cavab verən həbsxanalarımızda cəzalarını çəkəcəklər. Amma Fransa kimi ölkələr Azərbaycanın beynəlxalq axtarışa verdiyi Xocalı qatillərini – Robert Koçaryanı, Serj Sarkisyanı və başqalarını tutub Azərbaycan tərəfinə vermək istəmirlər. Qatı cinayətkarların əməllərinə, Azərbaycanın çağırışlarına göz yumurlar. Belə olan halda deməyə bir söz qalır:

- Sizin gücünüzün çatmadığı işlərin öhdəsindən biz gəlmək iqtidarındayıq. BMT-nin qətnamələrini təkbaşına icra etdiyimiz kimi, adını “hərbi əsir” qoyduğunuz bir sıra caniləri də ədalət məhkəməsinə çıxarıb hüquq çərçivəsində cəza almalarına nail olacağıq.

İndi siz deyin, əziz oxucular; Kəlbəcər və Xocavənd teraktlarında əli olan erməni terrorçularla nə etməli? – MƏHKƏMƏyə çıxaraq, yoxsa “AÇ BURAX” edək?.. Cavabı vicdanınıza söykənərək verin...

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm