Öz gözündə tiri görməyən Qərb və Avropa indi də...
Bizi izləyin

Nida Təhlil

Öz gözündə tiri görməyən Qərb və Avropa indi də...

Qərbdə və Rusiyada Azərbaycan əleyhinə qarayaxma kampaniyalarının aparılması bir tərəfdən demokratiya və insan hüquqları carçısı kimi çıxış edən Qərb dünyasının öz prinsiplərini müdafiə etməsi ilə bağlıdırsa, digər tərəfdən Qərb ikili standartları təzyiq vasitəsi kimi istifadə edir.

Bunu Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O bildirib ki, bu gün başda ABŞ olmaqla Qərb dünyası, onların NATO üzrə strateji müttəfiqi olan Avropa İttifaqı ölkələri Azərbaycana qarşı o qədər də ədalətli davranmırlar: “Qərb dünyası 44 günlük Vətən savaşında Azərbaycanın haqq işini müdafiə etmədi. Hansı ki, Azərbaycan Qərb dünyasının və beynəlxalq təşkilatların görməli olduğu işi gördü. Qərbin hegemoniyasında olan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni Azərbaycan 3 minə yaxın şəhidin qanları ilə icra etdi. Hansı ki, bunlar bilavasitə Qərb dünyasının, beynəlxalq təşkilatların qətiyyətli siyasi iradəsi fonunda, yəni konkret beynəlxalq hüquq və sənədlər əllərində varkən, siyasi iradə nümayiş etdirərək yerinə yetirilməli idi. Lakin bunu 28 il icra etmədilər. Ən nəhayət Azərbaycan dövləti bunun gərəyini yerinə yetirdi. Bütün bunların fonunda, ölkəmiz üç minə yaxın şəhid verəndən sonra Azərbaycandan Qarabağın statusunun müəyyənləşməsini tələb edirlər. Bu prosesdə hansı üzlə çıxış edəcəkləri bəlli olmasa da özlərinin yenidən prosesdə varlığını təsdiq etmək istəyirlər”.

N.Mirinin sözlərinə görə, bütün bunlar mümkün olmadıqca, Azərbaycana yönəlik bu cür təzyiq vasitələrindən istifadə olunur: “Bu gün Ermənistanda demokratiya və insan haqları ilə bağlı ağır vəziyyət hökm sürür. Parlament seçkiləri prosesində qarşı duran tərəflər bir-birlərini öldürməklə hədələyirlər. Demokratiya və insan haqları adına bunu hara yazmaq olar?! Çox maraqlıdır ki, Qərb dünyası bütün bunları çox rahatlıqla görməzdən gələ bilir. Ayrıca, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesində birmənalı olaraq SSRİ zamanından mövcud olan bütün coğrafi xəritələri gözardı edərək Ermənistanın havadarı olaraq çıxış edirlər. Ancaq beynəlxalq humanitar hüququn tərkib hissəsi olan minaların basdırılmasından sonra xəritələrin təhvil verilməsi məsələsini niyəsə gündəmə gətirmirlər. Hansı ki, bu, bilavasitə beynəlxalq ictimaiyyətin vəzifəsidir. Bu qədər ikili standartların fonunda Azərbaycana demokratiya və insan haqları ilə bağlı media səviyyəsində məsələlər qaldırılanda, bu, Azərbaycan ictimaiyyəti üçün inandırıcı və cəlbedici görünmür. Bunun inandırıcı olması üçün qarşı tərəfin ədalətli davranış ortaya qoyması lazımdır. Belə bir ədalət olmadığı yerdə qarşı tərəfin kimisə ittiham etməsi ilə Azərbaycan xalqını inandırmaq mümkün deyil. Çünki ən azından özün ədalət carçısı olaraq örnək olmalısan. Biz isə bunu Qərb dünyasında görmürük”.

Ekspert qeyd edib ki, bu xüsusda beynəlxalq hüquq, insan hüquqları, paralel olaraq demokratiya adına proseslər məsələsində artıq Qərb öz cəlbediciliyini çox sürətlə itirməkdədir: “Belə olduğu təqdirdə düşünürəm ki, Qərbin bu ölkələrə nələrisə diktə etməsi və təsir imkanlarının olması haqqında danışmaq yersizdir. Ona görə də təzyiq mexanizmi olaraq düşünmək lazımdır. Ancaq onlar bir şeyi də unudurlar. Bu gün Azərbaycan nə köhnə Azərbaycandır, nə də ki, Azərbaycanın qardaşı olan Türkiyə köhnə Türkiyədir. Bu cür təzyiqlərlə Azərbaycanı və Türkiyəni bəzi məsələlərdə geri addım atmağa məcbur etmək mümkün deyil. Mən tövsiyə edərdim ki, artıq Qərb dünyası cəlbedici olması və proseslərin müsbətə doğru inkişafını təmin etmək üçün regionda həlledici ölkələr olan Azərbaycanla Türkiyə ilə yeni münasibətlər sistemi qurmaq lazım olduğunu anlamalıdır. Yoxsa təzyiq yolu ilə bu ölkələri güzəştə məcbur etmək mümkün deyil.

Birincisi, Azərbaycan qalib ölkədir. Qalib ölkə ilə də bu cür təzyiq dilində danışmaq olmaz. İkincisi, regionda bu qlobal güclərin geosiyasi maraqları varsa, hansı ki, var və prosesdə iştiraklarını təmin etmək istəyirlərsə, mütləq mənada ədalətli olmalı və Azərbaycanla qardaş Türkiyənin yanında olduqlarını isbat etməlidirlər. Əks təqdirdə, əgər regionda hər hansı bir strateji planı yerinə yetirmək istəyirlərsə və bunu Ermənistanla birgə ona havadarlıq etmək niyyətindədirlərsə, bu, əvvəlcədən cavabı bəlli olan sualdır. Yəni bunun sonu fiaskodur. Çünki Azərbaycan və Türkiyəsiz regionda hansısa geosiyasi planı, layihəni həyata keçirmək mümkün deyil. Həm ABŞ, həm qonşu Rusiya və İran, həm də Aİ bunu anlamalıdır. Kim nə qədər tez anlasa, bu, o dövlətə faydalı olacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm