Rusiya razılaşmanı pozdu, Laçın dəhlizində... - Politoloqdan AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Rusiya razılaşmanı pozdu, Laçın dəhlizində... - Politoloqdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatı pozublar.

Belə ki, rus sülhməramlılar Qarabağ dağlarında şərti yaralanmış şəxsin təxliyyəsi ilə bağlı təlimlər həyata keçiriblər. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, təlim Xocalı hava limanında xüsusi təxliyə və tibbi modulla təchiz edilmiş Mi-8 AMTŞ tipli “Terminator” helikopteri vasitəsilə keçirilib. Təlimdə ordu aviasiya pilotları, hərbçilər və Rusiya sülhməramlı kontingentinin xüsusi tibbi hissəsinin mütəxəssisləri iştirak ediblər

Qeyd olunur ki, sözügedən təlim üçtərəfli bəyanatın Qarabağda istifadə olunmasına icazə verilən hərbi texnikalar bəndini kobud şəkildə pozur. Belə ki, nəqliyyat-hücum helikopterləri sülhməramlıların yerləşdiyi ərazidə hərbi texnika siyahısına daxil edilməyib. Buna görə də sülhməramlıların Qarabağ ərazisində təlim zamanı Mi-8 AMTŞ tipli “Terminator” helikopterindən istifadə etməsi 10 noyabr razılaşmasının pozulmasıdır.

Publika.az-a sözügedən məsələni şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, sülhməramlıların bu cür hərbi helikopterdən istifadə etməsi Azərbaycan, Rusiya və Ermənistan arasındakı 10 noyabr sənədinə daban-dabana ziddir: “Əvvəla, Rusiyanın bu cür hədsiz davranışı nəyi göstərir sualına cavab vermək lazımdır. Sülhməramlıların bu addımı Rusiyanın beynəlxalq hüquqa qarşı gəlməsidir. Ancaq təkcə bu davranış 10 noyabr bəyanatına zidd davranış deyil, bunların sayı çoxdur. Bu səviyyədə hədsizliyin olması onu göstərir ki, Rusiya heç zaman heç bir ölkədə sülhməramlılıq statusunu tam yerinə yetirməyib. Azərbaycan ictimaiyyəti sülhməramlıların Qarabağdakı bu cür fəaliyyətindən narazıdır. Bu, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin tribunasından bütün dünyaya hayqırdığı da bu idi. Azərbaycan artıq tədricən bu məsələni xüsusi olaraq vurğulamaqla, Rusiyanın Qarabağdan çıxarılması prosesinə rəvac verməlidir. Bunun üçün hüquqi əsaslar var. Çünki 10 noyabrda imzalanan sənəd və bu sənəddə nəzərdə tutulan bütün müddəalar bir bütündür. Bu müddəaların biri yerinə yetirilmirsə, 10 noyabr sənədi bütün olaraq tamamilə yerinə yetirilməmiş sayılır. Sülhməramlılar Qarabağda yerləşdirilməsi qadağan olunan hərbi texnikadan istifadə etməklə 10 noyabr razılaşmasının prinsiplərini pozur”.

Politoloq qeyd edib ki, bu gün yerinə yetirilməmiş və pozulmuş bir neçə müddəa var ki, bu da bilavasitə Rusiyanın məsuliyyəti ilə bağlıdır: “Rusiya öz imzası ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu gün bütün kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi, Laçın dəhlizi ilə bağlı beynəlxalq prinsiplər, nəhayət, 4-cü müddəada qanunsuz erməni silahlılarını tərksilah edib Azərbaycan ərazisindən çıxarmaq kimi ciddi müddəalar yerinə yetirilməməklə bu sənəd ciddi şəkildə pozulub. Bu da Azərbaycana imkan yaradır ki, sözügedən sənədi yerinə yetirilməyən sənəd olaraq bəyan etsin. Paralel olaraq Zəngəzur dəhlizi açılmırsa və məsələ ətrafında müxtəlif oyunlar qurulursa, Azərbaycan Laçınla Ermənistan sərhədini bağlamalıdır”.

N.Miri bu kimi hallara görə sülhməramlıların fəaliyyət sferasını məhdudlaşdırmağın zamanının gəldiyini vurğulayıb: “Azərbaycan sərhədlərini bağlamalıdır. Ermənilər yalnız Azərbaycanın yoxlamasından sonra sərhədi keçib Rusiyanın təhlükəsizlik qüvvələri çərçivəsində Xankəndiyə və digər ermənilər yaşayan ərazilərə gedə bilər. Amaras monastırında Ermənistanın və separatçı rejimin çıxarılması, eynilə Gorus-Qafas yolunun bağlanması kimi hadisələr və proseslər yaratmaq lazımdır”.

Politoloq sülhməramlıların müşayiəti ilə ermənilərin Qarabağa gətirilməsi və orada yerləşdirilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Qarabağa sülhə nəzarət edənlərin bu cür davranışı qəbuledilməzdir: “Xocalı Azərbaycan ərazisidir. 10 noyabr sənədində birmənalı olaraq göstərildiyi kimi, BMT qaçqınlar missiyasının bilavasitə iştirakı və təzyiqi ilə azərbaycanlılar öz ərazilərinə qayıtmalıdır. Bu gün azərbaycanlılar yaşayan bölgəyə ermənilərin qaytarılması, yeni binanın inşası kimi məsələlərin həyata keçirilməsi dolayısı ilə Azərbaycanın ciddi şəkildə hüquqlarını pozur. Bu, qanun pozuntusudur”.

Qeyd edək ki, ötən həftə də müntəzəm döyüş təlimi çərçivəsində Qarabağdakı Rusiya sülhməramlıları 27 müşahidə məntəqəsində təhlükəsizliyi təmin etmək üçün hərtərəfli təlim keçirib. Bu təlimlərə BTR-82A zirehli personal daşıyıcılarının növbətçi qüvvələri cəlb edilib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm