Ermənistanın yeganə nicat yolu bundan keçir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistanın yeganə nicat yolu bundan keçir - Politoloq

İstər müharibə zamanı, istərsə də müharibədən sonra cənab Prezident İlham Əliyevin müxtəlif yerli və xarici media qurumlarına verdiyi müsahibələri həm daxili auditoriya üçün hazırkı mövcud vəziyyət haqqında məlumat vermək xarakteri daşıyırsa, həm də Ermənistan və onun havadarları üçün mesajlar, bütövlükdə isə beynəlxalq aləm üçün Azərbaycan və Ermənistan arasında mövcud durum, atılacaq addımlar və dövlətimizin region ölkələrindən gözləntilərinin nədən ibarət olduğu kimi məsələlərin aydınlaşdırılması kimi başa düşülməlidir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq qeyd edib ki, Türkiyənin nüfuzlu “Anadolu” agentliyinə verilən müsahibə mahiyyət etibarilə həm də ona görə xüsusidir ki, bu müsahibə bir daha Ermənistana post-müharibə dövrünü düzgün təhlil etməyə yenidən şans verdi:

“Ölkə başçımız bir daha diqqətə çatdırdı ki, 30 il ərzində başqa bir dövlətin ərazisini işğal edən ölkənin el dili ilə desək, sanki başını çobanın çomağına sürtərək, qaşınaraq, yenidən təxribatlar törədərək müharibəyə, təxribatlara cəhd etməsi göstərir ki, deməli, Ermənistan regiona şüurlu şəkildə otuzdurulmuş barıt çəlləyidir. Bunu tarixi faktlar aspektindən dəyərləndirmək üçün uzaq və yaxın tariximizə nəzər yetirdikdə çoxsaylı və əsaslı faktlar mövcuddur. Bu, məsələnin bir tərəfidir. Digər və daha kəskin, ağrılı və hətta irin tutmuş yara tərəfi ondan ibarətdir ki, Ermənistan bu günə kimi guya hərbi uğurla qürrələnmək istəyirdi və onu qürrələndirməyə əsas verən dövlətlər mövcud idi. Azərbaycanın əldə etdiyi zəfər göstərdi ki, onlar çox böyük səhv etdilər. Dünyanın ən güclü - həm BMT Təhlükəsizlik Şurasının üzvü olan, həm də ATƏT-in Minsk qrupunun həmsədrliyində oturan dövlətlərinin əllərində kifayət qədər təzyiq vasitələri, siyasi çəkilərinin olmasına baxmayaraq, Ermənistana təzyiq etmədilər ki, ağlı başına gəlsin. Ya da dünyada kifayət qədər belə praktika mövcuddur ki, Ermənistana müxtəlif sanksiyalar tətbiq edə bilərdilər. Onu da etmədilər, əslində etmək istəmədilər. Hətta 2018-ci ildə Ermənitanda hakimiyyətə gələn hökumətə də təzyiq etmədilər ki, azdığı yolda lap itməsin. Azərbaycan isə nə hərb, nə də sülh, sadəcə status-kvonun qorunub saxlanılması məsələsi ilə barışmadı. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə genişmiqyaslı əks-həmlə əməliyyatları Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə başa çatdı.

Post-müharibə dövründə Azərbaycanın region ölkələrindən gözləntilərini analiz etsək, ölkə başçımızın da ifadə etdiyi kimi, bütövlükdə Azərbaycan Rusiya tərəfindən razıdır. Çünki Rusiyanın yüksək ranqlı məmurları Qarabağın Azərbaycana aid olmasını dəfələrlə bildiriblər. Yerlərdə olan müxtəlif vəzifələr tutan şəxslər də bu reallıqla barışmalıdırlar. Nəzərə alsaq ki, 62 diversant bölgəyə Rusiya sülhməramlı qüvvələri gəlmədən sızdı, deməli, Ermənistan boşluq tapan kimi bundan istifadə edir və öz məkrli əməllərinə davam edir. Lakin sülhməramlıların fəaliyyətində boşluqların da olduğu aydındır. Azərbaycan dövləti və xalqı bundan narazılığını açıq şəkildə ifadə edir. Heç bir qanunuz yükdaşımaya icazə verilməli deyil. Sülhməramlı missiya öz üzərinə götürdüyü öhdəliyi tam məsuliyyətlə icra etməlidir. Artıq Dağlıq Qarabağ deyə bir inzibati bölgü vahidi yoxdur. Bu məsələni cənab Prezident yüksək BMT kürsüsündən bütün dünyaya çatdırdı. İndi Qarabağ və Şərqi Zəngəzur mövcuddur. Deməli, status da yoxdur. Belə canfəşanlıq edirlərsə, getsinlər öz ölkələrində istədikləri yerdə, nöqtədə ermənilərə status versinlər”.

Ş.Həsənova bildirib ki, indi Azərbaycan bərpa-quruculuq işləri həyata keçirir:

“Bunu azərbaycanlılar üçün edirik ki, tez bir zamanda öz dədə-baba torpaqlarına geri dönsünlər. Ermənilər isə Azərbaycanın yaratdığı imkanlardan bəhrələnmək istəyirlərsə, bizim vətəndaşlığı qəbul etməli və erməni propaqandasından xilas olmalıdırlar. Bərpa-quruculuq işləri üçün sadəcə maliyyə kifayət deyil, dövlətin səriştəsi olmalıdır. Qısa zamanda reallaşdırılan işlər Azərbaycan dövlətinin gücünün göstəricisidir.

Türkiyəyə gəldikdə, bu qardaş dövlət hər zaman Azərbaycanın yanındadır. Rəcəb Tayyib Ərdoğan illər ərzində yüksək tribunalardan Azərbaycanın yanında olduğunu bildirdi və bu məsələni öz xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən etdi. Dünyada bir-birinə yaxın, eyni kökdən olan ölkələr var, amma münasibətləri Türkiyə və Azərbaycan arasında olan əlaqələr qədər sıx deyil. Türkiyə bizim yanımızda olmaqla dünyaya mesaj göndərdi ki, Azərbaycanın haqq savaşına qarışmayın.

İndiki yaranmış reallıq isə güclər nisbətini aydın şəkildə üzə çıxarıb. Ermənistan bu nisbəti və reallığı dərk edib ona müvafiq addımlar atmalıdır. Azərbaycan gələcəyə sülh prizmasından baxır. Ermənistan da xəritəyə baxıb öz yerini tapmalıdır. Ermənistan öz konstitusiyasından Türkiyə kimi nəhəng bir dövlətə qarşı etdiyi ərazi iddiasından əl çəkməli, həm Türkiyə, həm də Azərbaycanla sərhədlərini müəyyən etməlidir. Ermənistanın yeganə nicat yolu məhz bundan keçir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm