Bandunq prinsipləri - 7 ölkə Azərbaycanı seçdi
Bizi izləyin

Nida Təhlil

Bandunq prinsipləri - 7 ölkə Azərbaycanı seçdi

Qoşulmama Hərəkatının 60 illik yubileyi baş tutdu. Bu yubileydə QH-nin hazırkı sədri kimi Azərbaycan və 60 il öncə tədbirin ilk keçirildiyi məkan olaraq Serbiya həm ev sahibi, həm də təşkilatçı qismində çıxış etdi. Prezident İlham Əliyev çıxışında ilk növbədə hərəkatın tarixinə və məqsədlərinə toxundu. 1961-ci ildə təşkilatın ilk tədbiri keçiriləndə əsas məqsəd dünyada sülhün və təhlükəsizliyin, eyni zamanda dövlətlər arasında həmrəyliyin və ədalətin təmin olunması idi. Dövlətlər bu təşkilata qoşularaq Bandunq prinsiplərinə sadiq qalacaqlarını bildirmişdilər. Prezident sonuncu çıxışında bir daha həmin prinsipləri vurğuladı. Bu prinsiplər özündə digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörməti, başqa dövlətin işlərinə qarışmamaq və digər dövlətlərlə sülh, əmin-amanlıq şəklində əməkdaşlığı ehtiva edir.

Bu sözləri Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

Siyasi şərhçi bildirib ki, 60 il əvvəl dövlətlər bu quruma qoşulmaqla “Soyuq müharibə” dövründə hər hansı hərbi bloklara üzv olmayacaqlarını açıq-aşkar şəkildə bildirmişdi: “Azərbaycanın da bu quruma qoşulmaqda məqsədlərindən biri hər hansı hərbi bloka qoşulmayacağını dünya birliyinə nümayiş etdirmək idi. 2011-ci ildən Azərbaycan təşkilata üzv olmuş və 2019-2020-ci illər üçün təşkilatın sədri vəzifəsinə seçilmişdi. 2021-ci ildə isə üzv ölkələrin etimadı nəticəsində Azərbaycanın sədrlik müddətinin bir il artırılmasına qərar verildi. Bu da Azərbaycanın Bandunq prinsiplərinə sadiqliyinin göstəricisidir. Ermənistanın Bandunq prinsiplərinə sadiq qaldığını deyə bilmərik. Ermənistan 30 il ərzində bu prinsiplərin heç birinə hörmət etməyib. Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd etmiş və 30 il ərzində torpaqlarımızı işğal altında saxlamışdı. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan torpaqlarını azad edərək BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına yerinə yetirmiş oldu.

Prezident İlham Əliyev müharibə dövründə Azərbaycana dəstək verdiklərinə görə Qoşulmama Hərəkatı üzvlərinə öz minnətdarlığını bildirdi. Onlar Azərbaycanın həqiqi və ədalətli mövqeyini dəstəklədilər. Ötən il oktyabrın 19-da BMT TŞ-nin Qarabağla bağlı iclası çağırılmışdı və həmin iclasda Azərbaycanın maraqlarını əks etdirməyən, qeyri-ədalətli qətnamə layihəsi təklif olundu. Həmin qətnamənin qəbul olunmamasında Azərbaycanın dostları olan QH üzvlərinin rolu böyük oldu. 7 QH üzvü həmin qətnaməyə əks çıxaraq qəbul olunmamasına nail ola bildi. Onlar arasında İndoneziya, Cənubi Afrika Respublikası, Vyetnam və s. kimi ölkələr vardı”.

S.Zahidov qeyd edib ki, 2019-cu ilin oktyabrında Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının sammitinə ev sahibliyi etdi: “Bu ev sahibliyində digər dövlətlərin başçılarının yüksək səviyyəli görüşləri baş tutdu. Azərbaycan və Qarabağ həqiqətləri həmin görüşdə 120-dən artıq dövlətin yüksək səviyyəli nümayəndəsinin diqqətinə çatdırıldı”.

Siyasi şərhçi vurğulayıb ki, pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın böyük fəaliyyəti olub: “Azərbaycan COVID-19 pandemiyası ilə mübarizəyə töhfə verən ölkələrdən biri olub. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı təklif irəli sürüldü. Pandemiya ilə mübarizəyə həsr olunmuş bu sessiya ötən ilin dekabrında baş tutdu. Bundan əlavə, Azərbaycan QH üzvlərindən 30 dövlətə müxtəlif səpkidə humanitar və maddi yardımlar göstərdi. Prezident dünyada hökm sürən peyvənd millətçiliyinə diqqəti yönəltdi. O bildirdi ki, peyvənd millətçiliyinin aradan qaldırılması üçün Azərbaycan BMT Baş Assambleyasına qətnamə irəli sürmək fikrindədir. Azərbaycan sədrliyi müddətində Qoşulmama Hərəkatının fəaliyyətini artıraraq dünyanın problemlərinin həllindəki rolunu daha da möhkəmləndirə bilib”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm