Bakı və Brüsselin tarixi anlaşması: Azərbaycan nələr qazanacaq?
Bizi izləyin

Nida Təhlil

Bakı və Brüsselin tarixi anlaşması: Azərbaycan nələr qazanacaq?

Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb: bu anlaşma Brüssel və Bakı üçün həm təktərəfli maraqlar, həm də ikitərəfli münasibətlər kontekstində əhəmiyyətlidir;

Brüssel Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsini inkişaf etdirmək niyyətindədir, xüsusilə Ukrayna müharibəsindən sonra Rusiyadan qaz asılılığının ən azı azaltmaq baxımından buna nail olmaq istəyir. Azərbaycan əsas mənbələrdən biridir. Burada vacib məqamlardan biri də etibarlılıq məsələsidir. Cənubi Qaz Dəhlizi layihəsini uğurla başa çatdıran Bakı Avropanın enerji təhlükəsizliyində etibarlı mənbələrdən biri olaraq çıxış edib.

Razılaşmaya görə, Azərbaycandan Avropaya təbii qaz nəqli 2023-cü ildən etibarən illik 12 milyard kubmetrə çatacaq. Hazırda qaz nəqli 8 milyard kubmetrdir. Növbəti il 5 milyard kubmetr əlavə ixrac ediləcək.

Bu Brüsselə imkna verəcək ki, Rusiya qazının ixtisar edilməsi ilə yaranan boşluğu müəyyən qədər doldursun. Məsələnn siyasi tərəfinə gəlincə, bu anlaşma Aİ-nin Rusiya qarşısında əlini gücləndirə bilər.

Bakı bu anlaşmadan iqtisadi və siyasi dividentlər əldə edir.

İqtisadi duividentlər həm təbii qaz ixracını artırmaq, həm də alternativ enerji ixracı imkanını genişləndirməkdir.

Birincisi, Avropa bazarına 8 milyard kubmetr qaz ixrac edən Azərbaycan əlavə 5 milyard kubmetr qaz ixracı ilə gəlirlərini artıracaq: təbii qaz qiymətinin yüksək olduğu dövrdə bu qazanc əvvəlki illərlə müqayisədə daha çox olacaq; işğaldan azad edilmiş əraqzilərin prioritet olduğu indiki dövrdə gəlirlərin artması perspektivi həyati əhəmiyyət kəsb edir;

İkincisi, hədəf 2027-ci ilə kimi Aİ-ə ən azı illik 20 milyard kubmetr qazın ixrac edilməsidir: bu, neft gəlirləri ilə yanaşı, təbii qazın satışından əldə olunan gəlirlərin də artım perspektivini vəd edir;

Üçüncüsü, memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün diversifikasiyasını dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və potensial olaraq Qərbi Balkan ölkələrinə daşınmasından gedir. Bu, xarici investisiya yatırımını təşviq edəcək amildir, çünki xarici investisiyalar əsasən təhlükəsizlik amilinə xüsusi diqqət yetirirlər və burada təhlükəsizliyin təmin edilməsinin əsas tərəfi Aİ-dir.

Dördüncüsü, memorandumda tərəflər istehsalçılar, ixracatçılar və infrastruktur sahibləri üçün tələbin təhlükəsizliyini, eləcə də idxalçılar və alıcılar üçün təchizat təhlükəsizliyini dəstəkləmək üçün uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayırlar. Bu, uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələr hasilatçı ölkə kimi Azərbaycanın maraqlarına tam cavab verir. Memorandumda tərəflərin Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərəcəyini qeyd etməsi məhz buna hesablanıb. Siyasi cəhətdən Aİ tərəfindən dəstəklənən belə geniş regional layihələrə beynəlxalq maliyyə institutları və nəhəng özəl şirkətlər sərmayə yatırtmağa tərəddüd etməyəcəklər.

Beşincisi, memorandumda bərpa olunan enerji sahəsində tərəflər arasında mümkün əməkdaşlığın qeyd olunması Aİ-ni ölkəmiz üçün yeni marketə çevirə bilər. İşğaldan azad olunan ərazilərdə alternativ və bərpa olunan enerji mənbələrinin, həmçinin Xəzər dənizində külək enerjisinin geniş potensialını nəzərə alaraq, bu, Azərbaycan üçün bərpa olunan enerjinin də Aİ-ə ixrac olunması imkanları yaradır.

Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq etibarlı və bərabərhüquqlu tərəfdaşlığa, eləcə də hüquqi sənədlərə söykənir.

2006-cı ildə Brüsseldə imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə bu sənədlərdəndir. Bununla yanaşı, 2018-ci ildə qəbul edilmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri (2018-2020) sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunmuşdur. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilədək uzadılıb.

2015-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədi ilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılmış və hazırkı vaxtadək 8 iclası keçirilib.

4 fevral 2022-ci il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası zamanı Prezident İlham Əliyev və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson arasında görüş zamanı Aİ və Azərbaycan arasında yeni enerji dialoqunun təsis edilməsi barədə razılıq əldə olunubdur.

2021-ci ildə ümumi ixrac olunan neftin 70 faizə qədəri Aİ ölkələrinin payına düşür. Qaz sahəsində əməkdaşlığa gəldikdə isə TAP layihəsi üzrə Azərbaycandan Avropaya təbii qazın nəqli 31 dekabr 2020-ci il tarixindən başlanıb. 2021-ci ildə TAP kəməri ilə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin yanvar-iyun aylarında isə 5,4 milyard kubmetr təbii qaz ixrac olunub. Azərbaycan-Aİ-enerji dialoqu çərçivəsində müzakirə edilən mövzulardan biri də Azərbaycandan Avropaya “yaşıl” elektrik enerjisinin (elektrik enerjisinin dənizdə külək elektrik stansiyalarında istehsalı nəzərdə tutulur) ixracıdır.

Siyasi dividentlər həm Azərbaycanın beynəlxalq arenadakı rolu, həm də postmünaqişə realıqlarının qəbul edilməsi baxım ından əhəmiyyətlidir:

Birincisi, Avrpanın enerji təhlükəsizliyində rolunu daha da artıran Azərbaycanın siyasi nüfuzu beynəlxalq müstəvidə artır, xüsusilə Brüsselin hazırki vəziyyətdə ehtiyacını nəzərə aldıqda Bakının bu anlaşma ilə mühüm siyasi gediş etdiyini anlamaq mümkündür;

İkincisi, anlaşma memorandumunda tərəflər bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəliklərini xüsusi vurğulayırlar: bu, Azərbaycanın postmünaqişə reallıqlarını Avropada rəsmi sənədlə qəbul etdirməsi deməkdir;

Üçüncüsü, bu anlaşma Azərbaycan-Ermənistan sülh sazişinin Bakının təqdim etdiyi, region ölkələri ilə yanaşı, Aİ-nin də qəbul etdiyi 5 prinsip əsasında imzalanması prosesinə müsbət təsir edə bilər. Çünki Aİ bölgədə sabitliyin tərəfdarıdır, enerji maraqları baxımından bu istəyi daha da güclənir və sabitlik, həmçinin, bölgədənin təhlükəsiz perspektivi məhz sülh sazişinin imzalanmasından asılıdır;

Dördüncüsü, Bakı və İrəvan arasında vasitəçilik edən Brüssel Azərbaycanın ədalətli mövqeyinə üstünlük daha çox üstünlük verə bilər;

Beşincisi, bərpa olunan enerji sahəsində əməkdaşlıqda işğaldan azad edilmiş ərazilərdəki mənbələrin rol oynaması Aİ-nin Qarabağda da təhlükəsizliyə xüsusi önəm verməsini şərtləndirə bilər ki, bu da yalnız Azərbaycanın suverenliyi çərçivəsində mümkündür;

Anlaşma memorandumunun iqtisadi və siyasi tərəfləri Azərbaycan üçün əhəmiyyəti perspektiv vəd edir.

Burada ən önəmli məqamlardan biri də Avropa İttifaqı ilə Azərbaycanın bərabərhüquqlu əməkdaşlığının inkişafıdır. Azərbaycan-Aİ əlaqələrinin hazırki siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Prezident İlham Əliyev və Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilə qədər uzadılıb. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib. Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində danışıqlar davam edir. Layihənin əksər hissəsi razılaşdırılıbdır. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm