Ermənistan terrorçuları niyə MİT-ə verdi? – PKK-İrəvan dostluğu çatlayır
Bizi izləyin

Nida Təhlil

Ermənistan terrorçuları niyə MİT-ə verdi? – PKK-İrəvan dostluğu çatlayır

Ermənistanın PKK-nın iki üzvünü Türkiyəyə təhvil verməsi maraqlı məqamları da ortaya çıxardı.

Birincisi, bu hadisə Ermənistanda kəşfiyyat və ədliyyə sistemi arasında qalmaqala səbəb oldu;
İkincisi, tarix boyu erməni terror təşkilatları ilə çiyin-çiyinə addımlayan, I və II Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş PKK ilə İrəvan arasında narazılıqlar yarandı;
Üçüncüsü, bu, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlarından biri olaraq qəbul edilə bilər.

Atila Çiçek (kod adı “Lexenk”) və Hüseyn Yıldırım (kod adı “Alişer”) 2021-ci ilin 16 avqustunda Araz çayı üzərindən Ermənistana qanunsuz keçməkdə və silah-sursat keçirməkdə ittiham olunublar. Hər iki terrorçu İran vasitəsilə Ermənistana keçməyə çalışıb. Qərbi Zəngəzur (Sünik) vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında iki PKK üzvünün 7 il müddətində həbsə məhkum edib. Daha sonra apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını 3 il şərti cəza ilə əvəz edərək, onları azadlığa buraxıb.

Bu terrorçular Türkiyə tərəfindən axtarışa verilib. Məlumata görə, H.Yıldırım 2012-ci ilin 25 sentyabrında Tunceli vilayətinin Çiçəklli kəndində “Türk Telekom”a məxsus avtomobili ələ keçirərək, içinə uzaqdan idarə olunan partlayıcı qurğu yerləşdirib. Daha sonra Atatürk bölgəsində Türkiyə ordusunun hərbi avtomobilinin yanında partladıb. Terror aktı nəticəsində 6 əsgər, 1 mülki şəx həlak olub. Yıldırım 2020-ci ilin 29 avqustunda İran ərazisindən Türkiyənin Aqra vilayətinə keçərək, Doğubəyazıt bölgəsində təhlükəsizlik qüvvələrinə silahlı basqın təşkil edib. Terror hücumu nəticəsində 2 əsgər həlak olub.

Uzun müddət Suriya və İranda fəaliyyət göstərən terrorçu Atilla Çiçək isə sərhəd bölgələrində Türkiyəyə qarşı terror fəaliyyətləri həyata keçirib.

Terorçuların Türkiyəyə təhvil verilməsi Ermənistanda qalmaqal yaradıb. Ədliyyə Nazirliyi “təhvil vermə” prosesini təkzib edib və bildirib ki, “adıçəkilən şəxslərin ekstradisiyası məsələsində iştirak etməyiblər”.

“Ermənistan” blokundan olan deputat Qeqam Manukyan isə bildirib ki, Atilla Çiçək və Hüseyn Yıldırımı Türkiyə kəşfiyyat orqanı olan MİT-ə Ermənistan Milli Təhlükəsizlik Xidməti təhvil verib.

Ermənistan MTX bunu iddia adlandırıb və bəyan edib ki, A.Çiçək və H.Yıldırımın Türkiyəyə onlar tərəfindən təhvil verilməsi haqda dəqiq olmayan məlumatlar xüsusi xidmət orqanlarının nüfuzunu ləkələməyə hesablanmış iddialardır.

Ədliyyə və MTX məsələni bir-birinin üzərinə atmaqla ittihamlardan yayınmaq istəyir. Hərçənd, hər iki terrorçu artıq MİT-in əlindədir. O zaman PKK üzvlərinin Türkiyəyə necə verildiyi sualı yaranır.

Terrorçuların təhvil verilməsi ilə bağlı PKK-nın Ermənistana etiraz açıqlamasında bu suala cavab tapmaq mümkündür.

Faktı “Ermənistan üçün biabırçılıq” adlandıran terror təşkilatı bəyan edir ki, A.Çiçək və H.Yıldırım 23 fevral 2022-ci il tarixində Ermənistanda apelyasiya məhkəməsi tərəfindən azad edildi: “Onlar azad edilməli idilər, lakin oğurlanaraq, erməni xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Hərçənd, onların sərbəst qalacağına söz verilmişdi, nəticədə isə Türkiyə tərəfindən təhvil verdilər.

Bəlli olur ki, terrorçuları MİT-ə Ermənistan xüsusi xidmət orqanları verib. Bu, Ermənistan tarixində PKK-ya qarşı ilk addımdır və mümkündür ki, müəyyən nəticələrə də səbəb olacaq. Çünki erməni və PKK terror təşkilatları Azərbaycan və Türkiyəyə qarşı tarix boyu birgə mübarizə aparıb. PKK-çılar 44 günlük müharibədə də də Ermənistan tərəfindən döyüşürdü. İndi “sərbəst buraxılacağı” vədi verilən terrorçuların Türkiyəyə təhvil verilməsi PKK-Ermənistan əlaqələrində çatların yaranması ilə nəticələnə bilər. Terror təşkilatının etiraz açıqlamasının mətni də bunu deməyə əsas verir.

Ermənistan hakimiyyətinin bu addımını Türkiyə ilə münasibətlərin normallaşması prosesində praktiki jest də hesab etmək olar. İstisna deyil ki, Ankara-İrəvan danışıqlarında terrorçuların təhvil verilməsi məsələsi də masada olub.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm