Nida Təhlil
İslam bayrağı altında müsəlman dövlətləri ilə düşmənçilik edən yeganə ölkə – ŞƏRH
İran regionda geosiyasi boşluq hiss etdiyi üçün bu boşluğu doldurmaq istəyir. Bilirsiniz ki, "müqəddəs" yerlər heç vaxt boş qalmır. Rusiyanın Ukraynada zəifləməsi kontekstində İran bu boşluğu doldurmağa can atır. Biz artıq bu yöndə regionda, xüsusilə Cənubi Qafqazda İranın aktivləşdiyini hiss edirik.
Bunu Publika.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.
Onun sözlərinə görə, İranın Cənubi Qafqazda təsir edə biləcəyi ən zəif bənd məhz Ermənistandır: “Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu müddətcə, İrəvanın məhz Tehran tərəfindən dəstəkləndiyi də heç kimə sirr deyil. İndiki vəziyyətdə həm İranın Qafqaz siyasəti, regionda öz geosiyasi maraqlarını təmin etmək istəyi, həm də Ermənistanın müəyyən mənada hərbi cəhətdən təhlükəsizliyini təmin etmək istəyi üst-üstə düşdüyü üçün bu ölkələr bir-biri ilə yaxın münasibətlər qururlar. Bu kontekstdə Ermənistanın müəyyən hərbi təchizat problemləri var. Ona görə də iqtisadi-ticari əməkdaşlıqla bərabər, həm də hərbi cəhətdən bəzi silahların İrandan Ermənistana satılması məsələləri gündəmdə var. Bu xüsusda bəzi ballistik raketlərdən tutmuş kamikadze dronlaradək, Ermənistan İrandan silahlar almaq istəyir. Düşünürəm ki, bu məsələ noyabrın 1-də baş tutan səfər zamanı Paşinyanla Rəisi arasında müzakirə predmeti olub. Müəyyən anlaşmaların əldə edildiyi də istisna olunmur”.
Natiq Miri qeyd edib ki, bu, əslində təəccübləndirici məsələ deyil: “Çünki İran regionda hər zaman dağıdıcı ünsür olaraq iştirak edib. Bu cür insanlıqdan uzaq davranışlar məhz İran tərəfindən müşahidə olunur. Bu gün İran o davranışı Azərbaycana qarşı edir. Yəni işğalçı Ermənistana yardım edir. Biz yaxın zamanlarda bu yöndə bir çox silahların, xüsusilə kamikadze-dronların və bəzi ballistik raketlərin İrana satılmasını da görə bilərik. Əlbəttə, bu da Azərbaycana yönəlik açıq düşmənçilik siyasətidir ki, İrana qarşı adekvat siyasəti ortaya qoyacaq”.
Politoloq qeyd edib ki, bu gün İran təkcə Azərbaycana deyil, əksər region dövlətlərinə münasibətdə də düşmənçilik siyasəti yürüdür. Onun sözlərinə görə, İranın əhatə olunduğu bütün ölkələr müsəlman ölkələridir: “Bir islam ölkəsi təsəvvür edin. Bu islam ölkəsi islam bayrağı altında bütün müsəlman dövlətləri ilə düşmənçilik edir. İranın Pakistanla problem var, bu gün İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi müsəlman dövlətləri ilə düşmənçilik edir. Bu gün İran Yəməndə vətəndaş müharibəsini başladan, husilər hərəkatına dəstək verən yeganə ölkədir. Bu gün Azərbaycanla düşmənçilik edən və düşmən Ermənistana yardım edən yeganə ölkə İrandır. Bilirsiniz ki, dünən İranın yenidən qisas adı altında bəzi ərəb ölkələrinə, xüsusilə də Səudiyyə Ərəbistanına raket hücumlarının ediləcəyi, hətta kamikadze-dronlardan istifadə olunacağı ilə bağlı informasiyalar var idi. Bu səbəbdən Səudiyyə Ərəbistanı, eyni zamanda ABŞ-ın Yaxın Şərqdəki ordusu bir nömrəli hazırlıq vəziyyəti elan etmişdi. Bu faktın özü də göstərir ki, İran artıq dağıdıcı ünsür olaraq təkcə region ölkələrinin deyil, qlobal güclərin də müəyyən geosiyasi maraqlarına uyğun gəlmir. Bu baxımdan, fikir verirsinizsə, artıq İsraildə növbədənkənar parlament seçkisində qalib gələn Benyamin Netanyahunun rəhbərlik etdiyi blok İrana qarşı bir koalisiya yaratmaq qərarı verib. İran bu barədə çox ciddi düşünməlidir. Çünki Tehranın bügünkü düşmənçilik və dağıdıcılıq siyasəti fonunda İranı yer üzündən silmək istəyən böyük bir koalisiya var. İstər ərəb ölkələri, istər İsrail, istər ABŞ, istərsə də Azərbaycan bu koalisiyada çox rahatlıqla yer ala bilər. Ona görə də İran bu dağıdıcı siyasətindən vaz keçməli və diqqəti daha çox öz daxilinə yönəltməli, daxili problemlərini həll etməyə çalışmalıdır. Daxildə üsyan varkən, etiraz dalğası bütün İranı əhatə etmişkən, digər tərəfdən də Tehran region dövlətlərinə əzələ nümayiş etdirir. Düşünürəm ki, bu çox çəkməz. Dağıdıcı mənfi əks-əlaqə İranın özünə geri qayıdacaq ki, bu da bütövlükdə İran dövlətinin parçalanmasına qədər gedəcək prosesi əhatə edə bilər”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 1-də İranda rəsmi səfərdə olub. Bu, N.Paşinyanın İrana artıq üçüncü səfərdir və əvvəlki səfərlər zamanı da İran rəhbərliyi Ermənistana dəstək, hansısa “qırmızı xətt” barədə bəyanatlar veriblər.
İranın əvvəlki rəhbərləri də Ermənistanın, əli Azərbaycan xalqının qanına batmış rəhbərlərini – Robert Köçəryanı, Serjik Sərkisyanı xüsusi canfəşanlıqla qarşılayıblar, iki xalqın dostluğu, qardaşlığı haqqında bəyanatlar veriblər, ortaq maraqlardan danışıblar və onların reallaşdırılmasına çalışıblar.
Son hadisələr İranın Azərbaycanın maraqlarına qarşı çıxan və ermənipərəst siyasət yürüdərək 30 il ərzində Azərbaycan ərazilərinin işğalına əməli dəstək verən siyasətinin dəyişməz olduğunu bir daha təsdiqləyir. Azərbaycan cəmiyyəti artıq İranın riyakar simasını aydın görür və son hadisələr bizi bir daha əmin edir ki, İran islamın, müsəlmanların deyil, müsəlmanlara qarşı qətliam törədənlərin, məscidləri, ziyarətgahları və digər dini ibadət yerlərini yerlə-yeksan edənlərin yanındadır.
Səxavət Həmid
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz