Tarixi yenidən yazan liderin Zəfər strategiyası - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Tarixi yenidən yazan liderin Zəfər strategiyası - TƏHLİL

- O, tarixin gedişini dəyişdi;
- O, imkansızı bacardı;
- O, möcüzə yaratdı;

İki il öncəyə - 27 sentyabr 2020-ci il tarixindən əvvəlki günlərə boylananda və 44 günlük Zəfər təqviminə baxdıqda Vətən müharibəsini Prezident İlham Əliyevin nələr etdiyi, nəyə nail olduğu, çoxlarının, təkcə bizim yox, həm də dünyanın inanmadığı qələbəyə necə imza atdığı fonunda xatırlamamaq olmur.


Ona – Prezident İlham Əliyevə görə, qələbənin müəllifi Azərbaycan xalqı və ordusudur. Doğru deyir, amma tam demir və bu, onun nə qədər təvazökar olduğundan qaynaqlanır.

Doğrudur, Azərbaycan xalqı Vətən müharibəsində yumruq kimi birləşdi, cəbhədəki əsgərlə nəfəs aldı, düşmənin terror hücumlarına rəğmən sona qədər həmrəy oldu;
Doğrudur, Azəraycan Ordusu cəmi 44 gün ərzində 4 ilə işğal edilmiş torpaqları azad etdi və bunu çətin dağ relyefində, müharibə qanunlarını alt-üst edən əməliyyatlarla həyata keçirdi, hətta hərb elminin nəzəriyyəsinin dəyişməsi zərurətini yaradacaq səviyyədə;

Amma bu iki faktorun arxasında liderlik amili dayanır, xalq istəyə, ordu döyüşə bilər, zəfəri təmin edənsə məhz xalq və ordunun önündə gedən sərkərdədir.

Əliyev XXI əsrin müharibəsini qazanan sərkərdədir, təvazökarlığı bunu dilə gətirməyə imkan verməsə də.

Vətən müharibəsinə gedən yol və 44 gün davam edən döyüşlərdə müşahidə etdiklərimiz İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi xarakterini də ön plana çıxarır. Və bu, onun möcüzəni necə reallığa çevirdiyinin də isbatıdır.

Baş verənləri masa və cəbhə olmaqla iki mərhələdə təhlil etsək, Zəfərin memarı olan Prezident İlham Əliyevin “nəyi necə, nə vaxt etmək lazımdır” fəlsəfini anlaya bilərik.

Masada döyüş

İlham Əliyev hələ ilk dəfə Prezident seçiləndə işğal altındakı torpaqlarımızın azad ediləcəyinin müjdəsini vermişdi. O zaman çoxları bunu “vəd” olaraq dəyərləndirirdi, lakin zaman və nəticə təsdiq etdi ki, Əliyev vəd vermir, qələbəyə aparan “yol xəritəsi”ni elan edirdi.

2020-ci ilə qədər davam edən uzun danışıqlar prosesində Prezident İlham Əliyev bir prinsipdən çıxış edirdi: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, suverenliyinin toxunulmazlığı;

Bu, münaqişənin həlli ilə bağlı danışıqların keçirildiyi Qərb masasında da, Rusiya masasında da dəyişməz mövqe olaraq qaldı. Hərçənd, bu mövqeyin arxasındakı gücü formalaşdırmaq lazım olduğu həqiqəti də var idi və bunu, Prezident çox yaxşı bilirdi.

Güclü Azərbaycanın qurulması: yalnız bu halda masadakı mövqeyimizi qoruya, mübarizəni sona qədər apara bilərdik.

Əliyev bu strategiyanı izləyərək:

- İqtisadi inkişafda inqilabi nəticələr əldə etdi, xüsusilə müstəqil siyasət yürüdə bilməyin əsasını təşkil edən iqtisadi müstəqillik yaratdı;
- Sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atdı, bu həm də Azərbaycanın daxili dayaqlarının güclənməsi baxımından vacib idi;
- Azərbaycanı beynəlxalq siyasətin həlledici oyuçusuna çevirdi;
- Enerji və nəqliyyat layihələrində Azərbaycanı mərkəz rolunu oynayan ölkə etdi;
- Region və dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər sistemi formalaşdırdı;
- İşğalçı Ermənistanın siyasi və iqtisadi istiqamətlərdə mühasirəsini yaratdı;
- Və bütün bunlara paralel olaraq qüdrətli ordu yaratdı: Silahlı Qüvvələrimiz həm döyüş qabiliyyəti, həm hərbi arsenalının müasirliyi və zənginliyi ilə regionun lider, dünyanın ön sıralarına yüksəldi;

Prezident İlham Əliyev Zəfər gününü addım-addım yaxınlaşdırırdı. Və elə bir vəziyyət yaratdı ki, işğalçı ölkə bütün havadarlarına rəğmən işğalı davam etdirə bilmədi.

Masadan cəbhəyə

2018-ci il regionda yeni situasiyanın yarandığı təqvim hesab edilə bilər, xüsusilə Ermənistanda hakimiyyət dəyişikliyi danışıqlar masasında da vəziyyətin dəyişməsi, irəliyə doğru addımın atılması ümidlərini yaratmışdı. Beynəlxalq oyunçular da Qarabağ münaqişəsinin həll edilməsi imkanlarından bəhs edirdilər. Hərçənd, Ermənistanın bu prosesdə öz oyununun olduğu həqiqəti də var idi, bu oyun masada istəyinə nail olmayanda, çılpaqlığı ilə ortaya çıxdı.

Ermənistan elə görüntü yaradırdı ki, münaqişənin həllində maraqlıdır, amma danışıqlarda yeni şərtlər də irəli sürür, bununla qazanclı çıxmaq istəyirdi. Xüsusilə işğal altındakı ərazilərdəki separatçıları “tərəfə” çevirmək cəhdləri edirdi.

Azərbaycan lideri bu oyunu pozdu: Ermənistanın bütün cəhdlərini alt-üst etdi və öz gündəliyini diktə etdi və göstərdi ki, regionun gələcəyi işğala son qoymaqdan keçir.

Ermənistanın “demokrat” kimi sırınan hakimiyyəti masada məğlub olduğunu anlayanda sələflərinin yoluna qayıtdı və təxribat hücumlarına başladı. Əsas hədəf də məzh Azərbaycanın mülki vətəndaşları idi. İşğalçı ölkənin “yeni müharibə - yeni ərazilər” tezisi isə açıq şəkildə meydan oxumaq və yeni işğal planları qurmaq demək idi. Tovuz döyüşlərində buna cəhd etdilər də, lakin təxribat baş tutmadı.

Əliyev düşmənin bütün oyununu – sülh tərəfdarı kimi görünmək gedişlərini də, hərbi təxribatlarını da – diplomatik məharətlə alt-üst etdi. Artıq işğalçının yolu qalmamışdı, ya torpaqları boşaltmalı, ya da yeni işğal hücumu ilə vəziyyəti dəyişdirməli idi. Ermənistan ikincini – təxribat hücumunu seçdi.

Və 27 sentyabr 2020-ci il tarixin axarının dəyişdiyi günə çevrildi.

Cəbhədə döyüş

İşğalçı Ermənistan danışıqlar masasında vəziyyəti xeyrinə dəyişmək məqsədilə genişmiqyaslı təxribat hücuma başladı. Hesab edirdilər ki, bununla Azərbaycanı geri çəkilməyə məcbur edəcək, İlham Əliyevin illərdir həyata keçirdiyi Zəfər strategiyasını pozacaqlar. Amma qarşılarında dayananın strategiya ustası olduğunu hesablaya bilməmişdilər.

27 sentyabrda Azərbaycan Ordusu tam şəkildə döyüşə hazır idi. İlham Əliyev bu günün bir gün gələcəyini bildiyi üçün Silahlı Qüvvələri Vətən müharibəsinə tam hazırlamışdı.

Azərbaycan Ordusunun cəmi 44 gün ərzində həyata keçirdiyi əməliyyatlar da diplomatik masada işğalçı ölkənin oyunlarını pozan və qələbə əldə edən Prezident İlham Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qüdrətli sərkərdə olduğunu isbatladı.

Müharibənin ilk günündən Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa əməliyyatına qədər İlham Əliyev Ali Baş Komandan olaraq döyüşlərə rəhbərlik etdi.

Və cəmi 44 günə düşmən diz çökdürüldü.

- Bu, İlham Əliyevin Zəfərə aparan strategiyasının nəticəsi idi;
- Bu, 30 il gözlədiyimiz və arzuladığımız gün idi;
- Bu, Azərbaycanın son 200 illik tarixində məğlubiyyət seriyasının dəyişməsi, qələbə dövrünün başlanğıcı idi;

Və bunun memarı masada da, cəbhədə də işğalçını darmadağın edən İlham Əliyevdir.

İlham Əliyev təkcə bu ölkənin Prezidenti, təlcə Silahlı Qüvvələrin Ali Baş Komandanı deyil, həm də Azərbaycan tarixini dəyişdirən, yenidən yazan Liderdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm