Ermənistan KTMT daxilində belə heç bir nüfuza malik deyil - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənistan KTMT daxilində belə heç bir nüfuza malik deyil - ŞƏRH

Məlum olduğu kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) rotasiya qaydasında sədrlik həyata keçirirdi. Onun sədrliyi dövründə – sentyabrın 12-14-də – görünür, Ermənistanın bu təşkilata sədrlik etməsi də ona əlavə stimul verdi ki, Azərbaycana qarşı növbəti irimiqyaslı hərbi təxribat həyata keçirsin. Nəticədə Azərbaycan Silahlı Qüvvələri yenidən düşmənin burnunu əzdi. Onu öz mövqelərindən də geri çəkilməyə məcbur etdi. Belə olan təqdirdə Ermənistan kütləvi informasiya vasitələri, Paşinyan hökuməti yenidən dezinformasiya maşınını işə saldı, Azərbaycanı 12-14 sentyabr hadisələrində ittiham etməyə başladılar və eyni zamanda KTMT-də sədrlikdən istifadə edib 12-14 sentyabr hadisələrinə bu hərbi-siyasi təşkilatı cəlb etmək istədilər. Ancaq istədiklərinə nail ola bilmədilər.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.

O qeyd edib ki, belə olan vəziyyətdə Ermənistanın təşəbbüsü ilə oktyabrın 28-də onlayn formatda KTMT-nin toplantısı keçirilib: “Ermənistan sözügedən toplantıda nəinki bu hərbi-siyasi təşkilatdan dəstək ala bilmədi, hətta bu təşkilatın bir sıra üzvləri tərəfindən, xüsusilə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun timsalında Paşinyan çox kəskin tənqid edildi”.

Noyabrın 23-də İrəvanda keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya Prezidentinin də iştirak etdiyini xatırladan Elman Nəsirov qeyd edib ki, Vladimir Putinin səsləndirdiyi bir fikir mətbuatda xüsusilə geniş yayılıb: “Onun sözlərinə görə, Ermənistanın KTMT-yə sədrliyi dövründə ən böyük uğursuzluğu o oldu ki, bu hərbi-siyasi təşkilatdan dəstək ala bilmədi. Təşkilatin üzvləri Ermənistanın mövqeyini müdafiə etmədi. Bu artıq o deməkdir ki, Ermənistan bu hərbi-siyasi təşkilatın daxilində belə heç bir hörmətə, nüfuza malik deyil. Baxmayaraq ki, Azərbaycan KTMT-nin üzvü deyil, ancaq üzv dövlətlər Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər”.

Elman Nəsirov qeyd edib ki, bu tədbirdə Rusiya Prezidenti Vladimir Putin post-münaqişə dövründə həllini gözləyən məsələlərlə bağlı mövqe ifadə edib və bildirib ki, üç şərtin yerinə yetirilməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər: “Bunlardan birincisi sərhədlərin delimitasiyası, ikincisi nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, üçüncüsü isə iki dövlət arasında humanitar əlaqələrin bərpası və intensivləşdirilməsi ilə bağlı məsələlərdir. Yeri gəlmişkən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da KTMT-nin İrəvan sammiti ilə bağlı mövqe bildirib və qeyd edib ki, bəli, KTMT üzvləri arasında bir sıra məsələlərdə fikir ayrılığı mövcuddur. Xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində yaranmış anlaşılmazlıqlarla bağlı üzvlər arasında fikir fərqliliyi var. Ancaq bu demək deyil ki, KTMT öz missiyasını bitirib. Əksinə son illərin hadisələri, xüsusilə keçən il baş verən proseslər, bugünkü reallıqlar göstərir ki, KTMT-nin mövcudluğuna böyük ehtiyac var”.

Elman Nəsirovun sözlərinə görə, hər halda bir həqiqət danılmazdır ki, Ermənistanın Baş naziri Paşinyan nəhayət, elə bir sənədin imzalanacağını düşünür ki, həmin sənədin sayəsində Azərbaycan 12-14 sentyabr hadisələrinə görə məsuliyyət daşıyacaq və Azərbaycana münasibətdə bundan irəli gələn addımlar atılacaq: “Ancaq heç bir addım atılmadı. İki sənədin imzalanması gözlənilirdi ki, onların da heç biri imzalanmadı. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin olduqca uğurlu xarici siyasət kursu özünün sədrlik etdiyi bir zamanda da Ermənistan dövlətinin KTMT çərçivəsində məğlubiyyətinə gətirib çıxarıb”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm