Tehranın “Sülh Qafqazı”, Bakınn “B” planı: İranın Azərbaycana qarşı əsl niyyəti faş olur
Bizi izləyin

Nida Təhlil

Tehranın “Sülh Qafqazı”, Bakınn “B” planı: İranın Azərbaycana qarşı əsl niyyəti faş olur

Tehranın “Sülh Qafqazı”, Bakınn “B” planı: İranın Azərbaycana qarşı əsl niyyəti faş olur

Ötən həftə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehranda, İran şəhərsalma və yollar naziri Mehrdad Bazarpaşın Azərbaycanda keçirdiyi görüşlər müəyyən qədər diqqətdən kənarda qalsa da, regionun taleyini dəyişə biləcək səviyyədə mühüm idi. X.Xələfovu qəbul edən İran prezidenti İbrahim Rəisi bildirib ki, Qafqazda sabitliyin qorunması və yaxşılaşdırılması regional problemləri həll etməyə qadir olan region ölkələrinin əməkdaşlığından asılıdır. O əlavə edib ki, regiondankənar ölkələrin mövcudluğu heç bir halda region ölkələrinə sərf etmir və regionun geosiyasəti dəyişməz qalmalıdır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian isə X.Xələfovla görüşündə ölkəsinin Qafqazın geosiyasi nizamını dəyişə biləcək hər hansı plana qarşı olduğunu vurğulayıb. “Zəngəzur dəhlizi sülh sazişinə böyük maneədir. Araz nəqliyyat marşrutu Azərbaycanın Naxçıvan Muxtar Respublikasına erməni keçid məntəqələri olmadan maneəsiz çıxışını təmin edər”, o, dəmir yolunun İran ərazisindən çəkilməsinə işarə edib.

X. Xələfovun İrana səfəri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehrana səfərindən sonraya təsadüf edir. Qriqoryan İranın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İbrahim Rəisi ilə görüşlər keçirmişdi.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri A. Qriqoryanla görüşündə bildirib ki, İran Ermənistan və Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır: “Cənubi Qafqazda baş verən hadisələr regionun təhlükəsizliyinə təsir edir, gərginlik Ermənistan, Azərbaycan və regiondakı digər ölkələrin maraqlarına uyğun deyil”. Ermənistanda bu yaxınlarda keçirilən erməni-amerikan hərbi təlimlərinə toxunan Baqeri deyib ki, “bölgədənkənar qüvvələrin mövcudluğu qeyri-sabitliyə səbəb olacaq”.

Göründüyü kimi, həm Azərbaycan, həm Ermənistan rəsmiləri ilə görüşlərdə İran tərəfinin əsas vurğusu regionda kənar qüvvələrin (söhbət NATO dan gedir-C.Q) gəlişinin əngəllənməsi və Zəngəzur dəhlizinin Araz keçidi ilə (İran ərazisindən keçəcək Cənubi Zəngəzur dəhlizi-C.Q) əvəzlənməsidir. Yəni İra,n Ermənistanın ərazi bütövlüyünü dəstəkləmək haqda hay-küyün arxasında əslində Ermənistanı böyük regional layihədən kənarda qoymağı nəzərdə tutur və deyəsən, Ermənistan da belə aldanışdan, uduşsuz variantdan məmnundur.

İran rəsmiləri və KİV-ləri görüşləri və ilkin anlaşmaları “Sülh Qafqazı” planı kimi təqdim edir, İranın İrəvan və Bakı arasında vasitəçilik edə bilməsindən də yazırlar.

Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə ABŞ-dakı Hudson İnstitutunun baş elmi işçiləri Maykl Doran və Lyuk Koffinin moderatorluğu ilə keçirilən müzakirədə Zəngəzur dəhlizi ilə bağlı belə bir fikir səsləndirib: “Biz etiraf edirik ki, Zəngəzur dəhlizi Ermənistanın suveren ərazisidir. Başqa bir məsələ, rəsmi İrəvanın həmin ərazidə nəqliyyatın hərəkətinin təhlükəsizliyini necə təmin edəcəyidir. Təkid edəcəyik ki, Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvana qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün bizə etibarlı təminat verilsin. Əgər Ermənistan prosesi ləngitmək istəsə, bu halda “B” planı işə düşəcək – marşrut İrandan keçəcək”.

Yada salaq ki, bu yöndə anlaşma əldə edilməsinə dair ilkin açıqlamalar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Naxçıvan görüşündən sonra verilmişdi, İrandan müsbət siqnallar alındığını demişdi. Amma bir çox nəşrlər hələ (Esfahanemrooz, Khabaronline) Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasına absurd şərhlər verir. X.Xələfovun İrana səfərini isə ISNA belə şərh edir: “Hər dəfə Bakı İrana qarşı hərəkətə keçmək istəyəndə, yaxınlaşmağa cəhd edir və aldadır ki, “biz sizin həyati maraqlarınıza hörmət edirik”. Beləliklə, İranın həssaslığı zəifləyəcək və o öz işini davam etdirəcək”.

Lakin, deyəsən, İranın iştahası yalnız Ermənistanı qlobal nəqliyyat dəhlizindən kənarda qoymaqla bitmir. Tehran 90-cı illərdə Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yarımçıq qalmış arzusunu da reallaşdırmağa həvəsli görünür - Gürcüstanı qlobal tranzit layihələrdən kənarda qoymaq, yəni BTC-ni İran marşrutu ilə əvəz etmək. Xatırladaq ki, o zaman rəsmi Tehran Xəzərin enerji ehtiyatlarının İran üzərindən daşınması üçün Avropada böyük lobbiçilk aparmış, Azərbaycanda da iki iri müxalifət partiyasının (ADP və Müsavat), çoxsaylı KİV və ictimai fəalların timsalında bu təşəbbüsə dəstək qazana bilmişdi.

“Tahlilbazar” nəşri ümid edir ki, İran və ABŞ arasında münasibətlər yaxşılaşarsa, Xəzər neftinin hasilatı və nəqlində köklü dəyişikliklər baş verə bilər. Bu yaxınlarda ABŞ senatoru Sem Braunbekin qeyd etdiyi kimi, İran əsas tranzit ölkəsi kimi çiçəklənmə şansı əldə edər. İranlı analitiklərə görə, bu kontekstdə neft ixrac boru kəməri ilə bağlı məsələyə baxılması da vacibdir. “İran Bakı-Tbilisi-Ceyhan boru kəməri ətrafında baş verən son hadisələrə təhlükə kimi baxır, buna görə də Tehran bu infrastrukturdan qaçmaq və Bəsrə körfəzi vasitəsilə ixrac üçün bir neçə alternativ təklif irəli sürüb. İran hökuməti öz ərazisindən böyük ixrac kəməri çəkməyi, Xəzər neftini körfəzə vurmağı və Xəzər dənizinə nəzarəti ələ keçirməyi, o cümlədən Azərbaycan neftinin ixracını təklif etməklə Xəzər regionunda mövqeyini yaxşılaşdırmağa çalışdığını inkar etmək olmaz. Digər mübahisəli məsələ isə Azərbaycanın İsrail rejimi ilə yaxın münasibətləridir”- deyə “Tahlilbazaar” yazır.

Əslində BTC ilə bağlı təşəbbüslər 90-cı illər üçün aktual idi, kəmər artıq çəkilib , effektiv işləyir, Azərbaycan o kəmərin başa gəlməsi üçün Gürcüstan və Türkiyəyə milyardlarla yatırım qoyub. Birdən- birə İran niyə yenidən köhnə yuxularını reallıq kimi əyan olmasına çalışır? Səbəb belədir: “Bakı bu rejimə neft və neft məhsulları satır, müasir silahlar, hücum və kəşfiyyat təyyarələri, yüksək dəqiqlikli naviqasiya və optik sistemlər alır” (Tahlilbazaar). Yəni məqsəd Azərbaycanın inkişafını, müasir ordu quruculuğuna maneə olmaqdır.

Cəmaləddin Quliyev, siyasi analitik

Oxumağa davam et
Reklam
Reklam

Gündəm