Deputat Qarabağın “ağıllı” layihələrinin önəmini AÇIQLADI: yeni iş yerləri, çoxlu turist...
Bizi izləyin

Qarabağ

Deputat Qarabağın “ağıllı” layihələrinin önəmini AÇIQLADI: yeni iş yerləri, çoxlu turist...

Azərbaycan torpaqlarının işğalı nəticəsində ümumilikdə 850 mindən artıq əhali yaşamış 11 şəhər, 20 qəsəbə və 894 kəndin böyük əksəriyyəti tamamilə yerlə-yeksan edilib, bütün infrastruktur demək olar ki, məhv edilib. 1988-1994-cü illərdə Qarabağda 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri təcavüzün qurbanı olub. Öz havadarlarının hərtərəfli dəstəyi ilə Ermənistanın xarabazara çevirdiyi əraziləri Azərbaycan tikinti meydanına, əməkdaşlıq arenasına çevirməyə başlayıb.

Bu sözləri Publika.az-a Milli Məclisin deputatı Əli Məsimli deyib.

Millət vəkili bildirib ki, həmin obyektlərin hamısının bərpa edilməsi çox çətin və uzunmüddətli bir proses olsa da, Azərbaycanın potensialı buna imkan verir: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu qədər yaşayış məskənlərini baza xarakterli amilləri, spesifik xüsusiyyətləri və s. zəruri şərtləri nəzərə almaqla, dövlətlə, özəl sektor və beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın qurulması, xarici sərmayənin və qabaqcıl texnologiyanın birgə fəaliyyətinin effektiv kombinasiyası əsasında “ağıllı şəhər”, “ağıllı kənd”, sənaye şəhərcikləri, sənaye məhəllələri, modern aqrostrukturlar, eləcə də sənaye, kənd təsərrüfatı, kiçik və orta biznes üzrə klasterlər yaratmaqla yüksək səviyyədə bərpa etmək olar. Həmçinin, Qarabağın inkişafının keyfiyyətcə tamamilə yeni və yüksək mərhələsinə nail olmaq olar. Bundan ötrü ilk növbədə azad edilmiş ərazilərimizdə yeni çağırışlara hər cəhətdən cavab verə bilmə baxımından daha dayanıqlı, rəqabətqabiliyyətli, innovasiyalı, kreativ və səmərəli meyarlar əsasında elə bir infrastruktur qurulmalıdır ki, nəinki yerli əhalini, həm də turistləri cəlb edə bilsin. Bunların arasında “ağıllı şəhər”, “ağıllı kənd” ideyaları daha böyük aktuallıq kəsb edir”.

Əli Məsimli vurğulayıb ki, “ağıllı şəhər” lazım olan hər şeyin qabaqcıl texnologiyalar vasitəsilə təmin edilməsi ideyası üzərində qurulmuş çox perspektivli bir modeldir. Onun sözlərinə görə, “ağıllı kənd” isə ənənəvi təsərrüfat sahələrinin qabaqcıl texnologiyalarla birləşdirilməsi nəticəsində istehsalın səmərəliliyini artırmağı, istehsalçının həyat səviyyəsini yüksəltməyi vahid hədəf halına gətirən yeni nəsil kənd həyatı modelidir: “Bu təcrübədən artıq bir çox ölkələrdə istifadə edilir. Sinqapur, Yaponiya, Çin, ABŞ, İngiltərə, Cənubi Koreya və s. ölkələr bu istiqamətdə daha uğurlu nəticələr əldə etməkdədir. “Ağıllı şəhər”, “ağıllı kənd” üçün xarakterik olan məqamlar içərisində informasiya və kommunikasiya texnologiyalarının köməkliyi ilə həyatın bütün sahələrində yüksək nəticələrə nail olmaq, təsərrüfat göstəricilərinin artması ilə yanaşı, təbii, maddi və insan resurslarından səmərəli istifadə və resurslara qənaət edilməsi, keyfiyyətli idarəetmə, rahat, təhlükəsiz yaşayış, turizmin inkişafı üçün əlverişli şərait və sair xüsusi yer tutur. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” ideyasının dolğun şəkildə gerçəkləşdirilməsi sadaladığımız həmin məqamlarla yanaşı, həm də turizmin inkişafında kifayət qədər cəlbedici model rolunda çıxış edə bilər”.

Deputat qeyd edib ki, bu layihələrin əhalinin daha rahat yaşamasını və daha çox gəlirə malik olmasını hədəflədiyini nəzərə alsaq, həmin modellərin işğaldan azad edilmiş ərazilərdə tətbiqinin xeyli üstünlükləri var:

Birincisi, Qarabağın yaşamaq, işləmək, qazanmaq, turizm və sair üçün çox əlverişli bir məkan olduğunu dolğun şəkildə gerçəkləşdirmək imkanı xeyli artacaq.

İkincisi, “ağıllı şəhər” və “ağıllı kənd” daha çox texnologiyalarla idarə olunan və özü-özünü idarə edə bilən sistemlər olduğundan, bu sistemlərin qurulduğu şəhərlər özü-özünü yetərincə təmin edə bildiyinə görə ətraf mənbələrdən asılılıq minimuma enir.

Üçüncüsü, “ağıllı kənd“ sakinləri şəhər sakinlərinin əldə edə bildiyi infrastrukturların xeyli hissəsinə sahib ola bildikləri üçün bu model kəndlərdən şəhərə axının qarşısını alan ən uğurlu modellərdən biridir.

Dördüncüsü, işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanların çoxunun şəhərlərdə yaşaması, şəhərdəki infrastruktura, xidmətlərə və s. öyrəşməsi faktını nəzərə alsaq, Qarabağda yeni salınan şəhər və kəndin “ağıllı şəhər” və “ağıllı kənd” formasında bərpa edilməsi məskunlaşmanın sürətlə getməsinə və dönməzliyinə, daimiliyinə müsbət təsir göstərər”.

Millət vəkili əlavə edib ki, “ağıllı şəhər” və “ağıllı kənd” modellərinin üstünlüklərinin bir sıra iqtisadi və sosial hədəflərinə yalnız məmur müdaxilələri, məmur sahibkarlığı və ondan qaynaqlanan inhisarçılıqdan kənar nail olmaq mümkündür: “Eyni zamanda, yeni çağırışlara hər cəhətdən cavab verə bilmə baxımından dayanıqlı, rəqabətqabiliyyətli, innovasiyalı, kreativ və səmərəli meyarlar əsasında formalaşan əlverişli mühitdə, həm də orada yaşayan əhalinin rəqəmsal bilgiləri və insanların innovativ baxışlı, yeniliklərə meyilli olması şəraitində çatmaq mümkündür. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin beynəlxalq praktikada özünü doğruldan meyarlar əsasında reallaşdırılması Qarabağa həm yerli, həm də xarici investisiyanın cəlb edilməsinə, müasir tələblərə cavab verən strukturların, o cümlədən turizm obyektlərinin yaranmasına, məşğulluğun artmasına, eləcə də gənclərin işlə təmin olunmasına imkan yaradar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm