Qarabağ
Sükutun addım səsləri: Anım Günündən REPORTAJ
Bu gün Xalqın öz Ordusu ilə birləşdiyi gündür! Bu gün 27 sentyabrdır – Şəhidlərimizin Anım Günüdür. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsindəki şəhidlərimizin... 30 illik məğlubiyyətin, Xocalı, Qaradağlı, Başlıbel, Ağdaban, Meşəli, Ballıqaya soyqırımılarının Ermənistan ordusundan, məhz əli sivil, mülki insanlarımızın qanına batmış canilərdən qisasının alındığı gündür!
365 gün bundan əvvəl bütün ölkənin nəbzində Qarabağlı bir düyün, Qarabağ adlı bir həsrət, Qarabağ adlı bir qan yaddaşı döyünürdü. Bu gün 44 günlük müharibənin başladığı tarixdən bir il ötür.
Səhər işə gələrkən yolumuzu şəhidlərimizin uyuduğu İkinci Fəxri xiyabandan saldıq. Hər kəs orada idi – ordu mənsubları da, şəhid anaları və övladları da, qazilərimiz də...
Hamı sükut içərisində idi. Şəhidləri bir dəqiqəlik sükutla rəsmi qaydada hər kəs saat 12:00-da anacaqdı. İnsanlar 27 sentyabrın böyük sükutunu yaşayırdı. Fəxr və qürurun sükutunu 30 yaşımda ilk dəfə görürdüm. Bir anlıq düşündüm ki, qürurun, dəyanətin də ildönümü elə 27 sentyabrdır. Şəhid ailələri öz doğmalarının məzarını ziyarət edirdi. Şəhid övladları qəbir daşları ilə danışırdı.
Şəhidlərdən birinin qızı atasını müjdələyirdi: - Ata, bax, mən birinci sinfə gedirəm... Bu səsdəki məsumluğu eşidən hər kəsin gözləri doldu. Birinci Qarabağ müharibəsinin “Xan səsli” şəhidi Həsən Qorxmazın qardaşı, İkinci Qarabağ savaşının şəhidi Faiq Qasımovun qəbri üstündə izdiham var idi. Müharibənin ilk günü şəhid olan zabitimizin əsgərləri, qazilərimiz, şəhidimizin ailə üzvləri Faiq Qasımovu təbrik etməyə gəlmişdilər.
Şuşa uğrunda şəhid olan çavuş Fərid İbrahimovun ailə üzvləri ilə söhbətləşirik. Nənəsi bizimlə danışır. Deyir ki, Fərid uşaq vaxtı bir hekayə yazmışdı və o hekayədə Şuşa da var idi, Qarabağ da, Fərid də, anası da: “Əsgərlikdən gələn kimi xüsusi təyinatlı qüvvələrə yazıldı. Uşaq vaxtı yazdığı nağıldakı kimi, elə Şuşa uğrundakı döyüşlərdə də öz qanını aldı. 28 ermənini məhv elədi. Bunu dəfnində zabitləri, əsgərləri danışırdı balamın. Şəkil çəkdirmişdi, souncu dəfə, ayağının altında da erməni leşi... Əslən Laçındanıq biz. Müharibəyə qədər haradan olduğumuzu deməyə utanırdım, çünki Laçın işğal altında idi. İndi Laçın azaddır, elə Fəridimin ruhu da...”
Başqa bir şəhidimizin anası və ailəsi oğlunu müjdələyir: “Üzünü görmədiyin oğlunla görüşünə gəlmişik, balam....”
Səngər generalı Polad Həşimovun məzarı önündə də izdiham var. Əsgərləri, zabitləri, doğmaları... Hər kəs generalın önündə sayğı duruşunda dayanıb.
Suqovuşan fatehlərindən olan İlkin Fərzəliyevlə söhbətləşirik. Onu da qeyd edim ki, işğaldan azad olunan rayonlarımıza bayraq sancan yeganə sağ qalan bayraqdarlarımızdandır İlkin. O günləri belə xatırlayır: “Keçən il bu vaxt heç kim inanmazdı ki, biz torpaqlarımızı işğaldan azad edək. Amma cənab Ali Baş Komandanın gözlənilən əmri gəldi və biz qələbə savaşına başladıq. Bu əmri bütün xalqımız gözləyirdi”. İlkin deyir ki, həmin dövrdə bütün xalq səfərbər olmuşdu: “Hamı yumruq kimi birləşmişdi. Biz döyüşlərə Tərtərin 482 adlı yüksəkliyindən başladıq. Ora alınmaz bir yer idi. Ermənilər o cür adlandırırdı. Çünki orada xeyli sayda qoşun cəmləmişdilər. Amma biz oranı azad etdik və Suqovuşan istiqamətində irəlilədik. Həmin istiqamətdə bizim 11 qardaşımız şəhid oldu, 6 hərbçi yoldaşımız yaralandı. Yekunda 17 itkimiz oldu. Bunun ardınca Talış, 1249, 1313 yüksəklikləri, Ağuçuq istiqamətində döyüşlərdə iştirak etdik və əraziləri ermənilərdən təmizlədik. Mən işğaldan azad edilən yerlərə bayraq sancan yeganə bayraqdaram ki, yaşayıram. Suqovuşana bayrağı sancdıqdan sonra Ali Baş Komandana məruzə etdik. Sonra bu xoş xəbər bütün xalqımıza çatdırıldı”.
Daha sonra Birinci və İkinci Qarabağ savaşının simvollarından olan əfsanəvi kəşfiyyatçımız, “Maştağa” ləqəbli Vidadi Ağagülovla söhbət edirik. “Maştağa” söyləyir ki, biz Ermənistanı 44 gündən də tez məğlub edə biləcək gücdəyik: “Dünya bizim üstümüzə gəlirdi. Ali Baş Komandanımızın doğru siyasəti ilə həm siyasət meydanında, həm də döyüşdə qalib gəldik. Xalqımız ordumuzun yanında oldu. Yumruq kimi birləşdik. Bu şanlı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Qələbəni şəhidlərimizin qanı, canı bahasına qazandıq. Mən Birinci və İkinci Qarabağ savaşında iştirak etmişəm. Birinci müharibədə biz siyasət qurbanı olduq. Nizami ordu yox idi. İkinci müharibə isə başqa oldu. Hər cür müasir silahımız, nizami ordumuz vardı. Biz öz torpağımız uğrunda döyüşdük və qalib gəldik”.
Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman kişi də oğlunun məzarı başında idi. Kövrəlsə də, məğrur baxışları ilə dik dayanmışdı. Nəriman kişiyə yaxınlaşıb Şükür Həmidovu xatırlayırıq. Söyləyir ki, polkovnik sonuncu dəfə 19 oktyabrda atasına zəng edib: “Dedi, sabah bəlkə siz tərəfə getdik. Dedim ki, bizim kəndə çatanda Novlu bulaqdan su içərsən. Dedi ki, hələ tezdir. Getdi, Qubadlı torpağını qucaqladı, amma həmin bulaqdan su içə bilmədi. 26 sentyabrda kiçik oğlum zəng etdi Şükürə. Mən xahiş etmişdim ki, danışaq görək, neynir... Dedi ki, bir azdan zəng edəcəm. Söndürdü. Adətən belə edən deyildi. Sonra özü zəng elədi, soruşdum ki, Şükür, bayaq harada idin, qayıtdı ki, hava alırdım. Sonradan, ayın 27-i bildim ki, Şükür harada hava alırmış. Hələ də Qubadlıya getməmişəm. Gedib qucaqlamaq istəyirəm o torpaqları...”
Saat 12-yə beş dəqiqə qalır. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli şəhidlərimizin ruhuna dualar oxuyur. Bütün generallar, polkovniklər əllərini göyə açıblar. Dua edənlər arasında Müdafiə naziri Zakir Həsənov da var. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra üç dəfə yaylım atəşi açıldı.
...Və şəhid ailələri övladlarının ruhlarını alqışladılar... Alqış səsləri asimana bülənd oldu... Düz bir ildir ki, milli birliyimizin simvolu olan şəhidlərimiz demək olar ki, hər gün bu cür xatırlanır, sükut qoxulu, şəhidlərin addım səslərinə bənzər alqış səsləri ilə... Alqış səslərinin melodiyasından bu cümləni zümzümə etmək elə də çətin deyil: -Təki Vətən sağ olsun!
Tural Turan
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla