Sosial
Bu amil Naxçıvanın inkişafına maneə və təhlükədir - Ekspert ŞƏRHİ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur. İlkin olaraq azad iqtisadi zonanın yaradılması ilə bağlı layihənin hazırlanması, daha sonra azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülməsi, yekun olaraq isə ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan MR iqtisadiyyatının inkişafı planlaşdırılır.
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Publika.az-a sözügedən proqramın Naxçıvan və ölkə iqtisadiyyatına təsirlərindən danışıb.
O, bildirib ki, 2023-2027-ci illəri əhatə edən yeni sosial iqtisadi inkişaf planında Naxçıvan iqtisadiyyatı üçün 11 prioritet sahə müəyyən edilib. Bu prioritetlər üzrə hədəflərə nail olmaq üçün nəzərdə tutulan tədbirlər planına 81 tədbir daxil edilib.
“Amma bu tədbirlər və tədbirlərin nəticəsində əldə edilən göstəricilər (nəticə indikatorları) illər üzrə öz əksini tapmayıb, ilkin, aralıq və yekun indekatorlar olaraq qeyd edilib.
Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında isə bu detallar daha dəqiq göstərilib. Amma Naxçıvanla bağlı planda fərqli yanaşmanın olması əslində başa düşüləndir, çünki bu planın həyata keçirilməsi üçün kənar amillərin rolu hədsiz böyük olacaq. Bura Ermənistanla münasibətlərin perspektivi, İranla münasibətlər, Zəngəzur dəhlizinin salınması müddəti və şərtləri, ümumiyyətlə, gözlənilən sülh sazişinin şərtləri və bu şərtlərə əməl edilmə parametrləri, Türkiyənin Naxçıvan üzərindən Orta Asiyaya çıxışı və s. kimi bir çox xarici amillərin rolu olacaq.
İnkişafa dair digər dövlət proqramlarından bir fərqi isə proqram daxilində GZİT təhlilin yerləşdirilməsidir. Əslində hər bir proqram hazırlanmazdan əvvəl bu təhlil aparılır, sadəcə proqram daxilinə salınmırdı. Yeri gəlmişkən, təhlilinin “G” hissəsində güclü tərəf kimi əsasən təbii amillər göstərilib, bu həqiqətən də belədir. Oranın güclü tərəfi məhz təbii faktorlarla bağlıdır”, - o deyib.
İqtisadçının sözlərinə görə, göstərilən təhlükələr arasında ən böyük təhlükə qeyd edilməyib:
“Naxçıvanın sərhədlərinin uzunluğu 465 km-dir ki, onun 450 km-i Naxçıvana xor baxanlarla əhatələnib. Aydın məsələdir ki, bunun siyasi faktor olması səbəbindən proqramda əksini tapması mümkün deyil. Amma reallıqda bunu bilməliyik ki, Naxçıvanın inkişafına mane olan təhlükələr arasında bu “450 km” amil öndə gəlir.
Qeyd edim ki, bu proqramda ən bəyəndiyim hissə 1-ci prioritet üzrə 1-ci tədbirdir. Bu Azad İqtisadi Zonanın (AİZ) yaradılmasıdır. Əgər bu AİZ yaradılandan sonra idarəçiliyini dövlət əlində saxlamayıb, dünyada böyük nüfuza malik beynəlxalq subyektlərdən birinə verərsə, beynəlxalq təcrübəyə uyğun məhkəmə-hüquq sistemi qurularsa bu zaman bura xarici investorların üztutması və AİZ uğur qazanması daha real olar. AİZ uğurlu fəaliyyəti isə bu Dövlət Proqramının icrasına ciddi töhfə verə bilər. Naxçıvanın inkişaf proqramına uyğun olaraq, orada görüləcək işlərlə bağlı bütün dövlət qurumlarının üzərinə mərkəzi fəaliyyətlərinin təmin edilməsi kimi müəyyən öhdəliklər düşür. Bunlardan biri də Naxşıvanda fəaliyyət bölmələrinin yaradılması, müvafiq tədbirlərin həyata keçirilməsidir. Artıq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu istiqamətdə fəaliyyətə başlayıb. Sözügedən agentlik fəaliyyətlərini artırmaq üçün regionlarda ofislər açırlar. Ölkədə 50-yə yaxın ofis mövcuddur. Bunlardan biri də bir müddət öncə Naxçıvanda açılıb. Hesab edirəm ki, qarşıdakı dönəmdə digər qurumlar da addımlar atmalıdırlar. Bu, yerli sahibkarların və vətəndaşların müraciəti əsasında formalaşdırılmalıdır.Belə nümayəndəliklərin Naxçıvanda yaradılması sözsüz ki, inteqrasiya prossesini sürətləndirəcək”, - deyə Əmirov fikrini yekunlaşdırıb.
Deputat Vüqar Bayramov isə Zona layihəsinin hazırlanmasında başlıca məqsədləri deyib. Onun sözlərinə görə, məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir.
“Zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq. Eyni zamanda, Naxçıvanın bütün ərazisi üçün gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək. Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək. Proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək. Bütövlükdə, proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur”.
Ayşən Rəhim
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO