Ərəb şeyxlərini heyran qoyan azərbaycanlı dizayner: "Onlar mənə qadınlara toxunmağa..." - FOTOLAR
Bizi izləyin

Xüsusi

Ərəb şeyxlərini heyran qoyan azərbaycanlı dizayner: "Onlar mənə qadınlara toxunmağa..." - FOTOLAR

"Çimərlikdə azərbaycanlı qızları görəndə şoka düşmüşdüm"

“Afffair” brendinin yaradıcısı Rüfət İsmayıl zövqünü dəbə çevirib trendləri diktə edən nadir dizaynerlərdəndədir. O, dəb dünyasında özünü bir dizayner kimi yeni-yeni sınamağa başlasa da, qısa müddətdə öz imzasını dünyada tanıda bilib. Xüsusilə kişilər üçün hazırladığı pencəklərin şan-şöhrəti bir çox modapərsətə məlumdur. Dizaynerin işlərinə zəngin ərəb şexyləri də biganə qala bilmir.

Azərbaycanlı qızla evlənməyə hazırlaşan şeyxdən sifariş alan və bunun üçün vətənə bir neçə günlük qonaq gələn Rüfət İsmayılov Publika.az-a yaradıcılıq eşqi və işlərindən danışıb.

- Xoş gördük, necə deyərlər həmişə Vətəndə!

- Çox sağ olun.

- Çoxdandır ki, Azərbaycana gəlmirsiniz. Gəlişinizin səbəbi işgüzar məqsəd daşıyır, yoxsa sadəcə yaxınlarınızı və doğmalarınızı görmək üçün gəlmisiniz?

- İşgüzar məqsədlə gəlmişəm. Bir ərəb şeyxi azərbaycanlı xanımla evlənməyə hazırlaşır. Mənə zəng edib onların həm toy təşkilatçılığı ilə məşğul olmağı, həm gəlin, həm də bəy üçün paltar hazırlamağı təklif etdilər. Təklifi qəbul edib dərhal Bakıya yollandım.

- Həm bəy üçün kostyum, həm gəlin üçün gəlinlik hazırlayacaqsınız?

- Bəli, hətta gəlinin bacıları və anası üçün də xüsusi sifarişlər almışam.

- Şeyxə ərə gedən o bəxtəvər xanımın kimliyini bilmək olar?

- Bunu açıqlaya bilmərəm, etik olmaz.

- Məşhur xanımdır?

- Yox, şou aləminə aid olan bir xanım deyil.

Qətər kraliçası üçün 3 gəlinlik hazırlamışdım

- Ərəblərlə işləmək çətin deyil ki? Kaprizli olurlar?

- Ərəblərlə çox çalışmışam. Məsələn, bir neçə il əvvəl Qətər kraliçası üçün 3 gəlinlik hazırlamışdım, yalnız biri seçildi. Vaxt baxımdan çox dəqiqdirlər. İstədikləri modellərin 1 ay ərzində hazırlanmasını tələb edirlər. Modellər də sadə deyil... Svarovski daşlarla, qızıl iplərlə işlənmiş çox təmtəraqlı fasonlar istəyirlər. Ümumiyyətlə qeyri-adi görünməyi, fərqlənməyi çox sevirlər.

Qadına toxunmağa icazə vermirlər

- Sizə müraciət etmələrinin səbəbi nədir?

- “Chanel”, “Tom Ford”, “Versace” və s. kimi moda evlərindən artıq beziblər. Yeni dizaynerlər axtarırlar. Amma bir problem var ki, qadına özüm toxuna və ölçülərini götürə bilmirəm, şeyxlər icazə vermir. Bu vəzifəni qadın köməkçim yerinə yetirir. Köməkçimin də ölçüləri necə götürdüyünü bilmirəm, xanımın vücuduna öz barmaqlarımla toxunub onu hiss etmədiyim üçün bu, mənə bir qədər çətinlik yaradır. Amma artıq alışmışam, nə edək, ərəb qanunları belədir.

Gəlin öz toy günündə zərif görünməlidir

- Bir dizayner kimi ərəblərin daş-qaşa, dəbdəbəyə olan məhəbbəti sizi sıxmır ki? Çünki bildiyimə görə kolleksiyalarınız kifayət qədər zərif və romantik olur.

- Lazım olduğundan artıq təmtərağı heç sevmirəm, bütün bunlar ancaq göstəriş naminə edilir. Bir növ “Baxın, mənim pulum var”, “Mənim paltarım bahalı daş-qaşdandır” kimi mesaj ötürmək məqsədi daşıyır. Dəfilələrimdə Günay Musayeva, Tülin Şahin podiuma gəlin obrazlarında çıxıb. Hər ikisinin paltarı olduqca sadə, özünəməxsus və incə idi. Hesab edirəm ki, gəlin toy günü zərif görünməlidir. Gəlinin seksuallığını çox qabartmağa gərək yoxdur. Mən sadəcə məsləhət verə bilərəm, son seçim əlbəttə ki, yenə sifarişçinin özünə aiddir.

- Gəlinliklərdən söz düşmüşkən, bu il toya hazırlaşan xanımlara nə məsələhət görərdiniz?

- Kök xanımlar çox qabarıq ətəkləri geyinməli deyil. Ümumilikdə, bu il sadə fasonlar daha aktualdır.

Dəbə kor-koranə əməl etmək olmaz

- Nələri qarderobdan çıxarmalı və hansı rənglərlə vidalaşmalıyıq?

- Neon adlandırdığımız parlaq rənglər və dizdən aşağı hissəsi enli olan şalvarlar əvvəlki aktuallığını itirib, onlarla artıq vidalaşmağın zamanıdır. Dəbə kor-koranə əməl edib trendlərin təsirinə düşmək olmaz, rənglər və detallar arasında harmoniya yaratmalısan, öz stilini cızmalısan.

- Müasir qadınlar dizaynerlərdən nə istəyirlər?

- Bədən quruluşundakı qüsurları və artıq çəkini gizlədən fasonlar istəyirlər. Amma mən kök xanımların çiyinlərini açıq saxlamağın tərəfdarıyam. Əsas diqqəti onların çiyninə fokuslayıram. Dolayısı ilə bütün diqqət ya çiyinlərə, ya da kolye taxıbsa, həmin zinət əşyasına yönələcək. Bunlar bəsit dəb hiylələridir.

Normal çəkidə olan xanımlar seksuallığını vurğulamağa çalışır, sözsüz ki, vulqar olmamaq şərti ilə. Bu ölçünü bilmək əslində dizaynerin peşəkarlığından xəbər verir.

Seksual geyimlər dünyada hər zaman daha çox satılır

- Bu gün dizaynerlərin bir qrupu qadının qapalı geyimlə də gözəl göründüyünü sübut etməyə çalışır, digər bir qrupu isə maksimum dərəcədə soyundurmağa çalışır. Məsələn, Beyons, Cennifer Lopez və digər məşhurlar qırmızı xalıya trasparan libasda çıxır. Aydın məsələdir ki, bu da kütləvi dəbə təsirsiz ötüşmür. Sizi hansı qrupa aid etmək olar?

- Əlbəttə ki, örtülü geyimlə də zövqlü olmaq mümkündür. Lakin Cenniferlə, Beyons dünya ulduzudur və onların geyindiyi hər paltar müzakirə olunur. Seksual geyimlər dünyada hər zaman daha çox diqqət cəlb edir və satılır. Məsələn, açıq-saçıq geyinən xanım haqqında iki gün, örtülü geyinən haqqında isə çox az danışılır. Demək istədiyim odur ki, təəssüflər olsun bu gün seksuallıq, açıqlıq, əksər hallarda vulqarlıq daha çox satılır və daha çox pul gətirir. Bu səbəbdən də kliplərdə çılpaq qızlar çəkilir, daha çox erotik səhnələrə yol verilir. Nəticə etibarı ilə bütün bunlar reytinq məqsədi daşıyır.

Vulqar görünən qadınları bəyənmirəm

- Bir dizayner kimi bu, sizi narahat edir?

- Yox, niyə də etsin. Xanımlar üçün mən də açıq-saçıq libaslar hazırlayıram və çalışıram ki, vulqarizmin hər hansı əlamətlərinə yer verməyim. Maksimum çiyin, kürək dekoltesi istifadə edirəm. Vulqar görünən qadınları bəyənmirəm, açıq geyinsə də, estetika önəmlidir.

- Dəbin başlıca funksiyası insanı geyindirmək və gözəl göstərməkdir. Bəzi dizaynerlər isə kolleksiyaların yaradılmasında insanları təəccübdirməyi əsas götürərək bu funksiyanı dəyişiblər. Dəfilələrdə avanqard və rahat olmayan geyimlər təqdim edirlər...

- Türkiyədə ən çox yenilik edən dizayner mənəm. Məsələn, bir dəfiləm baletlə başladı, son dəfiləmdə Sinan Akcıl podiumda pianino çalırdı. Bu tərzdə şou yaradaraq seçilməyə üstünlük verirəm. Bu, türk kanallarında çox müzakirə olunmuşdu. Bəzi verilişlərdə “Öz kolleksiyasına güvənmədiyi üçün Sinanı dəvət edib?”, - deyə müzakirələr çıxdı. Halbuki, “Victorias Secret” brendi illərdir ki, kolleksiyalarını şou şəklində nümayiş etdirir, podiuma hər dəfə bir müğənni çıxır.

Avanqard üslubu sevmirəm, tərzimə uyğun deyil, onu heç yerə geyinə bilmirsən. İlk növbədə müştərilərimin istək və təlabatlarını nəzərə alıram. Müştərilərim avanqardı sevmir, onlar 100 insandan seçilməyi, hər kəsin ona baxıb heyran olmasını, bununla belə zərif görünməyi sevən xanımlardır.

Çimərlikdə azərbaycanlı qızları görəndə şoka düşmüşdüm

- Gözəllik qurban tələb edir. Bu gözəlliyin naminə qurban verməyə, narahat paltarlar geyinməyə dəyər?

- Dəyər. Dikdaban ayaqqabı geyinən xanım görəndə istər-istəməz valeh olursan, ayaqları çox gözəl göstərir. Rahatdırmı? Əlbəttə ki, yox.

Əlbəttə ki, bəziləri kimi çimərliyə də dikdaban ayaqqabıda və makiyajda getmək lazım deyil. Bir neçə il əvvəl çimərliyə getmişdim, azərbaycanlı qızların makiyajnı və dikdabanlarını görəndə şoka düşmüşdüm. Çimərliyə hər kəs dikdabanda gəlmişdi...

- Kişilər qadını ilk dəfə gördüyü zaman zahiri görkəminə görə qiymətləndirir. Bəs qadınlar kişilərdə nəyə diqqət etməlidir?

- Səliqə və təmizliyinə. Sizə bir sirr açım, qadınlar yalnız qadınlar üçün, kişilər də kişilər üçün geyinir. Çünki heç bir bəy xanıma yaxınlaşıb əynindəki hər hansı geyimi və bəzək əşyasını haradan aldığını soruşmur, eyni ilə də qadınlar.

- Seviləsi qadın olmağın ilkin şərti nədir? Burada geyimin rolu var?

- Xanım-xatın olmaq üçün geyimin müəyyən dərəcədə rolu var. Vulqar geyinsən, insanlar səndən qaça bilər. Belə olduqda onlar sənin başında nələr olduğundan xəbərsiz qalacaq. Son nəticədə heç bir kişi qadını geyiminə görə dəyərləndirmir, onun daxili dünyası, rəftarı, danışıq tərzi, özünü aparması, xarakteri, jestləri əks cinslər üçün daha dərin məna ifadə edir.

- Sizcə, hansı daha çətindir: kişilərin qadınlara, yoxsa öz duyğularına hakim olması?

- Çətin sual oldu, yəqin ki, qadından asılıdır.

- Azərycanda siyasi xadimlər və məşhurlar arasından hansı xanımların geyim tərzini bəyənirsiniz?

- Şübhəsiz ki, Mehriban Əliyeva. O, əsl birinci ledi kimi geyinir, əsilzadə duruşu var, hər bir obrazı örnəkdir. Özü də çox gözəl xanımdır, geyimlərini zövqlə seçir, onları öz üzərində məharətlə daşıyır.

Müğənnilər arasından Zülfiyyə Xanbabayeva, hərdən Röya ilə Aygün Kazımovanı bəyənirəm. Bildiyimə görə, onlar heç bir stilsitlə çalışmır. Odur ki, bu gün çox gözəl, sabah isə efirə zövqsüz halda çıxa bilərlər. Məncə, bizim müğənnilər də artıq başqa ölkələrdəki kimi stilistlə çalışmağa başlamalıdır. Türkiyədə hər bir ulduzun öz stilsiti var.

- Hər bir ulduzun öz stilistinin olması vacib şərtdir?

- Bəli. Xarici məşhurlar efirə, dəvətlərə və konsertlərə stilistlərin onlar üçün seçdiyi obrazda çıxır.

- Azərbaycanda elə bir xanım varmı ki, ona baxanda “Kaş ki, onu mən geyindirərdim”, - deyə düşünürsünüz?

- Aygün Kazımova. Təəssüf ki, yerli məşhurlardan bu günə qədər hələ ki heç kimlə işləməmişəm. Səbəbi bilmirəm, bəlkə də onlar üçün çox bahalı dizaynerəm, bəlkə də mənə ehtiyacları yoxdur.

- Geyimlərinizi türkiyəli məşhurlar çox bəyənir. Bəs, Hollivud ulduzları ilə çalışmaq istərdiniz?

- Əlbəttə. Yeri gəlmişkən, “Puff daddy” üçün idman paltarı hazırlamışdım.

- Bütün qadınların sizi eşitmək şansı olsaydı, onlara ən dəyərli məsləhətiniz nə olardı?

- Şişirtməsinlər! Dəb hər kəsə yaraşan geyim anlamına gəlməməlidir. Məsələn, bəbir naxışları bu gün aktualdır, amma onu digər detallarla elə ustalıqla birləşdirməlisən ki, heç kimin gözünü yormasın. Azərbaycanlı xanımlar bəbir təsviri olan köynəyi, ayaqqabını, şalvarı, hətta papaq və çantanı da eyni anda istifadə edir. Nəticədə zooparkdan çıxmış heyvanı xatırladır. Qadınlarımız bəzən həddi aşmağı xoşlayır, belə olmaq lazım deyil.

- Ərəblər qədər pulumuz yoxdur, yoxsa bizdə də qadınlar paltarlarını qızıl-brilyantla bəzəyərdilər...

- Ola bilər. Onlar brilyantı, bizdə isə xanımlar çılçırağın bəzəklərini çıxarıb üstünə taxır. Halbuki, buna ehtiyacı yoxdur. Azərbaycan qadının üz cizgiləri o qədər gözəldir ki, nə qədər az makiyaj etsə, o qədər cəlbedici görünəcək. Paltarı daş-qaşla vurğulamaq mütləq deyil. Buna hər zaman qarşıyam.

Ərəb şahzadəsi üçün 65 min dollarlıq gəlinlik

- Ən bahalı geyimi kim üçün hazırlamısınız?

- Ərəb şahzadəsi üçün. Hazırladığım gəlinlik 65 min dollara başa gəlmişdi. Gəlinliyin üzəri təxminən 4000 ədəd 4 karatlıq kiçik brilyant daşlar və qızıl iplərlə işlənmişdir. Odur ki, belə baha başa gəlmişdi. Müştəriləri qorxutmayım, əl işim elə də bahalı deyil. Mağazamızda münasib qiymətə satılan geyimlər də var. Kolleksiyamda olan geyimlərin qiymətləri 150 dollardan başlayıb 9000 dollara qədər dəyişir.

- Hər bir dizayner üçün rәnglәrin harmoniyasını bilmək vacibdir. Bəs sizi xilas edәn rәng hansıdır?

- Qara. Özüm də qaranı çox sevirəm, qarderobumu açsanız, görərsiniz ki, 90 faizi qaradır. Əgər xanım artıq çəkilidirsə, onda ağdan qaçıram, tünd rənglərə yönəlirəm.

Heç bir dizaynerə edilməyən təkliflər edilir

- Bәzәn modanın paytaxtı sayılan şəhərlərdə dә zövqsüz dəfilələr sәrgilәnir. Sizcә, Azәrbaycan cәmiyyәti yüksәk modaya hazırdırmı?

- Sağ olsunlar ki, son illərdə Bakıda keçirilən dəb həftələrinə məni də dəvət edirlər. Burada iştirak etmək üçün heç bir dizaynerə edilməyən təkliflər edilir. Axı dəb həftəsində ilk sırada oturub ayaqqabılarını da kənara qoyan qadının fotosunu görəndən sonra necə razılaşa bilərəm? Bu hadisə türk mediasında da çox tənqid olunmuşdu. Halbuki dünya tendensiyasında ilk sırada çox məşhur şəxsiyyətlər oturur. Bakıda dəfiləmə belə adamların baxacağını düşünəndə dəli oluram. Biabırçılıqdır!

Dizayner və qonaqları xüsusi seçmək lazımdır. İdmançılar və müğənnilər ölkəmizi dünya səviyyəsində təmsil edir. Təəssüf ki, eyni halı dizaynerlərə aid etmək olmaz, dəb sektorunun vəziyyəti acınacaqlıdır. Belə olan halda kolleksiyaları dünya miqyasına çıxartmağa dəyməz. İlk növbədə dəb həftələrini özümüzdə normal formata salmalıyıq. Dünya bizə baxır, inkişaf etməkdə olan ölkəyik, niyə özümüzü rəzil edək?

Mən Milan, Paris dəb həftəsində iştirak etmək və adımızı yüksəklərə qaldırmaq üçün çox çalışıram. Hesab edirəm ki, bunlara diqqət etməliyik.

- Bəzi sənətçilərin Türkiyədə fəaliyyət göstərməsi mənfi hal kimi qiymətləndirilir. Məsələn, Röya Bəyazın verilişinə çıxmışdı və sadəcə mahnısını oxuyub getmişdi. Daha sonra bu, türklərin bizə yüksək yer verməməsi kimi qarşılanmışdı...

- Buna pis baxmıram. Bəyazın verilişinə çıxmaq hər adamın işi deyil, yarım dəqiqə belə kifayətdir ki, sən məşhur olasan. Hər halda 80 milyon türk onun ifasını eşitdi və reklamı getdi. Bu, bizim üçün ancaq müsbət hal ola bilər.

Əminə Ərdoğan məni dəvət edib öz minnətdarlığını bildirdi

- Türkiyəli həmkarlarınız sizi qısqanır? Azərbaycanlının Türkiyədə ən sanballı ulduzları geyindirməsi qıcıq yaratmır ki?

- Bunu edə bilməzlər, çünki mən Türkiyədə yeganə dizaynerəm ki, ilk kolleksiyam Milan dəb həftəsində göstərilib. 9 ildir ki, Türkiyə nazirliyi öz dizaynerlərini Milan dəb həftələrinə göndərməyə çalışır, amma rədd cavabı alır. Mənsə Türkiyəni orada təmsil etdim. Bundan sonra həm Əminə Ərdoğan, həm də nazirlik öz minnətdarlığını bildirdi, mənə “Bizim edə bilmədiyimizi sən etdin” dedilər. Yəqin ki, Murad Boz, Murad Yıldırım və digər məşhurların “Afffair”dən geyinməsinin səbəbi məhz bu oldu. Bəlkə də qısqanırlar, normal qəbul etmək lazımdır. Qoyun, qısqansınlar (gülürük).

Yeri gəlmişkən, hazırda kolleksiyalarımın Milan dəb həftələrində göstərilməsi üçün məbləğin 50 faizini Türkiyə ödəyir.

- Ticarət nişanına çoxları öz adını qoyur və tarixdə öz adı ilə qalmaq istəyir, siz niyə “Afffair” seçdiniz?

- Afffair tərcümədən gizli əlaqə deməkdir. O anda bir “affair” - gizli əlaqə yaşayırdım, heç kim bilmirdi. Beynəlxalq ad oldu, çoxları bəyəndi, heç peşman deyiləm.

Anam adımı “yetim” qoyub

- Özünüz və ya sevdiyiniz şəxs üçün özəl geyimlər hazırlamağa vaxtınız olur?

- Yox, anam adımı “yetim” qoyub. Anam çox vaxt qara mayka və idman ayaqqabısında gəzdiyim üçün məni tənqid edir. İnanın ki, geyimdən o qədər bezmişəm ki, şəxsi həyatıma onun müdaxiləsini istəmirəm. İşdə bütün gün paltarlar üzərində işləyirəm, mağazaya gedəndə müştərilər nəyin nə ilə uyğunlaşdığını soruşur, daha sonra anam zəng edir ki, “Sabah toya gedirəm, bax, gör bunlar uyğunlaşır?”, hələ növbədə bacım var. O da zəng edib məsləhət istəyir. İnsan istər-istəməz bezir. Odur ki, sevdiyim insana paltar almağa daha çox üstünlük verirəm.

- Modellik müsabiqəsində iştirak etməsəydiniz, dizayner olardınız?

- Azərbaycanda ilk dəfə keçirilən “Best model of the Azerbaijan” gözəllik yarışmasında qalib olmuşam. Daha sonra Valentin Yudaşkinlə və Parisin bir çox dizaynerləri ilə çalışmağa başladm. O zaman 19 yaşım vardı, qeyri-adi üz cizgilərim sayəsində Avropada çox məşhurlaşmışdım. Hamı haralı olduğumu soruşurdu. Həyatım birbaşa dəblə bağlıydı. Bir qədər sonra anladım ki, dəbə nələrsə əlavə edə bilərəm. Və nə yaxşı ki, bu işə başladım.

Aytən,

Fotolar: Elçin Murad

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm