Xüsusi
İngiltərənin ən yaxşı xarici şairi Nigar Həsənzadə: "Nə ateistəm, nə də dindar, ancaq..." - MÜSAHİBƏ
Publika.az-ın qonağı “Söz” və “Dinlə” ədəbi layihələrinin rəhbəri, İngiltərənin ən yaxşı xarici şairlərinin ilk 10-luğunda yer alan Nigar Həsənzadədir.
- Nigar xanım, hazırda dünyanın ən nəhəng iş adamları əbədi həyat layihərinə külli miqdarda sərmayə qoyurlar. Hətta bir neçə ilə sosial şəbəkələrdə fotoşəkillər və videolardan əlavə, təəssüratlarımızı, emosiyaları, hətta qoxuları da ötürə biləcəyik. Gördüyüm qədərilə siz də fəal internet istifadəçisisiniz. Belə bir imkanınız olsa, nələri bölüşmək istəyərdiniz?
- Bu maraqlı suala çox səmimi cavab verəcəm. Hazırladığım layihələrlə bağlı vaxtımın böyük hissəsini faysbukda keçirtməli oluram. Çünki auditoriyamızın böyük hissəsini bu yolla toplayırıq. Bəlkə də, bir az köhnəfikirli səslənə bilər. Düşünürəm ki, hazırda sosial şəbəkələrdə paylaşılan informasiyaların böyük hissəsi keyfiyyətsiz, əsassiz və bayağıdır. Doğrudur, xeyriyyə məqsədli, mədəni tədbirlərin təbliği ilə məşğul olan təşkilatlar, fərdi şəxslər də var. Lakin bəzən elə zərərli, insanın hisslərini, orqanizmini məhv edən, əxlaqdan kənar paylaşımlar olur ki, insan aqressiyasını boğa bilmir. Hələ o paylaşımlara gələn bəyənmə sayları, yazılan eynixarakterli rəylər adamı lap hiddətləndirir.
- Bununla necə mübarizə aparmağı təklif edirsiniz?
- Mən realistəm, təəssüf ki, bunun mümkünsüz olduğunu düşünürəm. Sosial şəbəkə istifadəçilərinin hamısının dərrakəsini, zövqünü dəyişib, güclü təsir göstərə bilmərik. Lakin insanları maarifləndirmək üçün ciddi çalışmaq lazımdır. Xüsusən də bugünkü yeniyetmədə uşaqlıqdan kitaba, təhsilə maraq oyadılmayıbsa, lazımi tərbiyə almayıbsa, gələcəyi də təhlükə altındadır. Bu baxımdan, belə bir imkanım olsaydı, insanların hisslərinə nüfuz edib, onları elmə, mərhəmətə səsləyərdim.
- 15 il Britaniyada yaşayan biri kimi necə düşünürsünüz? Bu zövq kasadlığı tək Azərbaycandadır?
- Düşünürəm ki, zövqlərin cılızlaşmağı bütün planetimizin problemidir. Həll olunmasa, ciddi fəsadlara yol açacaq.
- Müəllifi olduğunuz “Söz” və “Dinlə” ədəbi layihələri çox qısa zamanda böyük auditoriya topladı.
- Britaniyadan Azərbaycana dönəndən az sonra Mədəniyyət və Turizm Nazirliyindən mənə zəng gəldi. Bundan sonra “Söz “layihəsini ərsəyə gətirdik. Hələ İngiltərədə yaşadığım zaman istəyirdim ki, Azərbaycanda ədəbi layihə yaransın. Xüsusən də gənc şairlər pul xərcləmədən, əziyyət çəkmədən öz istedadlarını sərgiləyib, əsərlərini böyük kütləyə tanıda bilsinlər. Ədəbi gecələrdə şəxsən çıxış edib, şeirlərini səsləndirsinlər. Mənim də yaradıcılığım ingilis auditoriyasına bu yolla tanıdılmışdı. Gözləmədiyin anda sənə zəng gəlir və tədbirə çağırıb şeirlərini oxumağı təklif edirlər, hətta çox vaxt qarşılığında pul da verirlər. Bildiyim qədərilə “Söz”ədək Azərbaycanda belə bir layihə yox idi. Ona görə hörmətli nazirimiz Əbülfəs Qarayevin təklifini böyük məmnuniyyətlə qəbul edib, işə başladım. Əsas məqsədimiz gənc yazarlara və şairlərə dəstək olmaqdır. Onlar gələcək həyatlarını bu peşənin üzərində qursalar da, qurmasalar da istedadlarını nümayiş etdirməklərinə yardımçı oluruq. Mənim özümə də bu səmtdə işləmək çox maraqlıdır. Əsasən bir neçə səpkidə çalışırıq. Ya istedadlı gəncləri dəvət edirik, ya da tədbirimizi poeziyamızın canlı əfsanələrinin yaradıcılığına həsr edirik. Bəzən hətta əcnəbi xalqların ədəbi gecələrini keçiririk. Aktyorların ifasında səhnəciklər hazırlanır. Həmin ölkələrin səfirliklərindən, diasporundan nümayəndələr iştirak edirlər. Özümü çox xoşbəxt insan hesab edirəm. Çünki cəmi 6 ay ərzində layihəmizin sədası bütün ölkəyə yayıldı.
- Bəs “Dinlə” haqda nə deyə bilərsiniz?
- Bu layihəmizi isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşdiririk. “Dinlə” videolayihədir. Ümid edirəm ki, ən azı “Söz” qədər uğur qazanacaq. “Dinlə”ni tədbirlərimizdə iştirak etməyə zamanı olmayan tamaşaçılar üçün hazırlamışıq. 2-3 dəqiqəlik video çarxları internet vasitəsilə izləyə biləcəklər. Bu silsilə videolarımızın iştirakçıları xalqımızın sevimli aktyorları və şairləri olacaqlar. İlk qonaqlarımız Ramiz Rövşən, Rasim Balayev və Amaliya Pənahova idilər. Artıq ikinci videonun çəkilişinə başlamışıq. Lakin bu layihəmizə də gələcəkdə gənc istedadları dəvət edəcəyik.
- Bəzən deyirlər, gənc şairlərin qələmində mürəkkəbdən çox su olur. Siz nə düşünürsünüz bu haqda?
- İstedadlı gənclərimiz çoxdur. Azərbaycandilli gənclər arasında Mehman və Firdovsi Rəsulov qardaşılarının adını xüsusi qeyd etmək istərdim. Onlar hər ikisi “Xalqın şairi” müsabiqəsinin iştirakçılarıdır. Doğrudur, zövqlər fərqlidir, lakin bu qardaşların şeirlərində mənəvi təmizlik duyulur. Rusdilli şair olduğum üçün bu haqda qəti fikir bildirmək və son qərarı vermək məsuliyyətini üzərimə götürmək istəmirəm. Lakin mənimlə birgə çalışan böyük şairlərimiz, o cümlədən dəyərli Ramiz Rövşən gənc istedadları layiqincə dəyələndirir.
- Nigar xanım, rus dilindən başqa, ingilis dilində də şeir yazdığınızı eşitmişəm.
- Təəssüf ki, ana dilimdə şeir yazmaq imkanından məhrumam. Yazsam da, mexaniki söz yığını olacaq. Belə şeirlər yazanlarsa, mən olmasam da, kifayət qədər çoxdurlar. Əsas poeziya dilim ruscadır. İngilis dilində yazdığım şeirlərsə əsasən musiqi mətnləridir. Səyavuş Kərimi, Vaqif Gərayzadə, Vüqar Camalzadə və sevilən müğənnimiz Tünzalə xanımın musiqilərinə şeir yazıram.
- Deyirlər, ən gözəl şeir adətən hiddətin məhsulu olur.
- Razılaşa bilərəm. Çünki insan xoşbəxtliyin yeddinci qatında olanda, çox vaxt şeir yazmaq yadına düşmür. Dünya poeziyasına da nəzərə salsaq, şirin, xoş hisslərin ləziz məhsuluna daha az rast gəlirik. Bu tərz şeirlər hisslərimizi oxşayan xəfif meh kimidir. İnsan emosiyalarını vərəqə köçürmək üçün gərəkdir ki, içində qasırğalar qopsun, vulkan püskürsün. Yalnız bu halda poeziya ən dərin duyğularımızı oyada bilər.
- Şairlər çox vaxt Allahı inkar etsələr də, belə bir fikir var ki, şeir yazmaq ən güclü ibadətdir. Necə düşünürsünüz?
- Mən nə ateistəm, nə də dindar. Ancaq Allahı daim hiss edirəm. Yanımda bir güclü qüvvənin olduğunu, məni olduğum kimi sevib, qəbul etdiyini, qoruduğunu duyuram. Bundan gözəl nə var ki?!
- Nigar xanım, Britaniyanı ikinci vətən hesab edirsiniz?
- Həyatımın böyük hissəsini bu ölkədə yaşamışam. İngiltərə mənim ikinci evimdir. Lakin orada yaşadığım müddətdə də hər il vətənə gəlib, ayağımı doğma torpağa basmaq ehtiyacı duyurdum. Bu darıxmaq da deyil, sadəcə tələbatdır. Azərbaycana köçəndən sonra mənə irad bildirənlər də tapıldı. Sadəcə düşünürəm ki, ailəmizin, övladlarımızın güzəranı harada xoş keçirsə, orada da yaşamaq lazımdır.
- Neçə övladınız var.
- 6 yaşlı oğlum var.
- Şeirlərinizi oxuyur?
- Mənim şerirlərimi oxumaq üçün o hələ çox kiçikdir. Lakin anasının şair olduğunu bilir. Hətta sizə deyim ki, xüsusi incəliklə yanaşır. Bir neçə gün öncə sosial hesabımda kədərli şeirimi paylaşmışdım. Anam buna görə mənə iradını bildirirdi. Birdən oğlum mənə yaxınlaşıb, sakit səslə dedi: “Ana, sənin şeirlərin çox gözəldir”.
- Olduqca zərif və gözəl xanımsınız. Ancaq yəqin ki, gərgin, əsəbi anlarınız olur. Necə sakitləşirsiniz?
- Təşəkkür edirəm. Təbii, həyatımız bir-birini əvəzləyən sevinc, kədər, gərginlik, əsəb üzərində qurulub. Çalışıram əsəbi anlarımda hər kəsdən uzaq durum. Özümlə baş-başa qalıb sakitləşməyə üstünlük verirəm.
- Cəmiyyətə səslənmək imkanınız olsa, nə demək istərdiniz?
- Hər birimizə daha çox ali hisslər arzu edirəm. Gəlin, insan olduğumuzu unutmayaq. Hər çiynində baş gəzdirib, dəriyə bürünən varlığa insan demək olmur təəssüf ki. Bu baxımdan, doğulan hər yeni insana ehtiyacımız var. Söhbət anaların dünyaya bəxş etdikləri körpələrdən getmir, bizim öz içimizdə doğulan mərhəmətli, qəzəbini deyil, sevgisini dünya ilə paylaşan insanlardan gedir. Sayımız nə qədər çox olsa, dünyanı xilas etmək bir o qədər asanlaşacaq.
Leyla Sarabi
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO