Dinini dəyişib xristian olan azərbaycanlı məşhur xanım: “Niyə bir qadının üç əri olmaz?” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Dinini dəyişib xristian olan azərbaycanlı məşhur xanım: “Niyə bir qadının üç əri olmaz?” - MÜSAHİBƏ

Elə situasiyalar var ki, gördüyün obyektdən, hiss etdiyin enerjidən və dayandığın mövqedən asılı olmayaraq, heyranlığının aurasına bürünüb qalırsan. Bütün ayrı-seçkiliklərə, fərqliliklərə rəğmən uğurun dalınca qaçan adamların həyat eşqi səni dəhşətə gətirir. Necə ola bilər ki, bir insan hər saniyəsini çərçivəyə saldığı, planlaşdırdığı halda həmin çərçivənin içində rahatlığını tapsın? Görəsən, uğurun sirri budur? Bir insanı bütün həyatını həsr edəcək şeylərə bağlayan yeganə qüvvə təkcə uğur ola bilməz.

Bu sualların cavabını Fəridə Əzizovada axtarmağa çalışdıq. Çünki onun döyüşü təkcə cəngavərlikdən ibarət deyil, həm də bir həyat mübarizəsidir. Çünki o, kişisayağı tərzi özünə qalxan edib onlarla kişinin içində təkcə təpiklə deyil, ağılla, məntiqlə vuruşan bir qadındır.

Publika.az 2012-ci il London olimpiadasında Azərbaycanı təmsil edən ilk taekvondoçu qadın, yeniyetmələr arasında dünya çempionu, gənclər arasında Avropa çempionu, qadınlar arasında dünya üçüncüsü, Avropa oyunlarının gümüş medalçısı Fəridə Əzizova ilə müsahibəni təqdim edir:

“Mənə təkan verən səhhətimdəki məhdudiyyətlər oldu”

- Fəridə, başlayaq idmana gəlməyindən. Bu sahəyə marağın necə yarandı?

- Uşaqlıqdan səhhətimdə problemlər var idi. Qan dövranı ilə bağlı həkim məsləhət gördü ki, idmanla məşğul olum. Həmçinin, hiperaktiv uşaq idim. Hərəkətdə olmağı sevirdim. Mənə təkan verən elə səhhətimdəki məhdudiyyətlər oldu. Müalicədən 6 ay sonra valideynlərim idmandan uzaqlaşdırmaq istədi. Ancaq mən davam etməyi seçdim. İdmana çox bağlanmışdım və sevdiyim döyüş növünü seçərək karyerama başladım. Döyüş növlərini çox sevirdim.

- Bu döyüşkənlik, yəqin ki, uşaqlıqdan gəlir?

- Bəli.

“Bütün günüm oğlanlarla keçirdi”

- Oğlanlarla aran necə idi?

- Həyətə düşəndə bütün günüm oğlanlarla keçirdi. Futbol oynayırdıq, bizdə “vayna-vayna” deyilən bir oyun var idi, döyüş növlərindən ibarət. Ondan oynayırdıq. Qızlarla heç oynamırdım, çünki oğlanlarla daha maraqlı idi. Onlar adətən gəlinciklərlə evcik-evcik oynayırdı. Elə oyunlar isə mənə maraqlı gəlmirdi.

- Kifayət qədər uğur qazanmısan. Bununla kifayətlənəcəksən?

- Əlbəttə ki, yox. Hər bir professional idmançı üçün karyerasının pik nöqtəsi olimpiyanın birincilik kürsüsüdür. Mən iki dəfə iştirakçısı olsam da, medal qazana bilməmişəm. İstəyirəm 2020-ci il Olimpiyadasında iştirak etmək şansı məndə olsun. Atalar üçdən deyib. Bu dəfə artıq yaxşı bir nəticə əldə etməyə köklənmişəm.

- Ümumiyyətlə, bir idmançı üçün vacib olan xüsusiyyətlər nələrdir?

- İlk növbədə, işini sevməlisən. Daha sonra səbir etmək, təmkinli olmaq. Sonra isə intizamlı olmaq. Psixoloji baxımdan isə hər şeyə hazır qalmaq önəmlidir. Elə dövrlər olur ki, ard-arda medallar qazanırsan. Ancaq bir müddət sonra bədən yorulur. O zaman nəticə verməyə də bilirsən. Elə həmin zamanda səbir etmək lazımdır ki, o prosesi yaşayıb öhdəsindən gələ biləsən. Məhz bu səbəbdən karyeralarına son qoyan idmançılar az deyil. İdman tez başa gələ bilən bir iş deyil. Məşqdə 100 təpik atırıqsa, döyüşdə sadəcə 10 təpik şansımız olur.

“Hər dəfə o kürsüyə qalxanda elə bil torpaqlarımızı geri qaytarıram”

- Bir müddət idmandan uzaqlaşmaq kimi bir təhlükə ilə üzləşdin, amma sevimli işini buraxmadın. Bunun öhdəsindən necə gələ bildin?

- Əslində, bu yaxınlarda da travma almışdım. Əməliyyat olundum. Ancaq tez bir zamanda məşqlərə qayıtdım. Travmadan sonra ruhdan düşmədim. Bilirdim ki, müvəqqətidir. Bundan əvvəl də dəfələrlə ağır zərbələr almışdım. Hətta yatağa düşdüyüm vaxtlarda belə mənim üçün sonluq gəlməyib. Çünki işimi sevirəm.

- Londonda keçirilən Olimpiya Oyunlarına vəsiqə qazanan ilk azərbaycanlı qadın və ən gənc taekvondoçusan. Nə hiss edirdin?

- Düzü, qorxmurdum. Bir idmançı lisenziya mərhələsindən keçib, Olimpiya Oyunlarında rəqibin qarşısında dayanıbsa, demək onda qorxu yoxdur. Amma həyəcan vardı və olmalı idi. Bu, hər bir professional döyüşçüyə xas xüsusiyyətdir. Məsuliyyət hissi olanda, təbii ki, həyəcan yaratmalıdır. Çünki uduzanda heç bir şey hiss etmədinsə, deməli gələcəyin yoxdur.

- Uğurlu nəticə əldə edəndə hansı hisslər yaşayırsan?

- Hər dəfə bu tip suallar veriləndə cavabım eyni olur. Çünki bu hiss həqiqətən də, mənim üçün eyni qalır. Təsəvvür edin ki, səhər oyanmısız işğal olunan torpaqlarımız geri qaytarılıb və bütün ölkə bunu bayram edir, hər yerdə insanların bayrağımızla gəzdiyini görürsünüz. O, anda hansı hissləri keçirərsiniz? Məhz mən də hər dəfə kürsünün ilk pilləsinə qalxıb, himni səsləndirəndə həmin hisslərə bürünürəm. Elə bil, hər dəfə o kürsüyə qalxanda torpaqların bir hissəsini geri qaytarıram.

- Bəs bir qadın, bir insan kimi?

- Çəkdiyim əziyyətin qarşılığını almaq məni qane edir. Çempionata qatılmaq üçün əvvəl açıq birinciliklərə qatılırıq. Orada zədə alırıq, yoruluruq. Ancaq bütün çətinliklərə baxmayaraq, davam edirik. Böyük, kiçik olmasından asılı olmayaraq hər yarışdan öncə qarşıma məqsəd qoyuram ki, mən bunun öhdəsindən gəlməliyəm. Yarış bitdikdən sonra isə öz-özümə deyirəm “mən bunu da bacardım”. Buna görə özümlə qürur duyuram. Ancaq təbii ki, hədəflər bununla bitmir. Bir professional idmançı kimi illər ötdükcə idmanı daha yaxşı başa düşürəm. Lap əvvəllər təcrübəsiz olursan, ancaq döyüşürsən. Bir müddət sonra isə döyüşdə cəngavərlik deyil, daha çox ağıl, taktika tələb olunur. Zaman ötdükcə idmanı daha dərindən anlamağa başlayıram.

“Deyirdi ki, qız uşağısan, neynirsən döyüş sənətini”

- Peşənə ailənin münasibəti necədir?

- Anam qarşı çıxırdı. Deyirdi ki, qız uşağısan, neynirsən döyüş sənətini. Ancaq indi qarışmırlar, sağ olsunlar. Yetkinlik yaşıma çatmışam. Onlar da başa düşür ki, mənim tutduğum yol düzgündür. İdmançıyam, pis vərdişlərim yoxdur, iki universitet oxuyuram və bütün günü göz önündəyəm. Öz taleləri ilə barışıblar, çünki idmanı atmayacağımı bilirlər.

- İdmançı olmasaydın həyatını hansı istiqamətdə qurardın?

- Həmişə fikirləşirdim ki, idmançı olmasaydım, hüquqşünaslığı seçərdim. Ancaq indi idmançıyam və eyni zamanda, hüquqşünaslıq təhsili də alıram. İdman karyerası həmişəlik deyil. Müəyyən yaşdan sonra bitirmək məcburiyyətindəsən. Mən də karyeram bitdikdən sonra hüquqşünas kimi çalışmağa qərar vermişəm. Hazırda Xarkov Universiteti Hüquqşünaslıq fakültəsinin 1-ci kurs tələbəsiyəm.

- Niyə məhz hüquqşünaslıq?

- Çünki nizam-intizama öyrəşmiş adamam. Hüquq sahəsində də hər şey qanunlar çərçivəsindədir. Bizim cəmiyyətdə gender bərabərliyi problemi olduğuna görə qadınların hüquqları tapdalanır və bu, olduqca normal hal hesab edilir. İstəyərdim ki, elə qadınların da hüquqlarını müdafiə edim. Şəhərdə yenə vəziyyət normaldır. Ancaq rayonlarda elə qadınlar var ki, hüquq sözündən xəbərləri belə yoxdur. Niyə bir kişinin üç arvadı ola bilər, ancaq bir qadının üç əri ola bilməz? Qadınlar bunları bilmir. Ya da cəmiyyət belə aşılayıb ki, bilməməlidir. Lakin bunlar hamısı birbaşa insan hüquqlarının pozulmasıdır.

- Yeri gəlmişkən, ötən həftə qatıldığım BMT-nin konfransında məhz səni uğurlu bir qadın taekvondoçu kimi gender bərabərliyinə misal çəkmişdilər. O zaman sənin kifayət qədər nüfuzunun olduğuna şahidlik etdim. Bu, sənə kifayət edirmi?

- BMT mənə gender bərabərliyi mövzusunda videoçarxa çəkilməyi təklif etmişdi. Təbii ki, sevindim və razılaşdım. Həmin videoçarx ən çox baxılan çarxlardan olmuşdu. Məmnunluq hissi duyurdum ki, mənə gender bərabərliyilə bağlı fikirlərimi çatdırmağa şans verildi. Çünki həmişə cəmiyyətimizə qadınla kişi arasında fərq olmadığını başa salmaq istəyirdim. Vətəndaş qanunları qadınla kişi arasında heç bir fərq qoymur. Sadəcə müsəlman olduğumuza görə bu qanunları ya qəbul etmirlər, ya da qəbul etmək istəmirlər.

“Dinimi dəyişəndən sonra həmin insanlar yaxamdan əl çəkdilər”

- Müsəlmanlıq demişkən, hələ də xristiansan?

- Bəli.

- Nə kimi dəyişikliklər hiss edirsən?

- Rahatlıq. Müsəlmansansa, kişi kimi görünə bilməzsən, geyinə bilməzsən. Saçın uzun, başın bağlı olmalıdır. Namaz qılmalısan və s. Bu kimi şeylərdən uzağam. Allaha inanıram. Sadəcə mənim tərzim insanlar üçün anlaşılmaz idi. Dinimi dəyişəndən sonra həmin insanlar artıq yaxamdan əl çəkdilər.

- Yəni dinini dəyişmək kənar təsirlər sayəsində oldu?

- Demək olar ki...

- Şəxsi həyatda vəziyyət necədir?

- İki universitet oxuyuram, idmanla məşğulam. Gündə iki dəfə məşq edirəm, dərs oxuyuram. Beləliklə, şəxsi həyata ayırmağa vaxtım qalmır. Sosial hesabımda da belə bir status yazmışdım “12 fevral, 13 fevral, nə isə, 15 fevral” (gülür). Yəni ki, sevgilim yoxdur və belə şeyləri qeyd etməyi mənasız hesab edirəm. Şəxsi həyata vaxt ayırsam, digər işlərimə zaman qalmayacaq. Düşünürəm ki, şəxsi həyatımı sonra da qura bilərəm. İndi əsas olan karyeram və dərslərimdir. Ailə, həyat yoldaşı həmişə tapılar. İndi öz ayaqlarımın üstündə durmaq üçün çalışıram.

- Sevgilinin idmançı olmasını istəyədin? Yoxsa, sənin üçün fərq etmir?

- Onu oturub fikirləşmək düzgün deyil. Allahın öhdəsinə buraxmışam. Oturub yalvarmıram ki, gələcəyim belə bir insanla olsun (gülür).

- Fiziki cəhətdən səndən zəif olsa necə?

- Təbii ki, məndən zəif olacaq (gülür).

- 22 yaş, qadın, taekvondo, xristianlıq. Bunlar hamısı ağır gəlmir?

- 18 yaşıma qədər problemlər yaşayırdım. Ancaq sonra vəziyyət dəyişməyə başladı. Düşüncələr, həyata baxış formalaşdı. Getdikcə hər şeyi öz rəfinə yığmağı bacardım.

“Oğlanlar yaxınlaşıb “qaqaş, siqaretin olmaz?” deyirlər”

- Üstəgəl kişisayağı tərz...

- Aha. Heç kimin gözündən qaçamayan tərzim (gülür). Belə çox rahatam. Sırf bu tərz təzyiqlər səbəbilə dinimi dəyişdim. Ancaq hər zaman doğru bildiyim yollardan getməyi üstün tuturam və gedirəm. Təzyiqlər həmişə olur. Bir dəfə davam gətirə bilmədinsə, heç vaxt qarşısını ala bilməyəcəksən. Stilimi, tərzimi dəyişmək istəyən çox adam oldu. Ancaq mən istəmədim. Bir dəfə fotosessiya etdirdik. Makiyaj, qadın geyimi, hündürdaban ayaqqabı filan. Atam mənə birtəhər baxdı ki, niyə belə geyinmisən.

Doqquz yaşımdan Bakıdayam və təkəm. Uşaq vaxtı axşam qaranlıqda məşqdən çıxırdım və təkbaşıma Əcəmi kimi bir yerdə evə gedirdim. Orada bir qız uşağı kimi geyinib gəzsəydim, başıma çox hadisələr gələrdi. Ancaq belə idman geyimində, böyük çanta ilə olanda heç bir problem yaşamırdım. Ən çoxu oğlanlar yaxınlaşıb “qaqaş, siqaretin olmaz?” deyirdilər (gülür). Bu tərzdə vaxt baxımından da işimə yarayır: makiyaja vaxt ayırmıram.

- Məşqçi kimi fəaliyyət göstərmək planın var?

- Hazırda vaxtım yoxdur.Ancaq gələcəkdə niyə də olmasın? Bir professional idmançı kimi gələcəkdə öz təcrübələrimi gənc nəsillərlə bölüşmək istəyirəm. Valideynlər sosial şəbəkələrdə çox yazıb xahiş edirlər ki, uşaqlarına dərs keçim. Ancaq özüm keçə bilməsəm də, məşqçim Səbuhi Zülfüqarovu məsləhət görürəm.

- Adətən, hərbçilər, idmançılar incəsənətin müəyyən sahələri ilə məşğul olurlar. Bəs sənin hobbin nədir?

- Rəsm çəkməyi çox sevirəm. Foto çəkməyi də xoşlayıram, ancaq rəsm məni sakitləşdirir və zamanımı səmərəli keçirirəm. Bundan başqa siyasətlə bağlı nələrsə oxumağı sevirəm.

- Gələcəkdə səni uğurlu bir siyasətçi kimi görə bilərik?

- Ola bilər. İstəyərəm.

- Sosial şəbəkələrlə, izləyicilərinlə aran yaxşıdır. Aktiv istifadə edirsən sosial mediadan?

- Yazanlar çox olur. Hamısını cavablandırmağa çalışıram. Çox insan məni sosial şəbəkələr vasitəsilə tanıyır. Elə bilirlər ki, çox eqoist, özündənrazı biriyəm. Ancaq nə qədər uğur qazansam da, çalışıram ki, “bar gətirdikcə” başımı aşağı əyim. Qazandığım hörməti itirməmək üçün əlimdən gələni edirəm. Olimpiya çempionu olsam belə, insanların məni özündənrazı, yekəbaş biri kimi tanımasına icazə verə bilmərəm.

“Mənə evlilik təklif edənlərin əksəriyyəti...”

- Özünü bir ev qadını kimi təsəvvür edə bilirsənmi?

- Yox, heç mənlik deyil. Düzdür, evdə bütün işləri özüm görürəm. Yemək bişirirəm, paltarlarımı özüm qaydaya salıram. Ancaq özümü evdar qadın kimi təsəvvür edə bilmirəm. Ancaq hüquq diplomumu alandan sonra özümə iş yeri açmağı, yəni iş qadını olmağı düşünürəm. Çünki evdə otura bilmərəm. Hiperaktiv biri üçün evdə oturmaq depressiya mənbəyidir.

- Tək yaşamağın çətinlikləri varmı?

- Heç bir çətinliyi yoxdur. Sadəcə evdən çıxanda pişiklərimə baxacaq kimsə olmur (gülür).

- Keçən il evinə oğrular girmişdi. Ancaq kim olduğunu bu yaxınlarda öyrəndin. Tandığın adamlar olduğunu biləndə necə qarşıladın?

- Hə. Rəfiqəmin sevgilisi idi. Ancaq onu tanımıram. Bu işdə rəfiqəmin əli olub-olmadığını deyə bilmərəm. Çünki bunun isbatı yoxdur. Məsələyə professional yanaşıram və inanmıram ki, rəfiqəmin bu işdə əli var. Özü də “ikinci yarısına” görə üzr istədi və kompensasiya ödəyəcəyini dedi.

- Əks cinsin nümayəndələrinin sənə münasibəti necədir?

- Xoşlamıram yanımda oğlan olsun. Özümü rahat hiss etmirəm. Əsasən, sosial şəbəkələrdən tapırlar məni. Dostluq göndərirlər, hətta evlilik təklif edirlər. Deyirəm, ay qurban olum, get bir özünə bax, sonra mənə bax. Seçilmirik, heç biz.

Cavanıq e biz. Mənim hələ 22 yaşım var. İndi ailə, sevgili düşünsəm, nə karyera qura biləcəm, nə də normal ailə. Hazırda 25 yaşa qədər heç bir oğlan ciddi münasibətə hazır deyil. Evim, maşınım, normal maaşım var. Ancaq mənə evlilik təklif edənlərin əksəriyyətində bunlar yoxdur. Onlar hazıra gəlmək istəyirlər.

“Hər dəfə çempion olan kimi eşq elanları gəlir”

- Məqsədlərini hiss edirsən də yəqin?

- Əlbəttə. Çünki nədənsə evlilik təklif edənlər Avropa Oyunları, Çempionat, Olimpiya Oyunlarından sonra peyda olurlar (gülür). Nədənsə eşqləri məhz mən çempion olanda biruzə verir.

- Qarşı tərəfin maddi imkanlarını önəmsəyirsən?

- Bu əsas deyil. Ancaq ailə qurmaq istəyənlərin məhz mən nələrsə qazandıqdan sonra üzə çıxması onların niyyətini göstərir ki, söhbət əslində mən yox, mənim var-dövlətimdədir. Mənim üçün önəmli olan insanlıqdır. Təəssüf ki, qarşıma çıxanlarda buna rast gəlməmişəm...

- Gənclərə nə məsləhət görərdin?

- Oxusunlar, karyera qursunlar. “14 fevral”, ay nə bilim, “evdə qaldım” söhbətləri boş şeylərdir. Kişi oxumaya bilər. Ancaq qadın gələcəyi üçün, övladları üçün mütləq təhsil almalıdır. Sabah başına bir iş gəlsə, övladlarını saxlaya bilmək üçün lazımsız işlərə baş qoşmasın. Önəmli deyil ki, professional idmanla məşğul olsunlar. Ancaq sağlam həyat üçün idman önəmlidir.

- Əziz Fəridə, sənə vurduğun zərbələr qədər uğur, şans arzu edirəm. Səndən Olimpiya çempionu olandan sonra ilk müsahibəni mənə vermək sözünü almaq istəyirəm.

- Mütləq.

Zümrüd Kərimova,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm