Azərbaycanı silkələyən mahnının müəllifindən İNANILMAZ SÖZLƏR: "Qadınlar "ərim olsun" deyə..."
Bizi izləyin

Xüsusi

Azərbaycanı silkələyən mahnının müəllifindən İNANILMAZ SÖZLƏR: "Qadınlar "ərim olsun" deyə..."

Geyimimiz, hüququmuz bir idi, Şagird idi hamımızın adı da. Elə bil ki, boyumuz da eyniydi, aman Allah, nə xoşbəxtdik biz onda.

Dünya hələ bizim üçün nağıldı, Min arzuyla alışardıq yanırdıq, özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq...

Məşhur “Məktəb illəri” mahnısı hər kəsdə nostalji hisslər oyadıb, son zəng gününü xatırlatsa da, Kəmalə Abıyevanın müəllifi olduğu bu sözləri yazmağa vadar edən səbəb sinif yoldaşlarının başına gələn dəhşətli hadisələr olub.

Yazıçı Aysel Əlizadənin anası və tanınmış şairə Kəmalə Abıyeva Publika.az-a verdiyi müsahibəsində “Məktəb illəri”nin yaranma əhvalatından, yaradıcılığından, ədəbiyyat sevgisindən, poeziya dünyasından, keşməkeşli həyatından, qızından və nəvəsindən, həmçinin onu narahat edən mövzulardan danışıb.

(II hissə)

Birinci yazını buradan oxuya bilərsiniz!

- Müəlliməliyə yeni başladığınız dövrlərdə Abşeron rayonunda Vodakaçka adlı kiçik bir kənddə məktəbə gəlməyən uşaqları evlərinə gedib özünüz dərsə gətirmisiniz. Hətta onları ayaqlarında qaloş şəhərə tamaşaya, sirkə, gəzintiyə aparmısınız. Belə müəllimlərin olduğunu bilmək insana qürur verir. Tələbələriniz onda, yoxsa indi dəyərinizi və qədrinizi daha çox bilir?

- İndi də o addımlarımdan qürur duyuram. Nə etmişəmsə, cəmiyyətim, xalqım, Vətənim, dövlətim üçün, insanlıq üçün etmişəm. Ən əvəzsiz, ən böyük iş dəyərli vətəndaş - insan yetişdirməkdir. Sizə səmimi və həqiqəti deyirəm: məni elə ən çox şagirdlərim qiymətləndirib. Onlardan o qədər sevgi görmüşəm ki,.. Bəlkə feysbuk səhifəmdə onların sözlərinə rast gələrsiniz. Elə sözlər deyirlər, elə ifadələr tapırlar ki, çox vaxt kövrəlirəm. İndi yenilik kimi tətbiq olunan üsulları mən elə müəllimliyimin ilk günlərindən həyata keçirmişəm. Hər şagirdin fikrinə, özünə hörmət etmişəm, dost olmuşam. O hörməti də görmüşəm. Əvvəlki illərdə Qabaqcıl təhsil işçisi adını almışam. Hesab edirəm ki, ən azı “Məktəb illəri” nə qədər yaşayacaqsa, mən də o qədər yaşayacağam.

- Şagirdləriniz dostluq münasibətlərinizi qiymətləndirir?

- Təbii ki, dostluq münasibətlərini qiymətləndirirlər. Məktəbdən getmək şansım olub. Amma uşaqlar safdır, daha təmizdir, göründükləri kimidirlər, onlarla çalışmaq mənə rahat olub. Bəlkə də özümü qoruyub saxlamağımın səbəbi məhz elə şagirdlərimdir.

- Bir müsahibənizdə oxumuşdum ki, ədəbiyyata uşaqlıqdan bağlı olmusunuz, lakin ananız fizika-riyaziyyat müəllimi olduğundan sizi də bu sahəyə yönləndirib. Söz, sənət aşiqi olan həssas bir xanım Fizikanı özünə necə sevdirə bildi?

- Mən əlaçı, yəni bütün fənlərdə birincilərdən olmuşam. Fizika müəlliməm Töhfə xanımın ən sevimli şagirdiydim. Riyaziyyatdan məni üstələyən olmayıb. Sadəcə dil - ədəbiyyatsız özümü təsəvvür etmirdim. Daha dəqiq desəm, fizika müəllimi olmaq haqda heç düşünmürdüm. Fizika elmini və müəllimliyi ayrı-ayrılıqda sevmişəm. Fizika müəllimi olmağı arzulamamışam. Çətindir... Təbii ki, anama qarşı çıxa bilərdim. İndiyə kimi də düşünürəm “Niyə etmədim?”

- Üsyankar olmadığınızı, azla qane olan xanım olduğunuzu demisiniz. Həyatınızı bu cür qurduğunuz üçün peşman deyilsiniz ki? Yaşa dolduqdan sonra da qəlbinizdə etiraz ruhu baş qaldırmadı?

- Şəxsi həyatımda olanlara üsyankar olmamışam, amma cəmiyyətdə, yəni hamını narahat edən məsələlərə qarşı çıxmışam. Düşünürəm ki, günah özümdə olub. İkinci təhsil ala bilərdim. Peşmanam, çox peşmanam. Aza qane olmaq heç də yaxşı hal deyil. Çox şeylər edə bilərdim...

- Kəmalə xanım, qızınız da öz imzası ilə kifayət qədər tanınan və öz oxucuları olan yazıçıdır. Yəqin ki, bir-birinizin ilk tənqidçisi elə özünüz olursunuz...

- Qızım televiziyadan ayrılanda çox əziyyət çəkirdi. Efiri sevir. Aysel kimi aparıcı varmı? Gözəlliyi, nitqi, səsi, savadı bir-birini tamamlasın. Yoxdur. Elə o illərdən şeirlər, yazılar yazırdı. Mühakiməsinə bələd idim. Ona dedim ki, efirdən deyilən sözlər itib-batır. Sən bu kafayla nələr yazarsan, nələr... İlk yazılarını, şeirlərini oxuyanda əmin idim ki, o, imza olacaq. Onda bütün yazılarını oxuyurdum. İndi özü istəyəndə oxuyur mənə və ya oxumağa verir. Mənsə həmişə istəyirəm ki, o, mənim yazılarımı oxusun. Əlbəttə, bir-birimizin tənqidçisiyik.

- Aysel Əlizadə bu yaxınlarda feysbukda yazmışdı ki, qızınız olmaq onun üçün böyük şərəfdir. Bəs Aysel Əlizadənin anası olmaq necə duyğudur?

- Mən istənilən bir məzunumun uğuruna sevinirəm, o ki o məzun qızım ola. Bəzən özümü “Aysel Əlizadənin anasıyam” deyə təqdim edirəm. O qədər qürur duyuram, o qədər məmnunam bu halımdan. O qədər tərifləyirlər ki, onu... Möhtəşəm imza möhtəşəm duyğular yaşadır.

- Müsahibəyə hazırlaşanda haqqınızda bir neçə məqalə və yazı oxudum. Bir dəfə etiraf etmisiniz ki, hər ikiniz: qızınız da, siz də həm gözəlsiniz, həm də fərqlisiniz. Qadın üçün gözəllik həyatının hansı yerində dayanmalıdır? Gözəllik həmişə xoşbəxtlik gətirir?

- Elədir. Gözəllik gözəldir, amma həm də başabəladır. Bir də var istedad və gözəllik. Bu ikiqat bəladır, xüsusən bizdə. Belə olmasaydı, qızım çox sevdiyi efirdən uzaqlaşmazdı. O qədər əziyyət çəkməzdi. Xoşbəxtliksə, yaşamın özü kimi nisbidir. İnsanın yaşadığı əzabların içində də xoşbəxt olduğu vaxtlar olur. Amma gözəllik, istedad, yaxud da zəhmət xoşbəxt olmağa yetmir. Yalnız ağıl. Yəni həqiqəti demək lazım gələndə, güləndə, yalan danışanda belə ağlın işləməlidir.

- Sizcə, gözəl qadın seviləsi və əlçatmaz olmaq deməkdir?

- Hər bir insan sevilir və əlçatan olur. Konkret desəm, gözəl qadın sevilən və əlçatmaz deyil. Ağıllı qadın sevilən və daha çox əlçatmazdır.

- Taleyinizlə tanış olanda məni məyus edən məqamlar oldu. Növbəti sualımı hədsizlik kimi qəbul etməyin, sizi incitsəm, əvvəlcədən üzrümü qəbul edin. Bir övlad, qadın və ana kimi ailə xoşbəxtliyi sizinçün tam olmayıb... Qadının xoşbəxt olması və həyatdan zövq alması üçün işdə qazanılan uğurlar kifayət edirmi? Yoxsa, qadının gözləri və qəlbi hər zaman "Sehrli çıraq" kimi onun bütün xəyallarını gerçəkləşdirən qəhrəmanın həsrəti ilə yaşayır?

- Məncə, hər kəsin “Sehrli çıraq” həsrəti var. Mən ağılsız, ya o həsrəti anlamayan biriylə bərabər olmağı daha çox bədbəxtlik hesab edirəm. Bizdə “xoşbəxtəm” deyən qadın, müəyyən səbəblər gətirib “dözdüm” deyənlərdən dəfələrlə azdır. Anamla atam bir-birini seviblər. Bu, onların ilk və son sevgisi olub. Anam ilk Stalin təqaüdü alan tələbə, habelə alim olub. İkisi də dünyasını dəyişib, onları incitməyim. Özüm sevilən qadın olmuşam. Qızımın atası son gününəcən “Səndən başqasını sevmədim”, - deyib. Sadəcə mən ona azadlıq vermişdim. O, bu azadlığı dəyərləndirə bilmədi, səhvlər etdi. Deməli, fərqliydik. Amma həyatı boyu mənə tam fərqli, məhz əlçatmaz qadın kimi baxıb. Həm də həmişə azadlıq xoşbəxtlik gətirmir. Dediyim kimi, xoşbəxtlik nisbi bir hissdir, duyğudur. Yaşadığın, duyduğun vaxtlar da var, hətta görmədiyin, yanından ötdüyün anlar da. Yaradıcı insanların, kişi, ya qadın olsun, fərqi yoxdur, xoşbəxtliyi onların yaratdıqlarıyla daha çox bağlıdır. Bu kənardan qəribə görünə bilər, amma həqiqətdir.

- Keçmiş müsahibələrinizdən daha bir sitat gətirmək istəyirəm: “Qadınlar pis həyat yoldaşını bağışlayar bəlkə, amma pis atanı yox. Düşünürəm ki, qadınlarımız düzgün yaşamır”. Sizcə, qadınlarımız nəyi düzgün yaşamır?

- Qadınlar “yaxşı atadır” deyə pis həyat yoldaşını bağışlayırlar, dözürlər. Bu başadüşüləndir. Amma “yüklü” yaşayırlar. Məsələn, xarab lampa, ya qıfıl haqda özüm düşünürəmsə, bazardan yüklənib gəlirəmsə, kişi nə üçündür? Mən qadını məişət problemləri, mənəvi problemlərlə yükləyən kişiləri anlamıram. Belə kişi lazım deyil. Və indiki zamanda “qadın azadlığı, qadın hüquqları” problemi varsa, deməli, qadınlar düzgün yaşamır. Biz ümumiyyətlə, millət olaraq düzgün yaşamırıq, çünki şəxsimizə düzgün yanaşmırıq. “Milli dəyər”, “milli” sözü qulaq deşir. Bizimçün övladımızın xoşbəxtliyi deyil, onun ailə qurmağı “milli dəyər”dir. Ərə getməyən qıza bədbəxt kimi baxırıq. Amma o qız onu bədbəxt edəcək adama getmədiyi üçün daha xoşbəxtdir. Mən dözənləri, “ərim olsun” deyə dözən qadınları da anlamıram. 40 ildən çoxdur işləyirəm. Övladının təhsili, təlimi ilə maraqlanıb məktəbin qapısını açan 40 atanı bir yerə toplaya bilmirəm. Yadıma gəlmir. Bu, nə ailə olur, nə xoşbəxt övlad, nə də xoşbəxt ata. Həm də hamının dünyagörüşü, həyata münasibəti, anlamı eyni deyil. Bişirdiyi dolmanı yeyən kişiyə baxıb xoşbəxt olanlar da var. Mən bir az idealistəm, yəqin. Qadınlar öz mənlərini düzgün yaşamırlar. Qurban kimi yaşayırlar.

- Yaxşı atadan danışdıq... Demisiniz ki, Ana olmaq istəyən xanım “Ata” deyiləcək birini yox, Ata olacaq birini seçməyi bacarmalıdır” .

- Uğursuz ailələrdə böyüyən uşaqlar daha yarımçıqdır, inanın ki, çox görmüşəm. 10-15 yaşlarında anasını dözdüyü üçün qınayan, bir evdə atası ilə aylarla danışmayan, evdən qovan o qədər uşaqları tanımışam ki. Hətta qarşımda “Mən uşaqlara görə dözdüm, indi məni qınayırlar” deyə ağlayan cavan analar da olub. Və tək ananın böyütdüyü xoşbəxt, dəyərli, həsəd aparılası şagirdlərim çox olub. Təbii ki, uğurlu, sevgi dolu ailə hər kəsin o “Sehrli çıraqdan” arzulaya biləcəyi ən böyük sərvətdir.

- Övladlar pis ataları bağışlayırlarmı?

- Bağışlamırlar. Yanında olan pis ata da, yanında olmayan ata da yad qalır. Uşaq böyüdükcə, ata günahı da böyüyür. Ən yaxşısı bağışlanmayacaq səhvlər, günahlar etməyək.

- Hazırda qızınız Ayselin həyatında ağrılı dönəmdir. Təəssüf ki, həyat yoldaşı Ramin bəy həbsdədir. Ona necə dəstək olursunuz. Sizcə, qadına çətin günlərində güc verən ən böyük qüvvə nədir?

- Bu haqda danışmaq istəməzdim. Bu hadisə ilə bağlı lazımsız yazılar verməyən mediaya təşəkkür edirəm. Nə yaxşı ki, insanı, insan taleyini düşünənlər var. Bu xəbərlə bağlı ilk olaraq jurmalist Namidə xanım əlaqə saxlamışdı. Xahiş etdim ki, bu ağrılı hadisəni daha da ağırlaşdırmasınlar. Açıqlamanı verdi. Ona da təşəkkür edirəm. Dəstək olanlara da. Mən bacardığım kimi dəstək oluram. Əslində Aysel bu gün qazandıqlarına əziyyəti, zəhməti ilə nail olub. Bu hadisə balam üçün çox oldu. İstəmirəm ki, ədalətə olan inamını itirsin. İnsana, eləcə də qadına güc verən onun özünə inamıdır, öz həqiqətidir.

- Sizi kədərləndirdim... Nəvənizdən danışaq. Kitabı çıxıb, bu münasibətlə sizi təbrik edirəm.

- “İzelin nağılları” adlı kitabı çıxıb. Maraqlıdır. Hadisələrə öz yanaşmasıdır. Ən kiçikyaşlı yazardı. Əslində hadisədir. Təhsil Nazirliyi buna diqqət ayırmalı idi: ikinci sinif şagirdidir. İzel öz sözünü deyəcək. Dünyanın gözəlliyi ondadır elə bil. Çox azad, şən, sevinc, sevgi doludur, İzel. Kədərlənmir heç. Kaş ki, uşaqlar kədərlənməyə. Kaş ki, sevincləri də onlarla böyüyə...

- 40 illik təcrübəsi olan müəllim yay tətilini necə və harada keçirir? Sözün əsl mənasında dincələ bilirmi?

- Sağ olsun Bakı Şəhər Təhsil İdarəsinin Həmkarlar Təşkilatının sədri Elçin Həmidov. Onun sayəsində Lerikdə oldum. İstirahət məkanını çox bəyənməsəm də, pis də olmadı. Mən istəyən təbiət-çay, meşə, dağ...

- Azərbaycan qadınının fiziki, ya mənəvi rahatlığa, dincliyə ehtiyacı var?

- Ay gözəl qızım, kimin fiziki, ya mənəvi rahatlığa ehtiyacı yoxdur ki? Bizə təminatlı, hər şeyi var kimi görünənlər var ha, onların daha çox ehtiyacı var. Qadınlarınsa, rahatlığa daha çox ehtiyacı və haqqı var.

- Kəmalə xanım, müsahibə üçün minnətdaram. Sonda sizə bir sirr açım, 6 il əvvəl mənim ilk müsahibəm Aysel Əlizadədə ilə olub. Təxminən elə bu vaxtlar idi. Odur ki, sizinlə tanışlıqdan və bu söhbətdən ikiqat məmnunluq duydum.

- Çox sağ olun, mənim üçün də xoş oldu. Əslində suallar maraqlı idi. Nə qədər çalışsam da bir - iki cümlə ilə cavablandıra bilmədim. Olsun. Sevənlərimiz də, sevməyənlərimiz də oxuyacaq.

Aytən,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm