Azərbaycanlı məşhur prezident qızının filmində ən təhlükəli fəndləri yerinə yetirdi - FOTO/VİDEO
Bizi izləyin

Xüsusi

Azərbaycanlı məşhur prezident qızının filmində ən təhlükəli fəndləri yerinə yetirdi - FOTO/VİDEO

Azərbaycanda peşəkar kaskadyor sənəti ilə məşğul olan, beynəlxalq “Nomad Stunts” peşəkar kaskadyorlar qrupunun Azərbaycandakı nümayəndəsi, peşəkar idmançı, aktyor Sain Fərhad Fərmanlı Qazaxıstan prezidentinin qızı Aliyə Nazarbayevanın prodüseri olduğu “Tomris” filmində rol alıb.

Publika.az xəbər verir ki, bu barədə S.F.Fərman özü məlumat verib. Onun sözlərinə görə, filmin çəkilişləri artıq başa çatıb. Sain Fərhad Fərmanlı film haqqında təəssüratlarını və təcrübəsini bizimlə bölüşüb. O, “Tomris” filminin çox böyük uğur qazanacağına əminlik ifadə edib.

Sain Fərhad Fərmanlı döyüş film janrının inkişafı, döyüş növlərinin təbliği, aktyorların döyüş səhnələri üçün hazırlanması, döyüş səhnələrinin xoreoqrafiyası, kaskadyorluq, fitness və idmanın təbliği ilə məşğul olur.

Rejissoru Akan Satayev olduğu film Qazaxıstan mədəniyyət nazirliyinin sifarişi ilə Şaken Aymanov adına “Qazaxfilm” kinostudiyası tərəfindən istehsal olunub. Ekran işi eramızdan əvvəl VI əsrdə Azərbaycanın ilk qadın hökmdarı Tomrisin başçılıq etdiyi sak tayfalarının fars istilaçılarına qarşı mübarizəsindən danışır. Layihə məşhur çariça Tomrisin qəhrəmanlığına həsr olunub.

- Qazaxıstan istehsalı olan tarixi filmdə rol almısınız. Çəkiliş prosesində qazandığınız təcrübə və təəssüratlarınızı bizimlə paylaşa bilərsiniz?

- Ekran işində II Kirin ordusunda ölməz ləqəbi ilə tanınan əsgərlərdən birini canlandırmışam. Özümə məxsus bir neçə döyüş səhnələrim var. Ümumiyyətlə, filmdə komandamla bərabər kaskadyor kimi fəaliyyət göstərdik. Məndən savayı Tural Şirməmmədov, Emin Abışov, Tural Xəlilli və Vüqar Məmmədov var idi. Vüqar filmdə marşal rolunda çəkilib.

- Necə oldu ki, bu filmə dəvət aldınız?

- “Beynəlxalq Nomand Stunts” peşəkar kaskadyorlar qrupunun rəsmi üzviyəm. “Nomad Stunts” komandasının rəhbəri Jaydarbek Kunqujinovdan bizə müraciət edəndə dərhal razılaşdıq. Gələcəkdə rəhbəri olduğum “Sain’s Action Team” komandamın üzvlərini də “Nomad Stunts”-a üzv etməyi düşünürəm. Qürur duyuram ki, tarixi qəhrəman Tomrisin həyatından bəhs edən dünya səviyyəli belə bir filmə dəvət aldıq.

- Rejissoru kimdir?

- Azərbaycanda daha çox “Rekitir” filmi ilə tanınan Akan Satayevdir.

- Sizdən razı qaldı?

- Şübhəsiz! Akan Satayev Azərbaycan kaskadyorlarına xüsusi minnətdarlığını bildirdi və söylədi ki, işimizdən məmnun qalıb. Bu tanışlıq hər iki tərəf üçün yaddaqalan oldu. İnanıram ki, onunla gələcəkdə də əməkdaşlığımız davam edəcək.

- Filmi azərbaycanlı tamaşaçılar yerli kinoteatrlarda izləmək şansı qazanacaq?

- Filmin Azərbaycanda təqdimatı haqqında dəqiq məlumat verə bilməyəcəm. Döyüş səhnələrimiz artıq bitib, təqdimat mərasimi 2019-cu ildə baş tutacaq. Lakin dəqiq tarix hələ bəlli deyil. Hər halda mən təşkilatçılara belə bir təklif irəli sürdüm. Ümid edək ki, bizim kinoteatrlarda da nümayiş olunar.

- Yəqin ki, çəkilişlərdə qarşılaşdığınız çətinliklər olub.

- Kaskadyorluq özü riskli sənətdir. Lakin illər ərzində topladığım təcrübə və peşəkarlıq sayəsində bu çətinliklərin öhdəsindən gəldik.

Fəndlər müxtəlif idi: qılınc oynatma, at minmə, atdan düşmə, fərqli akrobatik hərəkətlər və s. Ümumilikdə hər bir hərəkət çətin idi, çünki hər an travma ala bilərdin. Azərbaycanlı kaskadyor qrupu atlarla hər gün saatlarla işləməli olurdu. Əsas çətinlik o idi ki, zirehli geyimdə bizə çox isti idi. Döyüş səhnəsində mən atın ayaqlarının altında qaldım və zədə aldım, Emin Abışov isə at və araba arasında sıxışmışdı. Tural Xəlilin oynadığı döyüş arabasından insanları yıxma səhnəsi asan başa gəlmədi. Çünki araba çox ağır idi. Amma sonda alındı.

Bundan başqa ssenaridə olmayan, yazılmayan fəndlər və improvizə döyüş səhnələri də oldu.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm